image-yazi-1604838601backend

Əziz Şuşa, sən azadsan!

image-reklam_sirab_01

Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası kimi tanınan Şuşa şəhəri Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri tərəfində 1992-ci il may ayının 8-də işğal olunub. Erməni vandalizmin davam etdiyi 29 il ərazində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, məbədgah və məscidlər təhqir edilib və çox sayda nadir əlyazma nümunələri məhv edilibdir. Ancaq ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunaraq tarixi ədalət bərpa olundu.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək–“ Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.”,- tarixi qələbə ilə bağlı öz səmimi təbrikini xalqına çatdırdı.
Şuşanın azad olunmasından dərhal sonra Cənab Prezidentin ilk işi şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparıb bərpa işlərinə başlamaq oldu. Çünki Şuşa şəhərinin mədəniyyətinin qorunması Ulu Öndər Heydər Əliyevin ən böyük məqsədlərindən biri idi. Hətta Ümumilli liderin təşəbbüsü ilə 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar belə qəbul edildi. Bu qərar nəticəsində Şuşadakı abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Ulu Öndərin layiqli davamçısı və sələfi olan İlham Əliyev Ümumilli liderin başlatdığı bütün işlər kimi Şuşa şəhərinin mədəniyyətinin qorunması sahəsindəki layihələrə şəhər işğaldan azad olunduqdan sonra davam etdi. Bu məqsədlə bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə böyük diqqət yetirdi və işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəni belə məhz Şuşa rayonuna təyin etdi.
Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini qeyd edən Prezident İlham Əliyev bu qərarın Sərəncamını imzalanma tarixi kimi məhz 7 may tarixini seçməsi özündə mühüm mesajlar ehtiva edir. Sərəncamın imzalanması münasibətilə Türkiyə Prezidentinin Azərbaycana gəlişindən əvvəl şəhərin statusunun rəsmiləşməsi, liderlərin səfəri haqda informasiyalarda dünyanın diqqətini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinə yönəldilib.
1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı yenidən 32 ildən sonra Heydər Əliyev Fondu tərəfindən təşkil olunacaq. Festivalın proqramında Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək və xalq mahnıları və klassik musiqilər yer alacaq.
Şuşa şəhərini mədəniyyət paytaxtı elan edilməsi, yenidən “Xarıbülbül” musiqi festivalının keçirilməsi, Heydər Əliyev Fondunun vəsaiti hesabına və Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Vaqifin məqbərəsi bərpa edilməsi, Şuşa şəhərinin rəsm qalereyası bərpa edilərək yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək olması, ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilmiş “Qarabağ” mehmanxanası və Şuşa Xalça Muzeyi bərpa edilməsi tək bir şeyi göstərir – Əziz Şuşa, sən azadsan!
Kəmalə Həsənova
Azərbaycan Dillər Universitetinin magistrantı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki