image-photo-2021-12-28-12-57-07backend

Birlik- həmrəylik günü!

image-reklam_sirab_01

Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşmışdırlar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.
Uzun dövr Sovet rejiminin qadağaları, həmçinin İran siyasətinin sərt rejimi həmvətənliləri görüşmək, əlaqələr yaratmaq imkanından məhrum etmişdir. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət etmişdir. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edildi.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərmişdi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrildi. Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirmişdi.
Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesinə böyük əhəmiyyəti olmuşdur. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. 44 günlük müharibədə də hər birimiz bunun şahidi olduq.
Sevinc Hüseyxanova (Bakı Dövlət Universiteti)

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki