image-kamalbackend

Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi beynəlxalq əhəmiyyətli tarixi sənəddir”

image-reklam_sirab_01

“2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında əlaqələr tarixində tamamilə yeni bir mərhələ açmış oldu. Şuşa Bəyannaməsi, Şuşada yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları türk dünyasının gücünə güc qatan Türkiyə-Azərbaycan birliyini və qardaşlığını bütün dünyaya bəyan edən daha bir mesaj oldu. Bu tarixi sənəd ölkələrimiz arasında müttəfiqliyin geostrateji əhəmiyyətini artırmaqla bərabər, münasibətlərimizin bütün müstəvilərdə davamlı inkişafının təminatçısı kimi də qiymətləndirilməlidir. Şuşa Bəyannaməsi sayəsində rəsmən müttəfiqlik zirvəsinə ucalmış Türkiyə və Azərbaycan münasibətləri bu gün artıq siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Şuşa Bəyannaməsi bölgədə ümumi inteqrasiya proseslərini stimullaşdırır və sürətləndirir: “ Şuşa Bəyannaməsi bölgədə, eləcə də bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir. Eyni zamanda, Şuşa Bəyannaməsi Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının da cəmiyyətə inteqrasiyası üçün əlavə imkanlar yaradır”.

K. Qafarov Şuşa Bəyannaməsinin işğaldan azad olunmuş ərazilərə yeni sərmayə qoyuluşunun stimullaşdırılması məsələsində rolunu vurğulayaraq deyib: “İşğaldan azad olunmuş ərazilərimizin və ümumilikdə regionun investisiya potensialı çox yüksəkdir və bu potensial getdikcə artır. Bu artım isə, birmənalı olaraq bölgədə yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Xüsusilə Şuşa və ətraf ərazilərin gözəl turizm imkanları açılacaq. Şuşa Bəyannaməsi regional sülhün və təhlükəsizliyin qarantı kimi çıxış etməklə, bölgəyə investisiya axınını da stimullaşdıracaq. Çünki istənilən investor üçün öz sərmayəsini yatırmağa hazırlaşdığı bölgəyə qarşı irəli sürdüyü ən vacib tələb məhz təhlükəsizlik və sabitliklə bağlıdır.”

Millət vəkili bildirib ki, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi ölkələrimizin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənəddir: “Faktiki olaraq Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsini təsdiq edən bir tarixi sənəd oldu. Türkiyə və Azərbaycan indiyə qədər də bütün məsələlərdə bir yerdə olublar, bundan sonra da bu birlik davam edəcək. Bu gün Şuşa Bəyannaməsinin ölkələrimiz və xalqlarımız üçün əhəmiyyətini olduğu qədər dəyərləndirmək qeyri-mümkündür. Çünki bu Bəyannamə mahiyyət etibarı ilə gələcəyimizə, hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış bir sənəddir. Təsadüfi deyil ki, bu tarixi sənədin imzalanması Azərbaycanda mövcud olan bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq dəstəklənmişdir. Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmişdir. Birmənalı olaraq Şuşa Bəyannaməsini Azərbaycan və Türk xalqlarının şanlı keçmişinə bir sədaqət və gələcək nəsillərə ən dəyərli bir nəsihət nümunəsi olduğunu deyə bilərik”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki