Azərbaycanın maliyyə naziri Samir Şərifovun vəzifədən azad olunmasından sonra ölkənin idarəetmə strukturunda ciddi dəyişikliklərin olacağına dair müzakirələr gündəmə gəlib. Bu dəyişikliklərin ən əhəmiyyətli tərəfi isə maliyyə nazirliyinin ləğv olunması və onun yerinə yeni idarəetmə modeli qurulmasıdır.
Yeni struktura görə, Dövlət Gömrük Komitəsi (DGK) və Vergilər Xidməti birləşdirilərək vahid bir idarə yaradılacaq. Bu addım, vergi yığımı və gömrük əməliyyatlarının daha koordinasiyalı şəkildə aparılmasını təmin etməyi məqsəd qoyur. Birləşdirilən struktur, həm də idarəetmə proseslərini sadələşdirərək dövlətin maliyyə sektorunun effektivliyini artırmaq niyyətindədir.
Bəs yeni strukturun yaradılması nə dərəcədə realdır?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli, Ajans.az-a açıqlamasında bildirib ki, dünya təcrübəsində də bir çox ölkənin gəlirləri ilə məşğul olan idarələrin vahid bir mərkəzdən idarə olunması daha məntiqlidir:
“Bu yanaşmanın bir çox ölkələrdə qəbul edilib və bunun Azərbaycanda da tətbiqinin faydalı olacağını düşünürəm. 2019-cu ildə Vergilər Nazirliyinin ləğv edilib İqtisadiyyat Nazirliyində bir departament olaraq birləşdirilməsi doğru bir qərar idi. Lakin, paralel olaraq Dövlət Gömrük Komitəsinin də eyni şəkildə ləğv edilməsi məsələsi gündəmə gəlmişdi və təəssüf ki, bu addım atılmamışdı. DGK və Vergilər Xidmətinin vahid bir idarə altında birləşdirilməsi zəruridir”.
Bununla yanaşı, Natiq Cəfərli, bu yeni idarəetmə modelinin dövlət xidməti olacağını və doğrudan da yaratmağın vacib olduğunu qeyd edib:
“Lakin, Maliyyə Nazirliyinin başqa vacib funksiyaları da mövcuddur. Nazirlik yalnız büdcə gəlirləri ilə deyil, həm də xərclərlə bağlı da cavabdehlik daşıyır. Bu səbəbdən gəlirlərin və xərclərin eyni qurumda toplanması maraqlar konflikti yarada bilər. Bu halda, Maliyyə Nazirliyinin büdcənin nəzarət və xərcləmələrinə nəzarət edən qurum olaraq qalması daha doğru ola bilər”.
DGK və Vergilər Xidmətinin birləşdirilməsi məsələsində isə İqtisadçı, bu addımın ümumilikdə doğru olduğunu düşünür. Onun fikrincə, Dövlət Gömrük Komitəsinin ayrı bir qurum olaraq fəaliyyət göstərməsi məntiqsizdir:
“Əksər ölkələrdə gömrük və vergi xidmətləri birləşdirilir və ya birgə fəaliyyət göstərir. Azərbaycanın da bu istiqamətdə addım atması, həm iqtisadi, həm də idarəetmə baxımından faydalı olacaq. DGK-nın yığdığı vəsaitin böyük əksəriyyətinin büdcə üçün Əlavə Dəyər Vergisidir (ƏDV) və bu gömrük yox, vergi növüdür. Buna görə də, Vergilər Xidmətinin və DGK-nın birləşdirilməsi məntiqli görünür”.
Natiq Cəfərli bu təkliflərin gerçəkləşdirilməsi ilə bağlı hazırlıq işlərinin gedə biləcəyini və yaxın gələcəkdə daha geniş müzakirələrin açılacağını ifadə edib:
“Bu dəyişikliklərin Azərbaycan bürokratik strukturunun optimallaşdırılması və daha səmərəli idarəetmə ilə nəticələnəcəyi gözlənilir. Lakin, maliyyə və vergi sektorunda belə geniş miqyaslı bir dəyişiklikdən sonra yeni strukturun necə fəaliyyət göstərəcəyi və potensial problemlərin necə həll ediləcəyi hələ də aydınlaşmayıb. Bu səbəbdən, yeni idarəetmə modelinin tətbiqi ilə bağlı daha çox müzakirə və hazırlıq dövrü tələb oluna bilər”.