İşğaldan azad olunmuş ərazilərdə ermənilərin vurduğu zərərlərin nəticələri aradan qaldırılır. Prezident İlham Əliyev Şuşada da söylədiyi kimi hər gün daş üstünə daş qoyulur. Xüsusilə Şuşada tarixi binaların bərpası mədəni-tarixi irsin, mədəniyyət paytaxtımızın memarlıq tarixinin qorunub saxlanması baxımından vacibdir. Şuşada Mehmandarovların malikanə kompleksi, məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin bərpası Heydər Əliyev Fondu tərəfindən ən yüksək standartlara uyğun aparılır. Ən vacib məqam burada mütəxəssislərin qiymətləndirmə işləri aparması və bərpa işlərinin orijinala uyğun həyata keçirilməsidir. Əslən Şuşadan olan şəxslərin yaşadığı binalara bu cür həssas yanaşma həm Qarabağ ziyalılarına ehtiramın göstəricisidir, eyni zamanda Şuşanın tarixən qədim Azərbaycan şəhəri olduğunu bir daha təsdiqləyir. İşğal dövründə öz tarixi simasını dəyişməyən Şuşa bərpa və quruculuqdan sonra Azərbaycanın ən qədim və ən inkişaf etmiş şəhərlərindən biri kimi statusunu möhkəmləndirəcək.
Azad olunmuş ərazilərdə ekoloji tarazlığın təmin olunması istiqamətində də praktik addımlar atılır. Füzulidə yeni yaradılacaq mərkəzi park kompleksi bu baxımdan əhəmiyyət kəsb edir. Bu park kompleksi şəhərdə ekoloji tarazlığın qorunmasını təmin edəcək. Burada istifadəyə verilən yeni otellər isə turizm imkanlarının genişlənməsinə xidmət edir. Bir sözlə, həyata keçirilən bərpa-quruculuq işləri işğaldan azad edilmiş ərazilərin timsalında bütövlükdə ölkənin inkişafını təmin edəcək.
Ümumiyyətlə, Azərbaycan öz maliyyə imkanları hesabına Qarabağı dirçəldir. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir. Şəhərlər, kəndlər yenidən qurulur. Prezident İlham Əliyevin mayın 10-da azad olunmuş ərazilərə səfəri zamanı tanış olduğu yeni sosial infrastruktur layihələri də göstərdi ki, bütün bölgələrdə olduğu kimi, Füzuli və Şuşada həm sosial infrastruktur yenidən qurulur, həm bölgədə mədəni-tarixi irs bərpa edilir. Yeni təməli qoyulan 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası isə əhalinin sağlamlığının qorunması baxımından əhəmiyyətli sosial infrasrtruktur layihələrindən biridir. Təsadüfi deyil ki, bu ilin fevralında Ağdamda da ən müasir tələblərə cavab verən səhiyyə ocağının inşasına başlanıb. Eyni zamanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri həyata keçiriləcək. Bu, bütün ölkə ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin təşkili işlərinin sürətlə həyata keçirildiyini təsdiqləyir. Azad olunmuş ərazilərə qayıdan soydaşlarımızın sağlamlığının qorunması, onlara ən yüksək standartlara uyğun tibbi xidmət göstərilməsi sosial siyasətin tərkib hissəsidir.