Şəki 115 saylı Seçki Dairəsinin deputatı Cavanşir Feyziyev Şəki şəhərində Vətən müharibəsinin qaziləri ilə görüşüb.
Deputat qaziləri salamlayaraq Vətən müharibəsi zamanı onların göstərdikləri fədakarlığa dövlət və xalq tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdırıb.
Şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə göstərilən diqqətin daimi olacağını bildirən deputat Azərbaycan Prezidentinin Sərəncamları ilə onlara verilmiş imtiyazlar haqqında danışıb, Yaşat Fondunun və digər qeyri-hökümət təşkilatlarının müharibə iştirakçılarına göstərdiyi qayğıdan danışıb.
Qazilər onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını qeyd edib və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qazilərdən bəziləri müxtəlif qurumlara etdikləri müraciətlərə qənaətbəxş cavab almadıqlarını dilə gətiriblər.
Qazilərin özünüməşğulluqla bağlı layihələrə cəlb olunması, kənd ərazilərində yaşayan qazilərin əkinçiliklə məşğul olması üçün onlara torpaq sahələrinin ayrılması və kiçik bizneslə məşğul olmaq üçün müvafiq şəraitin yaradılması, bəzi qazilərə əlillik dərəcəsinin təyin olunması ilə bağlı ləngimələr qazilərlə görüşün əsas müzakirə mövzuları olub. Deputat hər bir müraciətin həmin qurumların yerli nümayəndələri və mərkəzi icra orqanları ilə yenidən müzakirə olunacağını bildirib və mövcud qanunvericilik çərçivəsində bütün müraciətlərin müsbət həll olunacağına söz verib.
Deputat şəhid ailələrinin və müharibə əlillərinin 2025-ci ilin sonunadək mənzillə təmin olunacağı barədə Prezidentin çıxışını xatırladaraq bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması ilə bağlı dövlət tərəfindən həyata keçirilən tikinti işlərinin sürətlə aparıldığını və gələcəkdə də müharibə iştirakçılarının bütün problemlərinin daim diqqət mərkəzində saxlanılacağını bildirib.
Şəki qaziləri istənilən vaxt Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün yenidən döyüşə atılmağa hər zaman hazır olduqlarını bildirib və Azərbaycan Prezidentinin torpaqların işğaldan azad olunması üçün apardığı siyasətə və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması üçün göstərdiyi səylərə daim dəstək olacaqlarını ifadə ediblər.