Cəmiyyətimiz qloballaşdıqca onun problemləri də qloballaşır. Qlobal problemlərin həlli isə qlobal münasibət, qlobal yanaşma tələb edir. Başqa sözlə desək, qlobal problemlərin həlli dünya birliyinin bütün üzvlərinin beynəlxalq əməkdaşlığını və onların səylərinin əlaqələndirilməsini zəruri edir. Buna görə də ölkələrdə sənayeləşmə, onun ətraf mühütə vurduğu ziyan, qlobal iqlim dəyişikliyi ilə bağlı problemlər BMT çətiri (Climate Change Conference) altında dəyərləndirilir. Tarixi baxımdan bildirək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzrə yaradılmış COP (Conference of the Parties) 1995-ci ildən başlayaraq hər il keçirilr və bu konfransda iştirak üçün dünyanın hər yerindən hökumət nümayəndələri COP-da iştirak edərək, qlobal səviyyədə iqlim dəyişikləri ilə bağlı meydana gələn problemlərin aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. Xatırladaq ki, COP BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının ən ali qərarverici qurumudur və hazırda 198 ölkə bu təşkilat çərçivəsində birləşmişdir.
Məlumdur ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə 29-cu konfransı Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcəkdir. 11–24 noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80–100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. COP29 Azərbaycanın tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır. Konfrans müddətində Bakı şəhərinə iki həftə ərzində təqribən 80 -100 min xarici qonağın gəlməsi ölkənin iqtisadi, siyasi, turizm həyatına müsbət töhfələrini vermiş olacağı təxmin edilir.
Təəssüflə qeyd etməliyik ki, Qlobal problemlər Azərbaycan cəmiyyətindən də yan keçməmişdir. XX əsrin 90-cı illərində başlayan və hazırda da davam edən millətçilik “xəstəliyi” ermənilər tərəfindən Azərbaycan cəmiyyətinə ciddi ziyanlar vurmuş və nəticədə 20% torpağımız təsərrüfat dövriyyəsindən çıxmışdır. Bu konflikt nəticəsində 1 milyondan çox əhali öz doğma evlərindən qaçqın düşmüş, Qarabağda illərlə qurulan infrastukturu, yaşayış evləri və təbiətin özü belə məhv edilmişdir. 2020-ci ildə Ali baş komandanın İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız azad olunması Qarabağın inkişafında yeni səhifə açmışdır. Belə ki, işğaldan azad edilmiş torpaqların bərpasına başlanılan ilk gündən region “Yaşıl enerji” zonası elan edib. Burada əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqidir. Bununla bağlı 2022–2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Həmçinin qeyd edək ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. aşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Həmçinin Azərbaycanın neft-qaz şirkəti olan SOCAR-ın Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkənin iqlim problemlərinə həssaslığının təzahürüdür.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Konfransa ev sahibliyi etmək zəngin təcrübəyə malik olmaqdan xəbər verir.
Qeyd edək ki, bu konfrans çərçivəsində qardaş Özbəkistanla qarşılıqlı faydalı əməkdaşlıq daha da genişlənəcəkdir. Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq tarixi, mədəni və iqtisadi bağlar üzərində qurulmuş və hər keçən il daha da möhkəmlənməkdədir. İki ölkə arasında əlaqələr təkcə ikitərəfli iqtisadi və siyasi münasibətlərlə məhdudlaşmır, həm də regionda sabitliyin və sülhün təmin edilməsi, iqtisadi inteqrasiya və ekoloji problemlərin həlli istiqamətində birgə səylərə əsaslanır. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycan və Özbəkistanın regionda əməkdaşlığın genişləndirilməsi və sabitliyin qorunması ilə bağlı irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Hazırda dünyada gedən proseslər nəticəsində Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regiondakı sabitlik, müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.
Qeyd etmək lazımdır ki, iki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ildə iki ölkə arasında ilk diplomatik əlaqələr qurulduqdan sonra müstəqil dövlət kimi ölkələrimiz arasında rəsmi əlaqələr başlamış və həmin vaxtdan başlayaraq, iqtisadi, siyasi və mədəni əlaqələr getdikcə daha da möhkəmlənmişdir. Hər iki ölkə beynəlxalq platformalarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatında bir-birinə dəstək göstərir. Dövlət başçıları səviyyəsində keçirilən yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər bu əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edir. İki ölkənin regional təhlükəsizlik, iqtisadi inkişaf və ekoloji problemlərin həlli məsələlərində birgə mövqedə olması, əməkdaşlığın davamlı olmasını təmin edir. Azərbaycan Respublikası İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə isə iki ölkə arasında əməkdaşlıq yeni müstəviyə qədəm qoymuşdur. Bunun ən bariz nümunəsi bu ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasıdır. Həm Azərbaycanın, həm də Özbəkistanın cəmi bir neçə müttəfiqi vardır ki, bu da bəhs olunan sənədin ölkələrimiz arasındakı müansibətlərin nə qədər dəyərli olmasının göstəricisidir. Azərbaycan və Özbəkistan Respublikaları arasında bağlanmış müttəfiqlik müqaviləsi hər iki ölkənin əlaqələrinin dərinləşməsində və strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. Bu müqavilə hər iki ölkənin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, mədəni və humanitar sahələrdə əməkdaşlığını daha da genişləndirir. Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi böyük Zəfərlə yeni geosiyasi reallıqlar yaradıb və Cənubi Qafqazdakı liderlik mövqeyini daha da möhkəmləndirib. Həmçinin son illər aparılan iqtisadi islahatlar nəticəsində əldə edilmiş stabil iqtisadi inkişaf , regionda lider dövlətə çevrilməsi ilə Özbəkistanın regionda və dünyada rolunu daha da artırmışdır. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətləri bütün Cənubi Qafqaz, Transxəzər və Mərkəzi Asiya regionunun təhlükəsizlik və inkişaf konfiqurasiyasında həlledici təsir gücünə malikdir. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər qurumlarda böyük çəkiyə malik olduğunu nəzərə alsaq, bu əməkdaşlığın regional və qlobal proseslərə təsirini xüsusilə qeyd etmək gərəkdir.
COP 29 (İqlim Dəyişiklikləri üzrə Birləşmiş Millətlər Konfransı) çərçivəsində Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq mühüm əhəmiyyət daşıya bilər, çünki hər iki ölkə iqlim dəyişikliyi ilə mübarizədə və ekoloji problemlərin həllində oxşar çağırışlarla üzləşir. Azərbaycan və Özbəkistan hər iki ölkənin enerji sektorunda mühüm oyunçular kimi çıxış edir, lakin hər iki ölkə də bərpa olunan enerji mənbələrini inkişaf etdirməyə çalışır. COP 29 çərçivəsində Azərbaycan və Özbəkistan günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, texnologiya və bilik mübadiləsi üzrə əməkdaşlıq edə bilərlər. Bu cür əməkdaşlıq regionun enerji təhlükəsizliyini təmin edə bilər və qlobal səviyyədə karbon emissiyalarını azaltmaq üçün ortaq addımların atılmasına kömək edər. Hər iki ölkə iqlim dəyişikliyi nəticəsində su resurslarının azalması ilə qarşılaşır. Özbəkistan Aral dənizi böhranı kimi ciddi su problemi ilə üz-üzə qalıb, Azərbaycan isə xüsusilə kənd təsərrüfatı sektorunda su qıtlığı ilə mübarizə aparır. COP 29 çərçivəsində su resurslarının idarə edilməsi və sudan davamlı istifadə texnologiyalarının tətbiqi üzrə birgə layihələr həyata keçirilə bilər. Su qıtlığı ilə mübarizə məqsədilə su effektivliyi texnologiyalarının inkişafı və suvarma sistemlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. COP 29 çərçivəsində Azərbaycan və Özbəkistan innovativ texnologiyalar vasitəsilə iqlim dəyişikliyinə uyğunlaşma layihələrində əməkdaşlıq edə bilərlər. Hər iki ölkə rəqəmsal texnologiyalar, yaşıl texnologiyalar və enerji səmərəliliyi sahəsində innovativ həllərin tətbiqində maraqlı ola bilər. Məsələn, enerji istehsalında daha az karbon emissiyası yaradan texnologiyaların birgə işlənib hazırlanması və tətbiqi bu sahədə əməkdaşlığın bir hissəsi ola bilər.
Ümumilikdə, genişlənən əlaqələr və birgə layihələr Azərbaycan və Özbəkistanın regional gücünü artırmaqla yanaşı, onların qlobal səviyyədə də əhəmiyyətli rol oynamasına şərait yaradır. Bu əməkdaşlıq gələcəkdə də hər iki ölkənin inkişafına və rifahına xidmət edəcək.
Mobil Məmmədov