Yevlax-Şəki magistral yolunun üstündə yerləşən Göybulaq kəndinin sakinlərinə bəlkə də çoxları həsəd aparır. Bu kənddən baxanda Böyük Qafqaz dağlarının cənub ətəkləri lap yaxında aydınca görünür. Arxasını dağlara söykəyən Göybulaq kəndi ərazi cəhətdən həm əkinçilik, həm də heyvandarlıqla məşğul olmaq üçün ideal məkandır.
Təəssüf ki, vaxtilə şirin su bulaqlarının bol olduğu bu yerlərdə indi içməli su qıtlığı yaranıb. Bu da qlobal iqlim dəyişikliyinin bir təzahürüdür.
Kəndin su problemini həll etmək üçün bir neçə dəfə təşəbbüs göstərilib. Magistral yolun kənarındakı qaynamaların suyu təxminən 2 kilometr məsafədən borular vasitəsi ilə kəndin yuxarı hissəsindəki su anbarlarına vurularaq oradan ayrı – ayrı məhəllələrə və evlərə paylanıb. Lakin sonralar kəndin əhalisi suyun ötürülməsi üçün istifadə olunan elektrik enerjisinin pulunu vermədiyindən, bu qurğu uzun müddət istifadəsiz qalıb, bir müddət sonra isə texniki avadanlığı yox olub və beləliklə kənd əhalisi içməli sudan məhrum olub.
Bəs indi suya olan tələbatı necə ödəməli? Yaxın ərazidə yeraltı sular olmadığı üçün artezian qazılması heç bir perspektiv vəd etmir. Bilavasitə yaxınlıqda başqa su mənbəyi də yoxdur. Deməli, yenə də ümid əvvəlki layihənin bərpa olunmasına qalır.
Göybulaq məktəbinin akt zalında kənd ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, qazilər və şəhid ailələri ilə keçirilən görüşdə bu barədə geniş və ətraflı söhbət getdi. Kənd sakinləri deputatdan kənddən 2 km məsafədə yerləşən su mənbəyində rezervuar və nasos stansiyasının tikilməsini və nasoslar vasitəsilə suyun kənddəki çənlərə ötürülməsini xahiş etdilər.
Deputat su idarəsindən mütəxəssislər dəvət edərək vəziyyəti araşdıracağını, məsələnin həlli yolunun axtarılacağını və problemin həlli üçün əlindən gələn köməyi əsirgəməyəcəyini bildirdi.
Deputat məktəbdə tədrisin vəziyyəti və abutiryentlərin ali məktəblərə qəbul imtahanlarındakı nəticələri ilə maraqlandı. Məktəb direktoru və kənd sakinləri bir neçə il əvvəl Göybulaq kəndində tikilmiş yeni məktəb binasında təlim-tədris prosesinin təşkilindən həvəslə danışdılar və təhsilə göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Başqa xahişlər də oldu. Kəndin kənarından keçən magistral yolda maşınların sürətini azaltmaq üçün radarların qoyulması, məktəb qazanxanasının uçulmuş divarının təmir olunması, bir qazi ailəsinin ev tikintisinə əlavə tikinti materialı verilməsi və sair kimi müraciətlər də səsləndi.
Deputat verilən tapşırıqların əlaqədar təşkilatlarla birlikdə ən qısa müddətdə müzakirə edilib nəticəsi ilə bağlı sakinlərə məlumat veriləcəyini bildirdi.