İyulun 1-dən etibarən “Bakı Kart” kartlarının satış qiymətinin 2 manatdan 3 manata qaldırılması ictimai nəqliyyatdan istifadə edən minlərlə vətəndaşın diqqətini çəkib. Son illər artan xərclər, nəqliyyat sektorunda müşahidə olunan maliyyə çətinlikləri və dövlət subsidiyalarının yükü fonunda bu qərar müxtəlif müzakirələrə səbəb olub.
Bəs “Bakı Kart”ın qiymətindəki artım gələcəkdə metro və avtobuslarda gediş haqlarının da bahalaşacağının ilk siqnalı sayıla bilərmi?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, qiymət artımının səbəbləri aidiyyəti dövlət qurumları tərəfindən ətraflı izah edilməlidir:
“Əslində əlaqədar dövlət qurumları bunun səbəbini açıqlamalı idilər. Hansı xərclər artıb ki, kartın satış qiyməti də yüksəlib? Təəssüf ki, bununla bağlı ictimaiyyətə hər hansı əsaslandırılmış məlumat verilməyib.
Bu yaxınlarda belə məlumatlar var idi ki, ümumilikdə nəqliyyat sistemi, həm metropoliten, həm də avtobus daşımaları zərərlə fəaliyyət göstərir. Hətta bu məsələ 2025-ci ilin dövlət büdcəsi layihəsində də öz əksini tapmışdı. Yəni sektorun gəlirləri xərclərini tam qarşılamır”.
N.Cəfərli hesab edir ki, “Bakı Kart”ın qiymətindəki artım gələcəkdə digər tarif dəyişikliklərinin başlanğıcı ola bilər:
Ola bilsin ki, bu addım ilkin anons xarakteri daşıyır. Növbəti mərhələdə ictimai nəqliyyatda, o cümlədən avtobus və metro üzrə gediş haqlarının artırılmasının da şahidi ola bilərik. Təəssüf ki, belə bir ehtimalı istisna etmək olmaz”.
Ekspert vurğulayıb ki, tariflərlə bağlı istənilən qərarın iqtisadi əsaslandırması ictimaiyyətə açıq şəkildə təqdim edilməli, vətəndaşlar qiymət artımlarının səbəbləri barədə dolğun məlumatlandırılmalıdır.konkret.az


























