2 il əvvəl 1 kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manatdır. İnsanları indi bu sual düşündür: mövcud qiymət sabit qalacaq, ya artım davam edəcək?
Sahibkarlar deyirlər ki, əvvəllər bu sahə sahibkarlar üçün yaxşı gəlir gətirsə də, indi vəziyyət dəyişib.
Hazırkı qiymətlərlə 1 kiloqram ət satışından gəlir 50 qəpikdir. Heyvan yemi bahalaşdıqca, onlar da qiymətləri yüksəltməyə məcbur olurlar.
Əvvəllər Rusiya və Ukraynadan yem məhsulları gəlirdi, daxildə də yem məhsulları vardı. Bolluq idi. Ancaq indi Rusiya və Ukraynadan məhsul gəlmir, yerli bazarda da yem bahadır. Məsələn, 2 il əvvəl qışda 1 yonca presini 3-4 manata, yayda isə 2 manata alırdıq. Ətin qiyməti də 11 manat idi. İndi presi 8 manata satırlar. Sahibkarlar bildirib ki, qarşıdakı dövrdə ətin qiymətində artım ola bilər. Ətin qiyməti artdıqca isə əhalinin alıcılıq qabiliyyəti də aşağı düşür. Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov bildirdi ki, dünyada insan sayı sürətlə artır və bunun fonunda adambaşına düşən ət nisbəti də azalır: “2021-ci illə müqayisədə 2022-ci ildə ölkədə diri çəkidə ət istehsalı 3 faiz artıb. Bununla paralel insan sayı da artır. Bu proses tək bizdə yox, dünyada gedir. Almaniyada 2021-ci ildə adambaşına 65 kiloqram ət istehlakı var idisə, 2022-ci ildə bu rəqəm 53 kiloqram olub. Tələb çoxdur, təklif də zamanla azalır. Bu, qiymətlərə təsir edir. İnflyasiya fonunda da qiymətlərdə artım gedir”.
Ekspertlər onu da deyir ki, 6-7 il əvvəllə müqayisədə respublikada həm xırdabuynuzlu, həm də iribuynuzlu mal-qaranın baş sayında 1 milyona yaxın azalma var. Bu, tələb-təklifə təsir göstərir. Tələb çox, təklif az olanda, qiymətlər artır. Heyvandarlıqda maya dəyərinin əsas hissəsini yem məhsulları təşkil edir. Ona görə hazırda qiymətlər bu səviyyəyə çatıb.
Ətin bahalaşmasına səbəb kimi regionlarda fermerlərin üzləşdiyi problemlər də göstərilir. Bizimlə söhbətdə narazılığını bildirən Kamilə Bayramova qeyd edir ki, bölgələrimizdə heyvan saxlamaq ucun örüş yerləri yox səviyyəsindədir: “Məmurlar tərəfindən hər yer tutulub, əkinlə məşğul olmağa da su yoxdur. Ona görə də heyvandarlıqla heç kim məşğul olmaq istəmir”.
Digər oxucumuz Miri Orucov isə 23 ildir Cəlilabadda suyun olmadığını, heyvan yemlərinin baha olduğunu deyir: “Bu il yağış yağmasa, ət 20 manata qalxacaq”. Elşən Əliyev isə deyir ki, rayonda heyvanları otarmağa otlaq sahəsi qalmayıb: “Bələdiyyələr satıb sovurub örüş yerlərini, heyvanlar harada otlasın?!”
Yeri gəlmişkən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,8 %, süd istehsalı 1,1% və yumurta istehsalı isə 16,1% artıb. (Kaspi)