image-671673e1-efca-4b2e-a887-968ce583b6dfbackend

“İtaliyanın Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır”-Habil Məmmədov

image-reklam_sirab_01

“Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələr getdikcə genişlənir. Bunu ilk növbədə iki ölkə arasında ticarət dövriyyəsini əks etdirən rəqəmlərdən görmək olur. Keçən il Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard dollar olub ki, bunun da əsasını ölkəmizin ixracatı təşkil edib”.

 

Bu fikirləri Vətəninfo.az-a Azərbaycan prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfərini şərh edən zaman siyasi ekspert Habil Məmmədov bildirib.Ekspert qeyd edib ki, bu ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard dollara çatıb: “İtaliyanın Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Belə ki, onun Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür. İqtisadi əməkdaşlıq bir sıra sahələri əhatə etsə də, öndə enerji tərəfdaşlığıdır. Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri bu tərəfdaşlığın inkişafına yeni bir təkan verəcək. Belə ki, yeni layihələr üçün yollar açılır. Əməkdaşlığın bünövrəsi möhkəm olduğuna görə perspektivlər də böyük, gözləntilər də çoxdur. Məlumdur ki, İtaliya xeyli vaxtdır Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Son illərin ən möhtəşəm meqalayihələrindən olan “Cənub qaz dəhlizi”nin axırıncı məntəqəsi də məhz İtaliyadır”.

Habil Məmmədov vurğulayıb ki,bu dəhliz Azərbaycandan başlayaraq Gürcüstanın,Türkiyənin, Yunanıstanın, Albaniyanın ərazisindən və Adriatik dənizinin altından 3500 kilometr yol keçərək İtaliya torpağına çatır və orada bu ölkənin “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.
“Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) ölkələrimiz arasında enerji əməkdaşlığını möhkəmləndirən vacib amildir: “ Bu kəmər 2020-ci il dekabrın 31-dən qaz nəql edir və İtaliyanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Təkcə keçən il TAP-la İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub. Qeyd edək ki, ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Bu həcmin Avropaya ixrac edilməsində “Cənub qaz dəhlizi”nin ayrılmaz hissəsi – TAP-ın da rolu böyük olacaq. Onu da xatırladaq ki, indi bu dəhliz yeni interkonnektorlarla şaxələnir və nəticədə Azərbaycandan qaz alan ölkələrin də sayı getdikcə artır.
Təsadüfi deyil ki, bu il sentyabrın 5-də Romada Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə də enerji sahəsində ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, kəmərin İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub, xəttin ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb.
İtaliya Nazirlər Şurasının sədri COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu da vurğulayıb. Söhbət zamanı həmçinin İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması məmnunluqla qeyd edilib, bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısının “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşündə də neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edim ki, “Eni”ni Azərbaycanda yaxşı tanıyırlar. “Əsrin müqaviləsi” çərçivəsində ölkəmizdə aparılan işlərin müxtəlif mərhələlərində bu şirkət fəal iştirak edib. Ən mühüm faktlardan biri də budur ki, “Eni” Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin səhmdarlarından biridir və layihədə 5 faizlik iştirak payına malikdir”.

Ekspertin sözlərinə görə,  sentyabrın  5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi göstərdi ki, bu şirkətlə əməkdaşlıq və tərəfdaşlığımız daha geniş sahələri əhatə edəcək: “ Belə ki, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu” mübadiləsi olub. “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu” da mübadilə edilib. Mübadilə edilən sənədlər sırasında “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu” da özünə yer alıb.
Ümumiyyətlə, İtaliya işgüzar dairələri ölkəmizə böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Hazırda Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. Təqdirəlayiq haldır ki, düşmən tapdağından azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuğa start verilən ilk vaxtlatdan bu işlərdə İtaliya şirkətləri də fəal iştirak edirlər. Bu faktın özü də getdikcə inkişaf edən iqtisadi əməkdaşlığın parlaq bir nümunəsidir”.

Xəyalə

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image