“Təhsil və səhiyyə xərclərinin bir qədər də artırılması üçün ardıcıl tədbirlərin həyata keçirilməsi davam edir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, təhsil sisteminin gücləndirilməsi üçün ödənişli əsaslarla təhsil alması nəzərdə tutulan məcburi köçkün tələbələrin təhsil haqqı qarşılanıb, valideynlərini itirmiş 1129 nəfər tələbənin təhsil haqqı ödənilib, 1 və 2-ci dərəcəli əlilliyi olan gənclərin təhsil haqlarını ödənilməsinə vəsait cəlb olunub: “Bu məqsədlər üçün cəmi 36 milyon manat vəsait sərf edilib. Təhsil Tələbə Kredit Fondunun nizamnamə kapitalının formalaşması üçün dövlət büdcəsindən 80 milyon manat vəsait cəlb olunub. Bununla yanaşı Dövlət Neft Fondu tərəfindən xaricə göndərilən gənclərin təhsilinin maliyyələşməsi üçün 10 milyon manatdan çox vəsait ayrılıb. Səhiyyə xərcləri də ötən il büdcədə xüsusi paya malik olub. İcbari tibbi sığortanın tətbiqinə 1 milyard 4 milyon manat vəsait yönəldilib. Koronavirusla mübarizə tədbirləri üçün proqnozlaşdırılandan çox vəsait istifadə edilib. Proqnozlaşdırılan vəsait koronavirusla mübarizə tədbirlərinə kifayət etmədiyi üçün əlavə vəsait ayrılıb. Ayrılmış vəsait əsasən vaksinlərin alınmasına və müvafiq tibbi avadanlığın alınmasına sərf olunub. Bununla yanaşı, aztəminatlı əhalinin bir sıra xroniki xəstəliklərə qarşı müalicəsi üçün də büdcədən vəsait ayrılıb”.