Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. 125 seçki dairəsi üzrə lider namizədlər açıqlanıb və qarşıdakı günlərdə seçkilərin nəticələrinin təsdiq ediləcəyi gözlənilir.
Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 22-dək dairələr üzrə nəticələri təsdiqləməli və baxılması üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Yekun nəticələrə Konstitusiya Məhkəməsi nöqtə qoyacaq.
Seçkilərin növbədənkənar keçirilməsi Mərkəzi Seçki Komissiyasının (MSK) da vaxtından əvvəl buraxılacağı barədə müzakirələrə səbəb olub.
Qeyd edək ki, MSK Prezident seçkilərinin və Milli Məclis deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir.
Ətraflı
Vətəninfo.az-ın məlumatına görə, Azərbaycanda seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.
Mərkəzi Seçki Komissiyasının sonuncu tərkibi 2021-ci ilin aprel ayının 27-də formalaşıb. Bundan əvvəlki parlament seçkiləri növbədənkənar keçirilsə də, MSK-nın yeni tərkibi əvvəlki üzvlərinin səlahiyyət müddətinin 5-ci ilinin tamam olmasından sonra formalaşıb.
Beləliklə, MSK-nın yeni tərkibinin 2026-cı ilin aprel ayında formalaşacağı gözlənilir.
Qeyd edək ki, MSK-nın üzvləri Milli Məclis tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə.