image-1662619545_dd65a19f-74bf-4709-ad19-1184cb1a57fdbackend

“Ərazi bütövlüyünün toxunulmazlığına selektiv yanaşma yolverilməzdir…”

image-reklam_sirab_01

Son günlər Müdafiə Nazirliyimizin yaydığı rəsmi məlumatlar narahatlıq doğurmaya bilmir. Sayca dördüncü Brüssel görüşündən istər əvvəl, istərsə də sonrakı günlərdə Ermənistan tərəfindən Kəlbəcər və Laçın istiqamətində törədilən silahlı təxribatlar deməyə əsas verir ki, bu ölkənin siyasi-hərbi rəhbərliyi təcavüzkar siyasətindən əl çəkmək fikrində deyil. Görünən odur ki, daxili və xüsusən də xarici faktorlar Ermənistan hakimiyyətinə dinc oturmağa imkan vermir. Qonşu ölkələrə qarşı ərazi iddiaları, tarixən olduğu kimi, müstəqillik dövründə də Ermənistanın dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Qardaş Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı olan müddəa onun konstitusiyasında bu gün də qalmaqdadır. Köçəryan və Sakisyan dönəmində olduğu kimi, Paşinyanın rəhbərliyi dövründə də təcavüz və aqressiya Ermənistanın az qala loqotipinə çevrilib. Bəziləri riyakarlıq edərək unudurlar ki, “demokratiya mücəssiməsi” hesab etdikləri Paşinyan hökuməti sələflərindən də irəli gedərək “yeni ərazilər uğrunda yeni müharibə” tezisini ölkəsinin hərbi doktrinasına daxil etmişdi. Vətən müharibəsindən az əvvəl “demokrat” adlandırdıqları Paşinyanın elə özü komandasının üzvləri ilə bir yerdə Şuşada kef məclisi qurub “Qarabağ Ermənistandır və nöqtə” deyirdi. Təkcə bu fakt ölkəmizə qarşı ərazi iddiasını dövlət səviyyəsində rəsmiləşdirməyə edilən cəhd və təcavüzkar niyyətin növbəti təzahüri demək idi. Son 30 ildə Ermənistan rəhbərlərinin siyasi oriyentasiyasından, hansı hamilərinə qulluq etmələrindən və zaman-zaman onları dəyişmələrindən asılı olmayaraq, bunlardan heç birinin sözü ilə əməli üst-üstə düşməyib. Dildə Azərbaycanla sülhə hazır olduqlarını bəyan etsələr də, əməlləri dediklərini təkzib edir. Çünki niyyətlərinin kökündə təcavüzkar dövlət siyasəti dayanır. Atalar misallarımızdan birində deyilir ki, “qozbeli qəbir düzəldər”. Amma Ermənistanın işğal dövründə Qarabağda törətdiyi vandallıq aktları, tarixi və mədəni abidələrimizlə yanaşı, məscid və qəbirlərimizi təhqir etməsi deməyə əsas verir ki, bu vəhşiliyi edənləri heç qəbir də düzəltməz. Ağdamı “Qafqazın Xirosiması”na çevirən, Qarabağda şəhər və kəndlərimizi yerlə-yeksan edən xəstə təxəyyülün uzunmüddətli müalicəyə və islaha ehtiyacı var. Bütün bunlara görə günahkar isə, ilk növbədə, Ermənistan dövlətidir və məsuliyyəti də onun keçmiş və hazırkı rəsmiləri daşıyır…

Sentyabrın 2-də Ermənistan rəsmilərinin Xankəndinə səfəri və bununla bağlı Xarici İşlər Nazirliyimizin etiraz bəyanatı da sübut edir ki, Ermənistanın indiki siyasi-hərbi rəhbərliyi sələfləri kimi ölkəmizə qarşı ərazi iddiasından əl çəkməyib. İlk baxışdan qulağa xoş gələn bəyanatları isə ənənəvi oyunbazlıqlarından başqa bir şey deyil. Ermənistan hökumətinin əyninə zorla “demokrat” libası geyindirməyə çalışan bəzi dairələr, nəhayət, anlamalıdırlar ki, bu libas Ermənistan rəsmilərinin real həyatda atdıqları addımlara heç cür uyğun gəlmir. Axı, həmin dairələrə də yaxşı məlumdur ki, seçki yolu ilə hakimiyyətə gəlmək hələ o demək deyil ki, seçilən lider demokratik prinsiplərə və bəşəri dəyərlərə sadiq olacaq. Hətta ən demokratik ölkələrdən bəzilərinin yaxın tarixi keçmişində bu cür ziddiyyətli məqamlara rast gəlmək mümkündür. Əgər Ermənistan hökuməti Azərbaycanın irəli sürdüyü beş təməl prinsipi əsasında sülh sazişini imzalamağa hazır olduğuna dair bəyanatında həqiqətən səmimi olsaydı, öz rəsmilərini sentyabrın 2-də Xankəndinə göndərməzdi. Əgər bu gün Ermənistanın və separatçı rejimin qondarma generalları Şuşanı və digər əraziləri Azərbaycana “təslim etmək” ittihamı ilə həbs olunurlarsa, deməli, Ermənistan ölkəmizə qarşı ərazi iddiasından əl çəkmədiyini, əslində, nümayiş etdirir və Brüssel görüşlərində də qeyri-səmimidir. Hər Brüssel səfərindən dərhal sonra Ermənistan rəsmilərinin tələsik Moskvaya üz tutması nə diplomatiyanın nəzakət qaydalarına, nə də müstəqil dövlət ərkanına uyğun gəlmir. Bu səfərlər heç o da demək deyil ki, guya Ermənistan Brüsseldən fəqli olaraq, Kremlə etdiyi reveranslarında və ya rəsmi Moskvanın qarşısında götürdüyü öhdəliklərində səmimidir. Yəqin ki, Ermənistan rəhbərliyinin ziqzaqvari gedişləri nə Kremlin, nə də Avropa İttifaqının diqqətindən yayınmır. Ermənistan bəyanatlarını təkzib edən təxribatlara həm də ona görə yol verə bilir ki, bəzi dairələr onlara şərait yaradır, bəziləri isə onları buna təşviq edirlər. Lakin bunu edənlər bilməlidirlər ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də öz Prezidentinin arxasındadır və indi daha mütəşəkkildir. Bunu Ağ Ev də, Kreml də, Yelisey Sarayı da bilməlidir. Kimlərsə hətta Ukraynada baş verənlərdən sonra müqəddəratı təyinetmə ilə ərazi bütövlüyünün toxunulmazlığını qarşı-qarşıya qoyursa və ya bu prinsiplərin üstünlük dərəcəsini eyniləşdirirsə, deməli, dünya nizamı heç vaxt təhlükəsiz olmayacaq. Dünyada baş verənlərə görə məsuliyyəti də, ilk növbədə, bunu edənlər daşımalı olacaq.

Son 30 ildə xalqımızın səbrindən sui-istifadə edənlər və ölkəmizə qarşı ikili standartlar siyasətini həyata keçirənlər bunu da bilməlidirlər ki, cəmiyyətimizin səbri çoxdan tükənib və onlardan bəzilərinə olan ictimai inam da çoxdan qırılıb. Azərbaycan xalqı Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qoruduğu milli qüruru ilə heç kimin oynamasına imkan verməyəcək. Bunu Ermənistan da, onun himayədarları da əxz etməlidirlər. Ukraynadakı separatçılığı qəbul etməyənlər və onun ərazi bütövlüyünün pozulmasına qarşı haqlı olaraq çıxanlar erməni separatizminə münasibətdə də həmin mövqedə olmalıdırlar. Cənubi Qafqaza gerçəkdən sülh arzu edənlər mənasız və ədalətsiz təşəbbüslərlə erməniləri boş yerə ümidləndirməkdənsə, əslində, haqq və ədalət naminə bəyan etməlidirlər ki, ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı beynəlxalq prinsip bütün coğrafiyalarda eyni, üstün hüquqi qüvvəyə malikdir. Çünki təhlükəsiz dünya nizamının bərqərar edilməsi bu prinsipin selektiv şəkildə, seçmə üsulu ilə deyil, bütün ölkələr üçün eyni səviyyəli tətbiqindən keçir. Qarabağın tarixən və de-yure olduğu kimi, artıq de-fakto da Azərbaycan olduğunu heç kim unutmamalıdır!

Ülvi Quliyev
Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki