image-gullu-yologlu-1backend

İQTISADI ƏMƏKDAŞLIQ TƏŞKILATININ TƏDQİQAT MƏRKƏZİ AZƏRBAYCANDA YERLƏŞƏCƏK

image-reklam_sirab_01

Məlum olduğu kimi, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib…
Əsas məsələyə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edən Xarici İşlər Nazirləri Şurasından, Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası isə İƏT ölkələri səfirlərindən ibarətdir.
13-14 may 1996-cı ildə prezident Heydər Əliyev Aşqabadda İƏT-in IV, 9-10 iyun 2000-ci ildə Tehranda VI, 14 oktyabr 2002-ci ildə İstanbulda VII sammitində iştirak edib.
Bu gün İƏT-in üzvlərinin sıralarına baxmaq kifayətdir ki, ümumi iqtisadi və siyasi münasibət də aydın olsun: Türkiyə, Pakistan, Türkmənistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan , Özbəkistan və Azərbaycan.
Cəmi bir neçə gün əvvəl, noyabrın 12-də İstanbulda Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında qərar qəbul edilmişdi. Türkmənistan digər türk ölkələrindən fərqli olaraq beynəlxalq təşkilatlara, hərbi alyanslara, hətta dövlətlərarası münasibətlərə qapalı neytral ölkədir…
Beləliklə, İƏT-in növbəti XV toplantısının Türkiyədən sədrliyi alıb uğurla başa çatdıran Türkmənistanda keçirilməsi, növbəti sədrliyin Özbəkistana dövr edilməsi də onu göstərir ki, çoxu Türk Dövlətləri Təşkilatının üzvü olan qardaş ölkələr İqtisadi Əməkdaşlıq Təşkilatında da aparıcı mövqeyə malikdirlər.

Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır və bu Mərkəz Azərbaycanda yerləşəcək. Daha sonra son illər ərzində ölkəmizdə gedən iqtisadi inkişafa toxunaraq genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradıldığını vurğulamış, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə, Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşdığını, yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdə olduğunu, Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırıldığını, bunun da yarısının xarici sərmayə olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.
COVID-19-dan danışarkən, Azərbaycan prezidenti cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlanıldığını, yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulduğunu, dövlətimizin “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğunu xüsusi qeyd etmişdir.
Daha sonra 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymasından, 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələnməsindən, işğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilməsindən, ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanmasından danışan dövlətimizin başçısı Zəngəzur dəhlizinin artıq reallıq olduğunu, onun Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyini, İƏT-ə üzv ölkələrin bu dəhlizdən istifadə edəcəklərinə əminliyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfərinin maraqlı məqamlarından biri də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. Azərbaycan Prezidentini salamlayan Prezident Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın İƏT-ə sədrliyi dövründə bu Təşkilatın nüfuzunu artıran Qətnamə qəbul edildiyini xatırlatmışdır. Xarici İşlər Nazirləri Şurasının qətnaməsi Aşqabadda konsensus yolu ilə qəbul edilib. Qətnamənin məzmununa toxunan Türkmənistan Prezidenti demişdir: “Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub. Mən sadəcə demək istəyirəm ki, bu qətnamənin konsensus yolu ilə qəbul edilməsi bizim münasibətlərimizdə parlaq səhifədir. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm”.
Prezident İlham Əliyev də öz növbəsində sözü gedən qətnaməni nəzərdə tutaraq İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi bu qətnamənin qəbul edilməsində fəal rol oynadığına görə təşəkkür bildirərək demişdir: “Həmin qətnamədə qeyd edilib ki, üzv ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edirlər. Bilirsiniz, bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və əlbəttə, bütün Azərbaycan xalqı bu qətnamədə sədr ölkənin və bütün digər üzvlərin qardaşcasına münasibətini görəcək. Ona görə də bu, həqiqətən çox mühüm hadisədir”.
Aşqabadda bu qətnamənin qəbul edilməsini “parlaq tarixi hadisə” adlandıran Prezident Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın üzv ölkələr arasında yeganə neytral ölkə olduğunu, qətnamənin də neytral ölkədə qəbul edilməsinin daha böyük əhəmiyyət kəsb etdiyini, bu siyasi hadisəni inkişaf etdirməyin lazımlığını, “dəmiri isti-isti döyməyin” vacibliyini vurğulamışdır.
Beləliklə, Aşqabadda Azərbaycana qonşu və dost ölkələr arasında
iqtisadi, mədəni və, deməli, həm də siyasi əlaqələrin inkişafına təkan verəcək daha bir görüş başa çatdı…
Güllü Yoloğlu
tarix üzrə elmlər doktoru, türkoloq

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki