image-1backend

Dinamit necə kəşf olundu?

image-reklam_sirab_01

Hər bir alim bir gün Nobel mükafatını qazanmağı arzulayır. Tibb, fizika, kimya, ədəbiyyat və siyasət sahələrində verilən bu beynəlxalq nüfuzlu mükafat əslində təsadüfi bir kəşf və sonra yaşanan bir peşmanlıq hekayəsidir. Bəşəriyyətə töhfə verənlər Nobel mükafatına layiq görülərkən “Gələcəkdə insanlar məni necə xatırlayacaq?” sualını verən məşhur isveçli alim və ixtiraçı Alfred Bernhard Nobel bir daha xatırlanır.

1833-cü ildə İsveçdə dünyaya gələn Alfredin anası Karolina Andriette Ahlsell tanınmış ailədən, atası İmmanuel Nobel isə hərbi təchizat istehsal edən bir iş adamı idi. Ancaq ata oğlunun doğulduğu il müflis olmuş və borc sahiblərindən qaçmaq üçün Rusiyanın Sankt-Peterburq şəhərinə köçmüşdü. Burada Çar Rusiyası üçün silah istehsal edərək varlanan İmmanuel daha sonra ailəsini də yanına gətirdi, uşaqları təhsillərinə mürəbiyyələri ilə davam etdilər və burada bir neçə dil öyrəndilər.

Alfredin diqqətini əsasən kimya və elm araşdırmalar cəlb edirdi. O, 1850-ci ildə kimya təhsili almaq üçün Fransaya getdi və Parisdə nitroqliserinin ixtiraçısı olan İtaliya alimi Askanio Sobrero ilə tanış oldu. Onun kəşfi olan nitroqliserin çox təhlükəli, ən kiçik bir sarsıntıda partlayan və idarə edilməsi çətin bir partlayıcı idi. Buna görə də istifadəsi olduqca məhduddu. Alfred Nobel geri qayıdaraq işlərini nitroqliserin üzərində cəmləşdirdi. Onun məqsədi bu maye partlayıcını ölkəsinin mədənçilik kimi sənaye fəaliyyətlərində istifadə edilə biləcək təhlükəsiz bir məhsula çevirmək idi. Lakin bu prosesdə iki iş yoldaşının həyatını itirdiyi böyük bir qəza ilə üzləşdi və özü də yaralandı. Buna baxmayaraq, Nobel işlərini davam etdirdi. Ancaq yeni ixtirası üçün təsadüfi bir hadisənin baş verməsi lazım idi.

Bir gün laboratoriyasında təcrübə aparan isveçli alim təsadüfən nitroqliserin dolu şüşə qabı masanın üstünə çırpdı. Qab masanın kənarında duran və içində İsveçə məxsus nazik qum olan vedrəyə düşdü və partlamadı. Sağ qaldığına inanmayan Alfred maye partlayıcının qumla qarışdığı zaman sabitləşdiyini gördü. O, qollarını çırmalayıb nitroqliserini qumlu gil və selüloza ilə qarışdıraraq xəmir halına gətirdi və ucuna yandırıcı fitil əlavə etdi. Alfred Nobel patentini aldığı bu təsadüfi kəşfinə “Dinamit” adını verdikdə tarix 1866-cı ili göstərirdi.

Yeni partlayıcı ilk dəfə İsveçdə dəmir yollarının inşası zamanı kiçik tunellərin açılması üçün istifadə edildi və olduqca uğurlu oldu. Dinamit beynəlxalq sınağını isə Alp dağlarının aşılması ilə keçdi. İtaliyanın Turin şəhərindən Fransanın Modane şəhərinə uzanan dəmir yolu üçün 13 kilometrlik Mont Cenis tunelinin açılmasında istifadə olunan dinamit dəstələrini təhlükəsiz şəkildə işləyərək müddəti xeyli qısaltdı. Uzun illər torpaq və dəmir yolu tunellərinin açılması, mədənlərin genişləndirilməsi və iri inşaat işləri kimi bir çox sahədə istifadə edilən dinamiti hərb sənayesinin kəşf etməsi çox uzun çəkmədi. Təəssüf ki, bu kəşf artıq minlərlə insanın ölümünə səbəb olan bir partlayıcı idi və bu vəziyyət Alfred Nobel üçün getdikcə bir peşmanlıq mənbəyinə çevrilməyə başladı. 1888-ci ildə bir qəzetdə çıxan yanlış bir xəbər isə sonradan elmi dünyasının ən prestijli dəyəri sayılan Nobel mükafatlarının başlanğıcını qoydu. Həmin il Alfredin qardaşı Ludviq ölmüşdü və bir Fransa qəzetində “Ölüm taciri öldü” başlığı ilə xəbər dərc edilmişdi. Əslində qəzet Alfred Nobelin öldüyünü sanmışdı. Bu şəkildə xatırlanacağından çox narahat olan isveçli ixtiraçı “Gələcəkdə insanlar məni necə yada salacaq?” sualını özünə verməyə başladı. Tapdığı cavab isə vəsiyyətində öz adını daşıyan Nobel Fondunu yaratmaq oldu. Alfred Nobel vəsiyyətinə hər il öz sərvətindən əldə edilən gəlirlə bütün bəşəriyyətin xeyrinə işlər görən alimlərin mükafatlandırılmasını yazdı. O, 1896-cı ildə həyatdan köçdü. Onun adını daşıyan fond İsveç Kral Elmlər Akademiyası ilə əməkdaşlıq edərək uzun illərdir ki, 5 fərqli sahədə Nobel mükafatlarını təqdim edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image