image-01-1backend

Konstruktiv əməkdaşlıq platforması

image-reklam_sirab_01

 

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. Bu səfərin bir sıra əhəmiyyətli məqamları nəinki postsovet ölkələrinin, eləcə də dünyanın diqqətini cəlb etdi.

Azərbaycan İƏT-in fəal üzvüdür. Ölkəmizin İƏT-ə üzv dövlətlərlə münasibətləri  dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan  beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir.

Bur sıra nüfuzlu xarici iqtisadi nəşrlərin də təsdiqlədiyi kimi son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Zirvə toplantısında Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı, onun 44 günlük Vətən müharibəsindəki Qələbəsinə də toxunulub. Qeyd edilib ki, bu Qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsidir.

Toplantıda müzakirə edilən məsələlər sırasında pandemiya fəsadları ilə mübarizə məsələlərinə də xüsusi yer ayrılıb. Azərbaycanda artıq yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur. Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib və  2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.

Qeyd edilib ki, ölkəmiz pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Azərbaycan “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğunu daim vurğulayır. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib.  Əlavə olaraq, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım edib.

Zirvə Toplantısında həmçinin bildirilib ki, bu gün Zəngəzur dəhlizi artıq reallığa çevrilib. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək və İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.

 

Tufan Məmmədov – iqtisadçı ekspert


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki