image-02ef3c95-bc2c-4dc8-83b7-bbd4c2242a08backend

Ərazi bütövlüyünün tanınması, yoxsa pozulması? Paşinyanın növbəti spekulyasiyası

image-reklam_sirab_01

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına dair məlumatlar artmaqdadır. Rəsmi İrəvan hesab edir ki, Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması ilə bağlı imzalanmış bəyannamə sülh müqaviləsi üçün əsas sayıla bilər.

 

Qeyd edək ki, oktyabrın 7-də Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Çexiyanın paytaxtı Praqada 1991-ci il Alma-Atı Bəyannamasinə, həmçinin BMT nizamnaməsinə istinad edərək Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı haqqında sənədi imzalayıb. Müzakirələrdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransanın dövlət başçısı Emmanuel Makron da iştirak edib. Buna baxmayaraq, Ermənistan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı iki məsələdə yayındırıcı mövqe tutmağa çalışır. Birincisi, sözügedən bəyannamədə Ermənistanın Azərbaycana qarşı hər hansı ərazi iddiasının olmadığı öz əksini tapmayıb. İkincisi, Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıdığını rəsmən bildirməyib. Əslində, rəsmi İrəvanın Praqa Bəyannaməsi ilə manipulyasiya etməsinin pərdəarxası məqamları var.
Ermənistan ilk növbədə, ərazi bütövlüyü prinsipinə hörmət etdiyinə dair görüntü yaratmağa və təcavüzkar dövlət imicini üzərindən götürməyə çalışır. Halbuki, bu prinsip başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüquqi öhdəlikdir. Ona görə də təcavüz aktının aradan qalxması üçün Ermənistan Azərbaycana qarşı ərazi iddiasından imtina etdiyinə dair sənədi təsdiq etməlidir. İkincisi, Ermənistan Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını tanımalıdır. Üçüncüsü, Ermənistan qanunsuz silahlı birləşmələrini Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı müvəqqəti nızarət zonasından çıxartmalıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Praqa bəyannaməsini dövlətlərin bir-birinin ərazi bütövlüyünün tanınması üçün əsas götürülməsini vacib hesab edir. O, bildirir ki, Ermənistan bu razılaşmaya imza atmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Paşinyanın fikrincə, Azərbaycan Alma-Atı Bəyannaməsini imzalamqla Ermənistan Respublikasının 1991-ci il dekabrın 21-ə aid olan 29,8 min kv.km ərazisini tanımış olar. Bu halda rəsmi İrəvan sülh sazişinin imzalanmasına razılıq verə bilər. Yəni Paşinyan Alma-Atı razılaşmasını Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üçün baza sənədi kimi götürməkdə israr edir. Təbii ki, Ermənistan tərəfinin bu məsələdə öz məqsədi var. Halbuki, Alma-Atı Bəyannaməsi ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı prinsipini nəzərdə tutmur. Alma-Atı Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanmış Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsipləri, əsasları haqqında sənəddir. Bu razılaşmanı ilkin olaraq, Ermənistan da daxil olmaqla 11 dövlət imzalayıb.
Paşinyan hökuməti neçə vaxtdır Alma-Atı Bəyannaməsini gündəmə gətirməklə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü hələ 1991-ci mildə tanıdığına dair rəy yaratmağa çalışır. Bu halda məntiqi baxımdan, sual meydana çıxır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, nə üçün 1992-ci ilin əvvəllərindən başlayaraq, keçmiş Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal etdi? Əks təqdirdə, Alma-Atı Bəyannaməsi dövlətlərin ərazi bütövlüyünün təminatı üçün etibarlı sənəd sayıla bilməz. Əlbəttə, Azərbaycan xoş niyyət nümayiş etdirərək, sülh sazişinə nail olunması üçün Praqa Bəyannaməsinə qoşulub. Çünki sülh müqaviləsinin baş tutmasında əsas maraqlı olan tərəf kimi Azərbaycan çıxış edir. Eyni zamanda, Azərbaycan Prezidenti adıçəkilən sənədi imzalamaqla peşəkar diplomatik gediş edib. Yəni Azərbaycan dövləti Ermənistanın planlarından xəbərdardır. Bu baxımdan, Praqa Bəyannaməsi beynəlxalq vasitəçilər qarşısında Ermənistanın niyyətini “deşifrə” etmək üçün “topun rəqib meydanına ötürülməsi” kimi şərh oluna bilər.
Ermənistan Alma-Atı Bəyannaməsinə istinad etməsinin gerçək səbəbləri onun ərazi bütövlüyünü tanımaq yox, pozmaq cəhdindən xəbər verir. Belə ki, 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edib. Yəni Ermənistan 1991-ci il Bəyannaməsinə istinadə etməklə Qarabağa olan ərazi iddiasını davam etdirmək istəyir. Çünki Alma-Atıda birgə sənəd imzalandığı zaman Ermənistan keçmiş Dağlıq Qarabağın ilhaqına dair qanunsuz qərar qəbul etmişdi. Ona görə də Paşinyan bu gün məhz ərazi bütövlüyünün sərhədlərin delimitasiyası və demarkasiyası əsasında deyil, ümumi bəyannamənin təsdiqlənməsi ilə tanınmasını istəyir. Paşinyan hökuməti bununla 1991-ci ildə Ermənistanın MDB-yə guya “Dağlıq Qarabağ”la birlikdə daxil olduğunu, Azərbaycanın isə birliyə sonradan üzv olduğunu əsas gətirməklə ərazi iddiasını rəsmiləşdirməyə çalışır. Ancaq bu iddiaların heç biri real olmadığından beynəlxalq səviyyədə qəbul edilə bilməz. Əvvəla, Ermənistan SSR parlamentinin qərarı SSRİ Ali Soveti tərəfindən ratifikasiya edilməyib və hüquqi qüvvəyə malik deyil. İkincisi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan ərazisi olduğundan Ermənistan tərəfinin belə bir qərar çıxartmaq hüququ olmayıb. Üçüncüsü, 30 il davam edən işğal dövründə qondarma rejimin müstəqilliyini hətta Ermənistanın özü tanımayıb. Ermənistan rəhbərliyi yaxşı bilirdi ki, Azərbaycanın razılığı olmadan nə işğal, nə də ilhaq perosesini rəsmiləşdirə bilməz. Bu isə təbii ki, mümkün deyildi. Ermənistan tərəfindən o zaman işğal edilmiş ərazilər beynəlxalq hüquqda Azərbaycanın ərazisi kimi tanınıb. Ona görə də İkinci Qarabağ müharibəsini Ermənistanın hərbi müttəfiqləri də daxil olmaqla dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın daxili işi kimi qiymətləndirdi. Hətta 2015-ci ildə Ermənistan Avrasiya İqtisadi Birlyinə və Gömrük İttifaqına daxil olan zaman işğal etdiyi Azərbaycan torpaqlarını öz ərazisi kimi təqdim etməyə çalışmışdı. Həmin vaxt Avrasiya İqtisadi Birlyinə daxil olan ölkələr buna etiraz etmiş, Ermənistandan Azərbaycanla sərhədlərini müəyyənləşdirməyi, gömrük-keçid məntəqələrini başqa dövlətin işğal olunmuş ərazisinə yerləşdirməməyi tələb etdi. Nəticədə, çətin vəziyyətə düşən Ermənistan Azərbaycanın SSRİ dövründəki sərhədlərinin xəritəsini AİB-ə və Gömrük İttifaqına təqdim etməli olmuşdu. Bu səbəbdən, Ermənistanın Alma-Atı Bəyannaməsinə yenidən istinad etməsi ciddi nəticə verə bilməz.
Qeyd edək ki, Azərbaycan Alma-Atı Bəyannaməsi ilə MDB-yə daxil olub. İrəvanın bu barədə iddiaları əsassızdır. Sadəcə olaraq, Azərbaycan Milli Məclisi bu sənədi 1993-cü il sentyabrın 24-də bu sənədi ratifikasiya edib.
Alma-Atı Bəyannaməsi ilə bağlı digər mübahisəli məqam ərazilərin miqyası ilə bağlıdır. Paşinyan 1991-ci ildə Ermənistanın ərazisinin 29,8 min kv.km. təşkil etdiyini iddia edir. Alma-Atı Bəyannaməsi imzalanan zaman, yəni 1990-cı ilin yanvar ayında Sədərək rayonunun Kərki kəndi və 1990-cı il martın 24-də isə Qazax rayonunun Bağanıs Ayrım kəndi Ermənistan tərəfindən işğal edilmişdi. Deməli, Paşinyan Alma-Atı sənədinə istinad etməklə, həmin kəndləri də 29,8 min kv. km. əraziyə aid edir və bununla da Azərbaycan ərazilərinin ilhaqını rəsmiləşdiməyə çalışır. Halbuki, adıçəkilən kəndlər işğal olunmuş ərazilərdir və qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Eyni zamanda, 1991-ci il dekabrın 21-də “Dağlqı Qarabağ” və ətraf yeddi rayon işğal olunmamışdı. Bu baxımdan, 1991-ci ildə də status-kvo demək olar ki, Azərbaycanın xeyrinə olub. Həmin vaxt Azərbaycanın ərazisi keçmiş DQMV-in ərazisi ilə birlikdə 86, 6 min kv.km. təşkil edib. Ermənistan rəhbərliyi Alma-Atı Bəyannaməsinə istinad edirsə, o zaman Azərbaycanın da 86,6 min kv.km. ərazisini tanıdığını rəsmən bəyan etməlidir.
Alma-Atı Bəyannaməsi sərhədlərin delimitasiyası və demarkasiyası üçün əsas kimi götürülə bilməz. Çünki Ermənistan sərhədlərin SSRİ dövrünün xəritələri əsasında müəyyənləşməsinə dair razılaşmaya imza atıb. Bunlardan biri 2021-ci il 26 noyabr Soçi Bəyannaməsi, digəri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına dair komissiyaların yaradılmasına dair 2022-ci il mayın 22-də Brüsseldə əldə olunmuş razılaşmadır. Azərbaycan delimitasiya və demarkasiya prosesi zamanı Sovet dövrünə aid xəritələri tətbiq etsə, SOV İKP MK-nın sifarişi ilə qanunsuz olaraq Ermənistana verilmiş bir sıra torpaqlarını delimitasiya prosesi zamanı qaytara bilər.

 

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Xüsuai olaraq Vətəninfo az üçün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki