image-1backend

Cənubi Qafqazın yeni xəritəsi yazılır- ŞƏRH

image-reklam_sirab_01

Artıq hər kəs bilir ki, dünyada supergüc olduğunu iddia edən Amerika Birləşmiş Ştatlarında prezident dəyişir. Respublikaçılar Partiyasının namizədi, prezident seçkilərində demokratların namizədi və Co Baydenin ən yaxın silahdaşı – Kamalla Harrisi məğlub edən Donald Tramp Birləşmiş Ştatların yeni prezidentidir. Bu gün keçirilən andiçmə ilə növbəti 4 ilə Ağ evə sahiblik edəcək Trampın Baydenin planet boyu törətdiyi fəlakətlərə necə nöqtə qoyacağı, Amerikanın sarsılmış imicini necə bərpa edəcəyi, ələlxüsus da, Cənubi Qafqazda cərəyan edən proseslərə hansı aspektdən yanaşacağı çoxlarını düşündürür.

image-1
Hər şeydən əvvəl, onu deyək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-2020-ci illərdə dövlət başçısı funksiyasını yerinə yetirən Trampın ilk prezidentlik dönəmində Bakı-Vaşinqton münasibətlərində pozitiv elementlərin daha çox üstünlük təşkil etdiyini bildirir. Həqiqətən də, həmin 4 il ərzində nəinki Prezident ABŞ-nin də fəal olduğu platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırdı, üstəlik, işğalçı Ermənistandan 30 illik haqqını, yəni 20 faiz torpağını geri aldı, ərazi bütövlüyünü təmin etdi. Ermənistan elitasını narahat edən də məhz Trampla bağlı acı xatirələrdir.
Odur ki, ermənilər bu dəfə hiyləgər davranaraq artıq hakimiyyəti tərk edəcəkləri bəlli olan demokratlarla – Baydenin xarici siyasətinə nəzarət edən şəxs – dövlət katibi Antoni Blinkenlə Strateji Tərəfdaşlıq Xartiyasını imzalaya bildilər. Bu gün Azərbaycan ictimaiyyətini narahat edən məsələ sülh sazişinə hələ də “hə” deməyən Ermənistanın ABŞ-nin həm siyasi, həm hərbi dəstəyini təmin etdikdən sonra özünü necə aparacağı, regional proseslərə hansı çalarlar gətirəcəyidir. Əslində, reallıqlar Paşinyan komandası və revanşist ermənilərin hətta Vaşinqtonla hərbi sövdələşməyə girsə belə, Azərbaycanın hərbi qüdrəti qarşısında davam gətirməyəcəyindən xəbər verir. Ancaq hər bir halda, bu addım kövrək sülhə zərbə vurmaqla yanaşı, regionu böyük güclərin hərbi poliqonuna çevirə bilər.
Ermənistan paralel olaraq Avropa İttifaqı ilə quruma üzv olmaq üzrə danışıqlara da başladı. Burada məqsəd tək təşkilatın maliyyə qaynaqlarından yararlanmaq deyil, həm də qurumun siyasi dəstəyini qazanaraq Cənubi Qafqazda mövqeyini möhkəmləndirməkdir. Xüsusilə də, ermənilər Avropa İttifaqının Müşahidə Missiyasının sərhəd bölgəsində fəaliyyət müddətini uzatmağa çalışır. Üstəlik, Avropa Sülh Fondunun xətti ilə silah idxalı Paşinyan hökuməti üçün prioritet məsələdir.
Doğrudur, digər qüvvə mərkəzləri inteqrasiya prosesinin qısa müddətdə həyata keçməyəcəyini düşünürlər. Lakin hələ ki, Paşinyandan tutmuş digər rəsmilərə qədər hər kəs məlum olaya yetərincə pafos qataraq erməni cəmiyyətini necə deyərlər, rahatlamağa çalışır. Məsələn, Ermənistanın baş naziri sosial şəbəkə hesabında atılan addımları balanslaşdırma siyasətinin birinci mərhələsi adlandırır. Nikol Paşinyanın “Sülh-qonşuların əhatəsində xarici dəstəyə ehtiyac olmadan yaşamaq bacarığıdır” tezisi isə onun həyata keçirdiyi dırnaqarası “strateji kursla” tərs mütənasibdir. Əgər söhbət məhz xarici dəstəkdən gedirsə, ermənilər onsuz da uzun illər Rusiya və İranın həm siyasi, həm iqtisadi, həm də hərbi dəstəyindən yararlanıblar. İndiki mərhələdə “masa dəyişdirmək”, Rusiya və İranın dəstəyini ABŞ və Avropa İttifaqı ilə əvəzləmək əsla və əsla təhlükəsizlik maraqları, yaxud da Ermənistan dövlətçiliyi üçün təhdid yarandığı ilə əlaqələndirilə bilməz. Paşinyanın nisbətən bəlağətli görünən açıqlamaları isə bir məqsəd güdür: sələflərinin xəyanət irsini davam etdirmək. Hayların əsl niyyəti “ABŞ və Avropa İttifaqı regiona gəlir” xofu altında Rusiya və ortaqlarından daha çox şey qoparmağa hesablanır.
Ermənistanın hələ Rusiya asılılığından tam xilas olmamış yeni tərəfdaşlarla obrazlı desək, “xarüqələr” yaradacağı tam bir nonsensdir, yalandır, dezinformasiyadır. Bu o deməkdir ki, ABŞ və Avropa İttifaqı ilə həyata keçirilən layihələr dərin strateji baxışlara deyil, cari maraqların təmininə hesablanır. Məsələn,
-Ermənistanda ümumi enerji təchizatının 57 faizi təbii qaz;
-20 faizi nüvə yanacağı;
-11 faizi bərpaolunan enerji mənbələri;
-10 faizi neft;
-2 faizi kömür və digər mənbələr hesabına həyata keçirilir.
Ermənistanın təbii qaza olan tələbatı il ərzində təxminən 3 milyard kubmetrə bərabərdir ki, bunun 2,5 milyardı Rusiyadan alınır. Ermənilər İrandan il ərzində təxminən 400 milyon kubmetrə qədər qaz alır, hədəf idxalı 1,8 milyarda çatdırmaqdır. Lakin hayların “Amerika sevdası” bu planları yarımçıq qoya bilər. Rusiya Ermənistana qazı Avropaya satdığından təxminən 50 faiz ucuza satır. Bu statistikada ermənilər dinamikanı öz xeyirlərinə dəyişməsələr, Vaşinqton və Brüssellə çoxşaxəli əməkdaşlıq, dinc atom enerjisi iddiaları real nəticələr verməyəcək. Əksinə, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri daha praqmatik və rasional meyarlara söykənir. Xüsusilə də, qaz tədarük edən ölkələr kontekstində…
Prezident İlham Əliyevin də dediyi kimi,
-hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir;
-onlardan 10-u Avropa ölkəsidir;
-həmin 10 ölkədən 8-i Avropa İttifaqının üzvüdür.
-ittifaqın bir çox üzvü daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir.
Prezidentin səsləndirdiyi fikirlər reallığı əks etdirir. Hazırda Qərbin Cənubi Qafqaz üzrə əsas biznes maraqları Azərbaycanda cəmləşir. Logistika nöqteyi-nəzərdən daha çox Gürcüstan seçilir. Ermənistan isə yalnız lobbiçilərə və müxtəlif qrant təşkilatlarına ümid edə bilər ki, bu da real siyasət üçün möhkəm təməl sayıla bilməz. Odur ki, Ermənistanda hər kəs Paşinyan kimi düşünmür və onun qədər idealist deyil.

Bölgə dövlətlərinin rəsmi dairələri də hayların son 2 təxribat cəhdinə reaksiya verərək bu addımların Cənubi Qafqazın ümumi sülh arxitekturasına destruktiv təsir göstərəcəyini bildirirlər.

Rusiya tərəfi hesab edir ki, Avropa İttifaqına üzvlük eyni vaxtda Avrasiya İqtisadi İttifaqında iştirakla əsla üst-üstə düşmür. Çünki, bunlar iki fərqli azad ticarət zonaları, tarif və rüsumlardan imtinanın iki fərqli sistemidir.

Bir neçə gün bundan öncə İrəvanda səfərdə olan İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası rəhbərinin erməni rəsmilərinə bir mövzuda sərt xəbərdarlıq etdiyi bildirilir. Söhbət ABŞ və Avropa İttifaqı müşahidə missiyası adı altında bölgəyə xarici agentura şəbəkəsinin gətirilməsindən gedir. Xatırladaq ki, 14 yanvar xartiyası əsasında avropalı müşahidəçilərə paralel regiona amerikalı missiyanın da gələcəyi və onların əsasən, İranla sərhəddə yerləşdiriləcəyi gözlənilir.

O ki, qaldı Gürcüstana, bu gün Gürcüstan Azərbaycanın etibarlı siyasi-iqtisadi tərəfdaşlarından biridir. İndiyədək ölkələrimiz arasında 130-dan çox sənəd imzalanıb. İki ölkə bir çox mühüm layihələrin iştirakçısıdır. Bakı və Tbilisi “Qafqaz evi” ideyasının müəllifləridir. Gürcüstanın baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinə yüksək dəyər verərək təsadüfən “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz” demir.
Gürcüstan rəsmiləri ABŞ və Avropa İttifaqının çevriliş planlarının qarşısının alınması və milli identikliyin qorunması məsələlərində Azərbaycanı örnək aldıqlarını açıq etiraf edirlər.

Qardaş Türkiyə isə ABŞ-nin NATO üzrə yaxın müttəfiqi kimi Ermənistanın son cəhdlərinin regional sülh və iqtisadi əməkdaşlıq proqramlarına hansısa kardinal təsir göstərə biləcəyini düşünmür. Ötən həftə sonu Bakıya səfər edən və Prezident İlham Əliyevlə görüşən Türkiyənin xarici işlər naziri Hakan Fidan bundan sonra da bölgə təhlükəsizliyi məsələsində Azərbaycanla bir addımlayacaqlarını bildirdi. Bütün bunlar o anlama gəlir ki, İrəvanın 14 yanvar xartiyası ilə Cənubi Qafqazın geosiyasi konfiqurasiyasını dəyişəcəyi illüziyadan başqa bir şey deyil. Regionun proqressiv qüvvələri artıq öz seçimlərini ediblər – sülh və tərəqqi. Odur ki, gec-tez siyasi meydanda tək qalacaq Ermənistan da öz addımlarını bu tezislərə uyğunlaşdırmalıdır. Əks halda hazırda sahib olduğu şərti müstəqilliyini də itirəcək.

Əlibala Məhərrəmzadə

Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image