image-aybeniz-rustemovabackend

      Gələcəyə işıq salan seçki

image-reklam_sirab_01

Moskvada ciddi təqiblər, nəzarət altında yaşayan fərdi pensiyaçı H. Əliyev 1990-cı ilin iyul ayında Vətənə – Azərbaycana – Naxçıvana qayıtdı. Heydər Əliyev Moskvada M. Qorbaçovun, onun ermənipərəst ətrafının təqib və təzyiqləri altında, böyük çətinliklə 1990-cı il iyulun 20-də Bakıya yola düşdü. Azərbaycan hakimiyyəti onun respublikaya dönüşündən ciddi təşvişə düşdü və ona qarşı müxtəlif təxribatçı hərəkətlərə rəvac verdi. Siyasi hakimiyyətin  təzyiq və təxribatları altında, iki gün sonra o,  anadan olduğu  Naxçıvana yollandı. 1990-cı ildən onun Naxçıvanda yaşaması, əhali ilə fəal təmasları, parlament seçkilərinə qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana üz tutması, Heydər Əliyevlə təmasa can atması, insanlarla günü-gündən genişlənən çoxsaylı və kütləvi görüşlər Azərbaycanda milli azadlıq hərəkatının vüsət almasına və getdikcə daha mütəşəkkilləşməsinə müsbət təsir göstərməyə başladı.

Həmyerliləri ilk gündən görkəmli dövlət xadiminin Naxçıvana gəlişini  böyük sevinc hissi ilə qarşıladılar. Azərbaycanın üzləşdiyi siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xalqı yalnız onun xilas edə biləcəyini nəzərə alaraq 1990-cı ildə Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatlığına namizədliyini irəli sürdülər.  Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR,  2 nömrəli Naxçıvan seçki dairəsindən isə Muxtar Respublika xalq deputatlığına namizəd göstərildi. 1990-cı ildə Nehrəm kənd seçiciləri ilə görüşündə Heydər Əliyev özünün seçki platforması ilə çıxış edərək ilk dəfə rəsmi formada Azərbaycanın gələcək inkişafı ilə bağlı siyasi fikirlərini açıq formada bəyan etdi. O,Azərbaycanı tam müstəqil, azad, demokratik respublika kimi görmək istədiyini xüsusi vurğulayaraq, bu  məqsədə gedən yolun xalqın  milli iradəsindən,  həmrəyliyi və vətəndaş birliyindən keçdiyini bəyan etdi.

1990-cı il noyabrın 17-də  Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında  deputatlar iclasın  aparılmasını yekdilliklə görkəmli dövlət xadimi, 2 nömrəli seçki dairəsindən deputat seçilmiş Heydər Əliyevə tapşırdılar. Sessiyada Azərbaycanda gedən ictimai-siyasi proseslər, milli dövlət quruculuğu və suverenlik məsələləri geniş müzakirə olundu, tarixi əhəmiyyət kəsb edən bir sıra qərarlar verildi. Bu qərarların sırasında Naxçıvan Muxtar Respublikasının və Ali Sovetinin adından Sovet Sosialist sözlərinin çıxarılması, Azərbaycan Demokratik Respublikasının rəmzi olan üçrəngli  bayrağın rəsmi şəkildə dövlət bayrağı kimi qəbul  olunması və s. var idi. Bundan baçqa, Heydər Əliyevin təkifi ilə Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Ali Məclisin qəbul etdiyi bu rəsmi qərarlar  Azərbaycanda milli-azadlıq hərəkatının vüsət alması və müstəqil dövlətçiliyin yaranması yönündə atılan mühüm tarixi addım oldu. Ali Məclis bu qərarlarla bağlı 1990-cı il noyabrın 19-da Azərbaycanın siyasi rəhbərliyinə və rəsmi KİV-lərə müraciət etdi.

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin ilk  sessiyalarında irəli sürdüyü təkliflərdən biri 1990-cı ilin  20 yanvar hadisələrinə qiymət verilməsi ilə bağlı oldu. O, Ali Məclisin  1990-cı il noyabrın  20-də keçirilən  sessiyasında çıxış edərək 20 yanvar faciəsinə siyasi-hüquqi  qiymət vermədiyinə görə Azərbaycan rəhbərliyini günahlandırdı, onu faciənin səbəblərinin  üstünü  ört-basdır etməkdə və təqsirkarları hələ də müəyyənləşdirməməkdə  ittiham etdi.

Azərbaycan SSR xalq deputatı H. Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də keçirilən birinci sessiyasında iştirak etdi. H. Əliyevin çıxış etməsi heç də iqtidarda olanların ürəyindən deyildi, lakin o, çıxış etdi. Heydər Əliyevin Azərbaycan Respublikasının 12-ci çağırış birinci sessiyasında çıxışı (7fevral 1991-ci il) mühüm əhəmiyyətli bir tarixi sənəddir. İlk dəfə olaraq bu sənəddə 1988-ci ildən başlayaraq Azərbaycanda baş verən siyasi hadisələrə düzgün qiymət verilirdi. H. Əliyev Sovet İttifaqında və Azərbaycanda mövcud olan vəziyyət haqqında öz fikir və təkliflərini Ali Məclisə çatdırdı. Heydər Əliyevin çıxışında irəli sürülən fikirlər bütün ölkədə siyasi, iqtisadi və dövlət üsuli-idarəsinin keçirdiyi böhranı dərk etməyə kömək etdi. Heydər Əliyev öz çıxışında Dağlıq Qarabağ «probleminin» yaradılması, onun tarixi torpaqların ermənilər tərəfindən ələ keçirilməsi və onun səbəblərinin təhlilinə mühüm yer verirdi. 1988-ci ildə Dağlıq Qarabağ məsələsi qaldırılan vaxt Azərbaycan hökuməti qarşısını ala bilərdi. Qorbaçov və onun ətrafında olan erməni müşavirləri, erməni mülətçiləri Azərbaycanın bacarıqsızlığından, zəifliyindən və xəyanətindən istifadə edib vəziyyəti daha da gərginləşdirdi. H. Əliyev ilk günlərdən Dağlıq Qarabağ «məsələ»sində Mərkəzin xəyanətkar addımlarının xronikasını və Azərbaycan rəhbərliyinin səhvlərini şərh etmişdi.

Martın 5-nə kimi Ali Sovetin sessiyasında fasilə elan edildi. Martın 5-də

sessiya öz işini davam etdirdi. Müzakirə olunan problemlərdən biri də SSRİ-nin saxlanıb-saxlanmaması haqqında məsələ idi. Heydər Əliyev referendumda iştirak etməyin əleyhinə çıxdı. Öz təklifini hərtərəfli əsaslandırdı. Martın 5-dəki çıxışında yaranmış vəziyyət ətraflı təhlil edildi. Azərbaycan rəhbərliyinin mövqeyi kəskin tənqid edildi və vəziyyətdən düzgün çıxış yolu göstərildi. Lakin Naxçıvan MR Ali Məclisinin martın 14-də keçirdiyi birinci sessiyası referendumda iştirak etməməyi qərara almışdı. Naxçıvan Muxtar Respublikası iştirak etmədən martın 17-də Azərbaycanda saxta yolla SSRİnin saxlanması barədə referendum keçirildi. SSRİ-nin saxlanması üzrə keçirilən saxta referendumda Naxçıvan Muxtar Respublikası seçicilərinin cəmi 20 faizi iştirak etmişdir ki, bunların da əksəriyyəti muxtar respublika ərazisində xidmət edən hərbi qulluqçular və onların ailə üzvləri idilər.

1991-ci il sentyabrın 4-də Naxçıvan MR Ali Məclisinin sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR-nm xalq deputatı H. Əliyevi Məclisin sədri seçdi. «Həyat» qəzetinin 5 sentyabr 1991-ci il tarixli nömrəsində dərc olunmuş hesabatda deyilirdi: «Heydər Əliyev dərhal söz alaraq namizədliyini geri götürdüyünü bildirmişdir. Lakin bir neçə deputat təkidlə onun namizədliyi üzərində dayanmışdır. Deputat H. Əliyev dəfələrlə tribunaya qalxıb razı olmadığını israrla bildirsə də, Məclis əksər səslə onu Ali Məclisin sədri seçmişdi».

Sentyabrın 3-də çətinliklə də olsa, yetərsay toplanır, sessiya öz işinə başlayır. Bu vaxt Naxçıvanın hər yerindən Məclisin binası qarşısında əllərində Heydər Əliyevin portretləri olan seçicilər toplanmışdı. Xahiş edirdilər ki, Naxçıvan MR Ali Məclisinə Heydər Əliyevi sədr seçsinlər. AXC Naxçıvan Vilayət şöbəsinin fəallarının əksəriyyəti isə bildirdilər ki, H. Əliyev sədr seçilərsə, onun əleyhinə geniş kampaniyaya başlayacaqlar. Lakin seçicilərin təzyiqi ilə deputatlar Naxçıvan MR Ali Məclisinin sədrliyinə Heydər Əliyevin namizədliyini irəli sürdülər. H. Əliyev üç dəfə çıxış edib, namizədliyini geri götürdüyünü bildirsə də, bu bir nəticə vermədi. Sessiyada iştirak edən 75 deputatdan 70 nəfəri lehinə səs verməklə, 5 nəfəri bitərəf qalmaqla Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi (Azərbaycan

O, bütün Azərbaycandakı siyasi vəziyyətlə məşğul olur, eyni zamanda 20 Yanvar faciəsinə hərtərəfli hüquqi-siyasi qiymət verilməsinə xüsusi diqqət verirdi. H. Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MR Ali Məclisi noyabr ayının 21-də qəbul etdiyiqərarda 20 Yanvar faciəsini işğalçı siyasət və düşünülmüş hərbi təcavüz kimi qiymətləndirir və BMT-nin İnsan Hüquqları Bəyanaaməsinin kobud şəkildə pozulması faktı hesab edir. Qəbul edilən qərarda 1) Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən, demokratik proseslərə qəsd kimi qiymətləndirilir; 2) Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilir; 3) Bir ilə yaxıtı vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat istintaq komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə cəlb olunmamasına qəti etiraz olunur. Azərbaycan SSR Ali Sovetindən tələb edilir ki, ən qısa müddətdə həmin məsələ parlamentin müzakirəsinə çıxarılsın; 4) Bu qərar qəbul edilən andan 20 Yanvar gününün hər il Naxçıvan MR-da Milli Matəm günü kimi qeyd olunması qərara alınır; 5) Azərbaycan SSR Sovetindən xahiş olunur ki, 20 Yanvar günü hər il

Azərbaycan SSR-də Milli Matəm günü kimi qeyd edilsin.

Naxçıvan MR Ali Məclisi milli-azadlıq hərəkatını boğmaq üçün SSRİ rəhbərliyinin 20 yanvarda Bakıda törətdiyi cinayətə düzgün siyasi qiymət verdi. Naxçıvanda keçirilən demokratik tədbirlər bütün Azərbaycan üçün nümunə olmuşdu. Demokratik qüvvələrin tələbi ilə Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də keçirilən sessiyası bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı – «Azərbaycan SSR» adı dəyişdirilərək, «Azərbaycan Respublikası» adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq edildi.

1991-ci il oktyabrın 16-18-də Azərbaycan Respublikası Ali Sovetinin ikinci sessiyasında dövlət müstəqilliyi haqqında Konstitusiya aktının layihəsinin müzakirəsi keçirildi. Gərgin şəraitdə keçən müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul olundu. Müzakirə oktyabrın 18-nə kimi davam etdi. Müzakirələrdə belə bir fikir də irəli sürülmüşdü ki, Azərbaycan xalqı dövlət müstəqilliyi məsələsinə öz münasibətini referendum yolu ilə bildirməlidir.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki