image-16506966454445049168_367x266backend

Deputat: Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərini xəbisliklə izləyən xəyalpərəstlər bu həqiqətdən düzgün nəticə çıxarmağa məhkumdurlar

image-reklam_sirab_01

Dünyanın hansı hissəsində yaşamağımızdan asılı olmayaraq, az qala 30 il ərzində hər bir azərbaycanlının qəlbinə və şüuruna bu hisslər hakim kəsilmişdi: erməni işğalına son qoymaq, işğalçını layiqli cəzasına çatdırmaqla şəhidlərimizin qisasını almaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edərək milli kimliyimizi, milli ləyaqətimizi istənilən müstəvidə qorumağa qadir olduğumuzu sübut etmək.
Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı uzun illər boyunca yaşadığımız həmin hisslərin artıq gerçəyə çevrildiyini təkcə xəyalpərəst qonşumuza və onun hamilərinə deyil, eləcə də qardaş və dost ölkələrə bir daha nümayiş etdirdi. Ona görə də bu Qurultayın Zəfər Qurultayı adlandırılması əsla təsadüfi deyil. Prezidentimizin təşəbbüsü ilə belə bir möhtəşəm tədbirin məhz Şuşada keçirilməsi həm də ona görə əhəmiyyətlidir ki, uzun illər ərzində hansı milli-mənəvi dəyərlərimizdən məhrum edildiyimizi, Qarabağı və Şərqi Zəngəzuru geri qaytarmaq və ədaləti bərpa etmək üçün hansı çətinliklərdən keçməli olduğumuzu, bu yolda hansı itkiləri verdiyimizi özümüz də bir daha dərindən dəyərləndirə bilək və həqiqətləri heç vaxt unutmayaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.
Deputat qeyd edib ki, dövlətimizin başçısı Qurultayda söylədiyi nitqində erməni işğalının hansı səbəblərdən bu qədər uzun sürməsinə, o illər ərzində hər bir azərbaycanlının çəkdiyi mənəvi iztirabların səbəbkarlar dairəsinə açıq mətnlə aydınlıq gətirərək dedi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”. Prezident milli qürur hissimizi sınağa çəkən və ədalətin ləngiməsinə zəmin yaradan səbəbkarlar dairəsindən danışarkən, artıq de-fakto mövcud olmayan Minsk qrupunun gerçək niyyətini də açıqlayaraq bildirdi: “İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Sadəcə olaraq, biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır”.
Ü.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyev bu acı həqiqətləri cəmiyyətimizlə yanaşı, beynəlxalq birliyin diqqətinə növbəti dəfə çatdırmaqla dünya azərbaycanlılarının nümayəndələrinin məhz Şuşada bir araya gəlməsinin tarixi və ictimai əhəmiyyətinə də xüsusi diqqət çəkərək qeyd etdi: “Biz otuz il torpaqları işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi. Mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün-xaricdə yaşayan azərbaycanlılar üçün… Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq”.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 6 aprel tarixli Brüssel səfərindən sonra Ermənistanla sülh müqaviləsinin imzalanacağına, Ermənistan rəhbərliyinin yeni reallıqla barışacağına və adekvat addımlar atacağına Avropa İttifaqında müəyyən ümidlər yaranıb. Lakin o da sirr deyil ki, Ermənistanda mövcud olan revanşist kəsim və kənardan ona dəstək verən bəzi ermənipərəst dairələr iki ölkə arasında qurulan birbaşa təmaslardan, Azərbaycan Prezidentinin irəli sürdüyü beş baza prinsipini Ermənistan tərəfinin qəbul etməsindən elə də məmnun görünmürlər. Dövlətimizin başçısı məhz bu amili nəzərə alaraq, Ermənistan cəmiyyəti ilə yanaşı, sülh müqaviləsinin ləngidilməsində maraqlı olan dairələrə bu mesajı verdi: “Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr biməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

“Ümid edək ki, Ermənistan bu mesajı lazımınca dəyərləndirəcək və düzgün nəticələr çıxaracaq. Cəmiyyətimiz ona da ümid edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində ciddi səy göstərən Avropa İttifaqı bu dəfə Ermənistan rəhbərliyinin imitasiya ilə məşğul olmasına imkan verməyəcək və Prezident İlham Əliyevin, sözün əsl mənasında, müstəqil, ədalətli, beynəlxalq hüququn normalarına söykənən səmimi mövqeyi ilə Ermənistan hakimiyyətinin iradə və mövqeyini uzlaşdıra biləcək. Əminliyimiz isə onadır ki, 44 günlük Vətən müharibəsində ümumxalq birliyimizi təcəssüm etdirən və işğalçının başını əzən Prezident İlham Əliyevin “Dəmir yumruğu” indi daha güclüdür. Ermənistandakı revanşist qüvvələr və onların himayədarları bunu onsuz da görürlər, amma daha yaxşı görüb bilməlidirlər ki, Qalib Azərbaycan xalqı və onun daha da güclənən Ordusu öz Müzəffər Ali Baş Komandanının ətrafında indi daha sıx birləşib. Cəmiyyətimiz həm də ona əmindir ki, Prezidentimizin qeyd etdiyi kimi, müxtəlif ölkələrdəki diaspor təşkilatlarımız arasındakı əlaqələr artıq daha təkmildir. Onların fəaliyyəti bədxahlarımızı məyus edən möhtəşəm birliyimizə köklənib və yalnız ümumxalq maraqlarımıza xidmət edir. Şuşa qalasının altında Azan sədalarını yenidən eşidənlər, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq və bərpa işlərini xəbisliklə izləyən xəyalpərəstlər bu həqiqətdən də düzgün nəticə çıxarmağa məhkumdurlar”, – deyə deputat vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki