Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Vətəninfo.az-a verilən məlumatda deyilir ki,iyulun 14-də ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Litva parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüblər. Qonaqlar, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən litvalı parlamentarilərə Şəhidlər xiyabanı və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı Litva parlamentinin nümayəndə heyətini Milli Məclisin Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev və ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev müşayiət ediblər.