ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatında Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu dövrdə ermənilərin törətdiyi vandallıq aktlarının, xalqımıza məxsus abidələrin, məzarlıqların dağıdılması ilə bağlı faktların yer alması təqdirəlayiqdir. Hesabatda da qeyd olunur ki, uzunmüddətli münaqişənin bölgədəki mədəni irsə faciəvi təsirləri olub. İşğaldan azad edilmiş ərazilərə səfər edən diplomatlar, hərbi attaşelər, vətəndaş cəmiyyəti nümayəndələri və media nümayəndələrinə görə ermənilərin nəzarətində olduğu dövr ərzində təxminən 400 min azərbaycanlıya məxsus çox sayda məscid, ziyarətgah, məzarlıq daxil olmaqla, yüzlərlə dini irs abidəsi qarət olunub. Abidələr vandalizmə məruz qalıb, murdarlanıb və ya dağıdılıb.
Amma hesabatda indiki Ermənistan ərazisində yerləşən Azərbaycan xalqına məxsus mili-mədəni irslə bağlı faktların əks olunmaması təəssüf doğurur. Azərbaycan icitmaiyyəti haqlı olaraq Göy məscid, Qala Məscidi, Şah Abbas, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscidin bərpasını tələb edir. Ermənistanda azərbaycanlılara məxsus 500-dən çox qəbristanlığın məhv edilməsi, Azərbaycanad aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin qəbrinin dağıdılması əsl vandallıq aktıdır. Bu, Ermənistanın heç bir ümumbəşəri dəyərləri qəbul etmədiyini təsdiqləyir.
Ermənistan bu davranışlarına görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır.
Ümumiyyətlə, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir. Ermənistan bu cinayətlərini ört-basdır etmək üçün hər zaman faktaraşdırıcı missiyanın əleyhinə olub. Təəssüf ki, UNESCO-nu daha çox narahat edən yalnız kilsələrin vəziyyəti idi. Prezident İlham Əliyev bu barədə çıxışlarının birində qeyd edib ki, “onlar bizi az qala vandalizmdə təqsirləndirməyə çalışırdılar, düşünürdülər ki, indi biz kilsələri dağıdacağıq. Biz ermənilərin buraya gəlməsi marşrutunu onlarla razılaşdırdıq. Onlar da, onlarla əlaqədə olan bəzi ölkələr də çox təkidlə buraya gəlmək istəyirdilər. Biz işğaldan azad edilmiş ərazilərə xarici diplomatların və əcnəbi jurnalistlərin səfərlərini təşkil edəndə, onlar bu kilsələrin və bu qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı”. Təəssüf ki, reallıq bundan ibarətdir. Amma UNESCO ədalətli olmalı, faktaraşdırıcı missiya bu faktları araşdırmağa maraq göstərməlidir.