image-84backend

Azərbaycanın “Telefonçu qız”ı

image-reklam_sirab_01

Azərbaycanda “Telefonçu qız” bədii filminə baxmamış az insan olar.

Tanınmış kino rejissoru Həsən Seyidbəylinin 1962-ci ildə lentə aldığı bu ekran əsərinin qəhrəmanı olan qızların sənətini bu gün də yaşadanlar var. Baxmayaraq ki, 60 il bundan əvvəllə müqayisədə Azərbaycanda rabitə sahəsi kifayət qədər inkişaf edib, mobil rabitə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Vətəninfo.az-ın qəhrəmanı Svetlana Maslova isə bu gün “Telefonçu qız” olmasa da, 1986-98-ci illərdə Bakıdakı ATS-lərdən birində çalışıb. Bu gün ölkəmizdə qeyd olunan rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramının müəyyən qədər ona da aidiyyəti var.

Svetlana xanım deyir ki, o vaxtilə “Telefonçu qız” kimi neft sənayesində çalışanlara xidmət göstərib: “Hazırda rabitə sektorunda işləmək əvvəlki illərdə olduğu qədər çətin deyil. Bizim üzərimizə böyük məsuliyyət düşürdü. Neft sənayesi işçilərinə xidmət göstərirdik və çalışırdıq ki, heç bir nöqsana yol verməyək. Çünki adi səhvlər böyük problemlərə yol aça bilərdi”.

“Qollarının uzunluğuna baxıb demişdilər ki, məhz bu iş üçün yaradılmısan”

Müsahibim deyir ki, o, “kommutator” adlanan avadanlığın arxasına 21 yaşında əyləşib: “Bu, daxili və beynəlxalq rabitəni təmin edən bir avadanlıq idi. Mənim işlədiyim ancaq yerli şəbəkə üçün idi. Burada abunəçiləri əlaqələndirirdik. Müraciət olanda lampalar yanırdı, abunəçi kiminlə əlaqələndirilmək istədiyini deyirdi. Biz də ştepsl vasitəsilə onu istədiyi şəxslə calaşdırırdıq. İşə düzəlmək üçün yoxlanışlardan keçmişdim. Tibbi komissiyanın yoxlanışından keçəndə mənim qollarımın uzunluğuna baxıb demişdilər ki, məhz bu iş üçün yaradılmısan. Qollarım uzun olduğu üçün kommutatorun üzərində işləyərkən əziyyət çəkmirdim.

ATS-miz Bakının Bibiheybətdə yerləşirdi və neft sənayesi üzrə fəaliyyət göstərən müəssisələri əlaqəndirirdik. O vaxt “Azneft”ə tabe idik və o idarə bizi ərzaqla da təmin edirdi”.

“Nömrələri əzbər bilməli idik”

“İndi ATS-lərdə çox sakitlikdir, lakin biz işləyən dövrdə çox səsli-küylü idi. Bütün avadanlıqlar səsli-küylü işləyirdi. Ona görə də işləmək çox çətin idi. Hər telefonçu qızın öz nömrəsi olurdu. Abunəçilər də telefonçu qızların ancaq nömrələrini bilirdilər, ad-soyadını bilmirdilər. Mənim nömrəm ‘‘1’’ idi. Məndə hətta belə bir vərdiş yaranmışdı, evə kim zəng edirdisə, “Alo” demək əvəzinə ‘‘Bir’’ deyirdim. Mən əvvəlcə telefonçu qız olaraq işləməyə başladım, sonra isə stansinar mantyor olaraq işlədim. Hərdən işçilər çatışmayanda digər sahələr üzrə öyrənmək məcburiyyəti yaranırdı. Təbii ki, əlavə iş saatları üçün əlavə pul ödəyirdilər. İşimlə əlaqədar çox gözəl anlarım, xatirələrim var. Biz həmin illərdə gənc idik və bizə hər şey gözəl görünürdü ki, o cür səsli-küylü yerdə işləyə bilirdik. Hazırda o cür şəraitdə mən işləyə bilmərəm. Lakin həmin illərdə hər şey gözəl idi , çünki gənc idik, hər cür problemlə, çətinliklə mübarizə apara biləcək gücdə idik”, – deyə o, bildirib.

Svetlana xanımın sözlərinə görə, telefonçu qız bütün abunəçilərin telefon nömrələrini əzbərdən bilməli idi: “Bir saniyə belə düşünmək imkanı yox idi. Hətta bütün abunəçilərin telefon nömrələrinin olduğu jurnala baxmağa belə imkan verilmirdi. Bizim bir mühəndisimiz var idi, adı Mina xanım idi. O, bizə təlim keçirdi, ATS-də işləyən telefonçu qızların evinə istənilən vaxt, hətta gecə yığırdı və nömrələrio soruşurdu, biz həmin anda, həmin nömrələri dərhal deməli idik. Bunu ona görə edirdilər ki, üzərimizdə işləyək. Hər hansı səhvimiz olanda töhmət ala bilərdik və yaxud da aylıq mükafatlandırılmadan məhrum ola bilərdik”.

“ATS-də yaşlı qadınlar da işləyirdi”

Müsahibim hesab edir ki, qadın səsi heç vaxt qocalmır: “Səs aldadıcıdır. Bəzən 82 yaşlı qadının səsi, 28 yaşlı gənc qızın səsinə bənzəyir. Telefonçu qızı görmür, 70 yaşlı telefonçu xanıma gənc qız olaraq müraciət edirdilər. Abunəçilər üçün mən də gənc qız idim, onlar da gənc qız idilər. Bizim Nadya xanım orta yaşlı idi və hər kəs üçün hər zaman gənc qız idi, onun çox gözəl, həlim səsi var idi. O, hər zaman deyirdi ki, mən abunəçilər üçün gənc qız olaraq qalacağam, gənc qız olaraq da öləcəyəm.

Bəzən abunəçilər zəng edirdilər, digər telefonçu qızların adlarını istəyirdilər: “Həmin qızların öz adlarını deməyə ixtiyarları yox idi. Bizdən çox təkidlə istəyirdilər, biz də adı demək məcburiyyətində qalırdıq. Abunəçi ona görə nömrəni istəyirdi ki, danışdığı, səsi xoşuna gəlmiş telefonçu qızı tanımaq istəyirdi”.

Ağır günlər

1990-cı ilin 20 yanvar faciəsini görmüş S.Maslova həmin ağır günlərdə işdə olduqlarını deyir: “Bakıda komendant saatı tətbiq edilirdi. Hətta bir dəfə SSRİ -nin komendantları bizim ATS-ə gəldilər, silahlarla içəri girdilər, yoxlamağa başladılar. ATS-i tamamilə gəzdilər. Bizim telefonçu qızlardan biri olan Nadiya xanım məlumatlı deyildi. Onun xəstəliyi var idi və Sovet ordusunun zabitləri telefonçu qızların olduğu otağa girəndə həmin xanımın vəziyyəti pisləşdi.

Mən həmişə küçələrdə hərəkət edən tankların səsindən qorxurdum. 20 Yanvar faciəsi, sovet qoşunlarının şəhərdə hərəkəti mənim üçün ən ağır günlərdən idi. Gecə növbəsində olanda adam lap qorxurdu. Amma bu anları yaşadıq, arxada qoydum. Gənclik illərimiz çox çətin, ağır dövrə təsadüf etdi”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki