image-5backend

Füzulilərin yaddaşına həkk olunan tarixi gün

image-reklam_sirab_01

Füzuli yaşı minilliklərə dayanan ən qədim insan məskənlərindən biri olmaqla yanaşı, bərəkətli torpaqlara, bol sulu çaylara və güclü kadr potensialına malik, yüksək intellektli ziyalılar, görkəmli alim və mədəniyyət xadimləri yetişdirmiş  rayonlarımızdan biridir. Əməyə bağlılıq və halal zəhmət füzulilərin həyat tərzinin xarakterik xüsusiyyətləridir.

Harada yaxşı nə varsa hiyləgərliklə sahiblənməyə çalışan və mayası haramla yoğrulmuş miskin ermənilər isə Füzuliyə də, göz dikmişdilər. Məhdud imkanlar hesabına uzun müddət müdafiə edilməsinə baxmayaraq, Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edidi.

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrı, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi. Birinci Qarabağ döyüşlərində 1100 nəfərdən çox şəhid, yüzlərlə itkin vermiş Füzulidə bu gün 1500-dən çox əlil və şikəst var. 27 il öncə itkin düşmüş, girov götürülmüş 113 füzulilidən hələ də soraq yoxdur. Erməni təcavüzü nəticəsində Füzulidə dünyaya gələn uşaqlardan 36361 nəfəri zərər çəkib ki, onlardan 155-i atasız, anasız qalıb.

Erməniər günahsız insanları qətlə  yetirməklə yanaşı, işğal etdikləri torpaqlarda ekoloji terror törətmiş, rayonun qədim tarixi olan qəbristanlıq, türbə, məscid və körpüləri darmadağın edərək müharibə cinayətləri törətmişlər.

Füzuli rayonunun işğaldan azad edilməsi tarixi xronologiyası və hərbi əməliyyatların xarakteri baxımından Böyük Zəfərin əldə edilməsində xüsusi əhəmiyyətə malikdir. Biz azərbaycanlılar,  hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə Füzuli rayonu ərazisində qazanılmış ilk Qələbəni unuda bilmərik. Azərbaycan Silahlı Qüvvələrinin hücumu ilə Füzuli rayonunun 22 yaşayış məntəqəsi erməni işğalından azad edilmişdir. Füzuli rayonunun əhalisinin yarıya qədəri həmin işğaldan azad edilmiş ərazilərdə yaşayırdı. Qazanılmış ilk uğurlar eyni zamanda  işğal altında olan bütün torpaqlarımızın düşməndən geri alınacağına olan inancımızın artmasına səbəb oldu.

Elə həmin inam da 44 günlük Vətən Müharibəsində qələbənin əldə edilməsinə kömək edən mənəvi gücə çevrildi. Azərbaycan Ordusu 2020-ci il oktyabr ayının 17-də Füzuli rayonunun bir neçə kəndi ilə birlikdə Füzuli şəhərini işğaldan azad etdi. Füzulinin azad edilməsi uğrunda döyüşlər Vətən Müharibəsinin çətin oduğu qədər də xüsusi əhəmiyyətə malik  döyüşlərindən biri kimi hərb tariximizin şərəfli səhifələrindəndir.

Məlum olduğu kimi, 30 il ərzində düşmən bir neçə xəttdən ibarət müdafiə zolağı yaratmış və möhkəm istehkamlar qurmuşdu. Onlar bu xəttin keçilməzliyinə inanırdılar. Amma Azərbaycan Ordusunun qəhrəmanlığı və iradəsi nəticəsində bu xətt yarıldı və Füzuli qısa müddətdə işğaldan azad edildi. Füzuli döyüşləri ilə Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və hərbi təchizata malik olduğunu sübut etdi. Ermənilər və bütün dünya  artıq Azərbaycanın hərbi gücünü etiraf etmək məcburiyyətində qaldı.

İşğaldan azad edilən Füzuli rayonu bu gün yeni inkişaf dövrünü yaşayır. Rayon ərazisi böyük bir tikinti meydanına çevrilib. Füzuli rayonu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səfərləri və səfərlər çərçivəsində müxtəlif  təyinatlı layihələrin təməlqoyma və açılış mərasimləri məkanı olmuşdur. Azad edildikdən sonra  cəmi 8 ay müddətinə “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava  Limanının tikilib istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi idi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. Ötən il ilk dəfə bu əlamərdar günü fizulilər öz doğma yurdlarında qeyd ediblər.

​17 oktyabr Füzulinin işğaldan azad edildiyi, füzulilərin isə yurd həsrətinə son qoyulduğu gün kimi Azərbaycan tarixində əbədi qalacaqdır.

                           Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki