image-photo-2021-11-26-15-43-16backend

Laçın rayonunun 30 illik əsarətdən xilası

image-reklam_sirab_01

Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır.
Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir.
Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağacları var. Mineral suları tam tədqiq edilməyib.
Tanınmış şəxslər: XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi Qara Murtuza bəy; XVII əsrdə yaşamış məşhur Azərbaycan aşığı Sarı Aşıq; Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ general qubernatoru Xosrov bəy Sultanov; Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin (pedaqoji məktəbin) ilk təşkilatçı və müdiri Müseyib İlyasov; Azərbaycan Demokratik Respublikası dövründə təhsil naziri Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov və b.
Azərbaycan Respublikası Laçın dəhlizi üzərində suveren haqlarını kimsəyə təslim etməyib, dəhlizdə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır.

Hər kəsin bildiyi kimi Laçın rayonu əhəmiyyətli strateji mövqeyə malikdir. Laçın rayonu Ermənistanla Dağlıq Qarabağ arasında koridor rolunu oynayır. Buna görə, bu rayonun işğalı ermənilər üçün Qarabağa yolun açılması demək idi. Bu səbəblə düşmən tərəfi Laçının işğalında xüsusi amansızlıq göstərmiş, Azərbaycan xalqını dədə-baba yurdundan didərgin salmışdır.

Laçın rayonu 1992-ci il mayın 18-də qəsbkar və terrorist Ermənistan tərəfindən işğal edilmişdir. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmışdır. 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuş, Rayon üzrə 1 yaşdan 16 yaşadək 24.374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olmuş, 31-i hər iki valideynini itirmiş, 64 min nəfər məcburi köçkünə çevrilmişdir.

Bu işğalda ermənilər rayona və özəl mülkiyyətlərə ciddi ziyan vurmuşdurlar. Rayon ərazisində 217 mədəniyyət, 462 ticarət, 30 rabitə, 101 təhsil, 142 səhiyyə müəssisəsi ermənilər tərəfindən məhv edilmişdir. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli abidə vandalizmə məruz qalmışdır. 13.745 yaşayış evi qarət edilərək yandırılmışdır. Laçın rayonunun sərvəti talan olunaraq Ermənistana aparılmış, mədəniyyət ocaqlarımız, tarixi abidələrimiz dağıdılaraq məhv edilmişdir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirmişdir.

Köçkün düşən əhaliyə Azərbaycan Respublikası tərəfindən yardım göstərilsə də, əhali çox qəmgin idi. Nəhayət 2020-ci ildə baş vermiş 44 günlük müharibədə Azərbaycan qalib gəlmiş və Laçın rayonu azad edilmişdir. Ancaq yenədə bizlər 1992-ci ildə baş vermiş işğalı, Laçın rayon əhalisinə edilən təcavüzü unutmamalıyıq.

Zəfəri ölkəmizə qazandıran müzəffər Ali Baş Komandan ətrafında cəm olan xalqımız Laçını yenidən dirildəcək. Cənnət məkan Qarabağ yenidən öz abadlığına qovuşacaq.

 

Nuriyeva Gülər

ADPU

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki