Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib ki, Vaşinqton və Brüsselin hegemonluğu bitir. Onun sözlərinə görə, gələcək artıq ən böyük iqtisadi mərkəzə çevrilmiş BRİKS-dədir.
Rusiyadan vaxtaşırı Qərblə bağlı belə mövqe səsləndirilir və iddia edilir ki, dünyanın gələcəyinin təməli Şərq Bloku ilə qurulur.
Doğrudanmı ABŞ, Aİ timsalında Qərb artıq siyasi, iqtisadi və ideoloji baxımdan dövrünü başa vurur?
************
Bəşər tarixindəki ən güclü ittifaq olan NATO və ona əks qütbdə dayanan Rusiya hazırda ən çox Çindən çəkinir.
Rusiyanın bəyanatı bu baxımdan Moskvanın NATO qarşısındakı gücünü göstərməkdən çox, Moskvanın Pekinlə əməkdaşlıq modeli çərçivəsində Qərb dəyərlərini sökə bilmək çağırışlarına işarə edir. Çünki Ukraynadakı müharibənin yaratdığı qlobal xaosun içərisindən Çin perspektivinin ucalması heç bir güc mərkəzinin diqqətindən kənarda qala bilməz.
İstər Rusiya, istərsə də Qərb öz təhlükəsizlikləri üçün sistemli problemlərlə üzləşdiyi bir zamanda Çinin nüfuzunu yüksəltməsi Pekinin iştirak etdiyi iqtisadi bloklarda onun çəkisini artırır. Ancaq bu məqam Çinin perspektiv gücünü əks etdirən bir maşındır, hazırda isə güc dinamikasında ciddi dəyişikliklərin olduğunu söyləmək tezdir.
Çünki həm quruda, həm də dəniz məkanlarında ciddi bir dəyişiklik nəzərə çarpmır. Məncə, böyükölçülü dəyişikliklər o zaman baş verəcək ki, güc mərkəzləri arasında donanmalarının məğlubiyyətini yekunlaşdırmağı hədəfləyən savaş başlasın”.
Rəqiblərdən hansının güclü məcburedici taktiki və strateji səy göstərəcəyini indidən proqnozlaşdırmaq çətindir.
Bununla belə, Çinin son zamanlar Tayvan adası ətrafında dəniz təlimləri Avrasiya materikində güc çərçivələrini dağıdıb, yenisini inşa etməyə hədəflənib. Təəccüblü deyil ki, Avropa İttifaqı Hind-Sakit Okean regionunda əməkdaşlıq strategiyasında Cənubi Çin dənizinin və Tayvan boğazının təhlükəsizliyinin Avropanın təhlükəsizliyinə və rifahına birbaşa təsir göstərə biləcəyini bildirir.
Avropa İttifaqı ilə ABŞ arasında Çin və Hind-Sakit Okean hövzəsinin yaratdığı daha böyük problemlərə diqqət və resurs ayırmaq uğrunda da bir-birlərindən uzaqlaşmaq tendensiyaları mövcuddur. Başqa sözlə, apardığım təhlillərdən gəldiyim qənaət belədir ki, beynəlxalq oyunçuların təsir dairəsi Çinin başlada biləcəyi həmlələrlə yerdəyişməyə məruz qalacaq. Qərb də, Rusiya da bu həmlələrə hazırlıq məşqləri həyata keçirir.
ABŞ-ın Böyük Britaniya kimi dəyərli müttəfiqi var, Rusiya isə müttəfiqlər axtarışındadır, çünki hazırkı Moskva-Pekin münasibətləri belə birbaşa strateji müttəfiqlik səhnəsini əks etdirmir.
Ukraynadakı müharibə son akt deyil, Rusiya ilə Çinin tərəfdaşlığı, NATO-nun gücləndirilməsi daha böyük arealda – Uzaq Şərqdə baş verə biləcək proseslərə hazırlığın bir hissəsidir.