image-adil-750x470backend

Milli Məclisin sədr müavini Adil Əliyev: “Azərbaycanda cari ilin birinci rübünün nəticələri nikbinlik doğurur”

image-reklam_sirab_01

“Prezident İlham Əliyevin 12 apreldə cari ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə səsləndirdiyi əsas müddəalardan biri ondan ibarət olmuşdur ki, Vətən müharibəsindən sonrakı birinci ilin nəticələri qarşıya qoyulmuş bütün vəzifələrin icra edildiyini təsdiq edir. Bu isə 2022-ci ildə uğurlu fəaliyyət və nəticələr gözləməyə ciddi əsas verir. Cari 2022-ci ilin birinci rübünün yekunları aparılan siyasətin doğru olduğunu göstərir. Müxtəlif sahələr və istiqamətlər üzrə müvafiq faktlar, rəqəmlər və göstəricilər bunu əks etdirir”.

Veteninfo.az xəbər verir ki, Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

“İlk növbədə Vətən müharibəsinin nəticələri beynəlxalq səviyyədə tanıdılır və möhkəmləndirilir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin və təmasların Vətən müharibəsindən sonra daha da intensivləşməsi buna dəlalət edir. Avropa İttifaqı Azərbaycana 2 milyard avro məbləğində maliyyə paketi elan edib. Ermənistanla sülh gündəliyinin formalaşmasında Avropa İttifaqının vasitəçiliyinin müsbət rol oynaması barədə nikbinlik yaradan ilkin əlamətlər var. Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi 5 prinsipdən ibarət təkliflər paketinə müsbət yanaşdığını bildirmişdir. Həmin prinsiplər iki ölkə arasında münasibətlərin normallaşması və sülh sazişinin hazırlanması üçün əsaslar kimi çıxış edir. Xüsusilə əlamətdar hadisə ondan ibarətdir ki, 30 illik münaqişə müddətində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ilk dəfə birbaşa telefon söhbəti olmuşdur. Bu qeyd edilənlər Ermənistan tərəfinin Vətən müharibəsinin nəticələrini qəbul etməsi istiqamətində irəliləyiş hesab oluna bilər. Bu, təbiidir. Çünki Ermənistanın gələcəyi və inkişafı qonşu ölkələrlə, xüsusən Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasından asılı olacaq.

Buna baxmayaraq, tarixi təcrübə göstərir ki, arxayınlaşmaq olmaz. Ona görə də Vətən müharibəsinin hər günü dərindən təhlil edilib və ordu quruculuğunun daha səmərəli təşkili üçün müvafiq iş aparılır. Müdafiə Nazirliyində struktur islahatları aparılıb. İstənilən vəzifəni icra etməyə qadir olan yeni qoşun növü – Komando növü yaradılıb. Eləcə də Vətən müharibəsinin sinağından qəhrəmancasına çıxmış Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılır. Bu istiqamətdə tələb olunan vəsaitlər lazımınca ayrılır. Ordu quruculuğunun inkişafı və hərbi peşəkarlığın yüksəldilməsi Ermənistan üçün çəkindirici amil kimi çıxış etməlidir və şübhəsiz ki, Ermənistanın son dövrdə münasibətlərin normallaşması üçün müsbət siqnallar verməsində bu amil mühüm rol oynayır.

Vətən müharibəsinin nəticələrinin beynəlxalq müstəvidə təsbit edilməsi prosesinə paralel olaraq, Azərbaycan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası və reinteqrasiyası ilə bağlı planları yerinə yetirir, böyük investisiya layihələri həyata keçirir. Eyni zamanda, əhalinin, o cümlədən şəhid ailələrinin, qazilərin, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması prioritet istiqamətlərdən biri olaraq davam etdirilir. Bütün bu prioritet istiqamətlər üzrə uğurlu və səmərəli fəaliyyətın davamlılığı ciddi iqtisadi resurslar tələb edir ki, bu da öz növbəsində ölkə iqtisadiyyatının sistemli inkişafını mütləq və zəruri edir. Bu kontekstdə məmnuniyyətlə  qeyd olunmalıdır ki, cari ilin birinci rübünün iqtisadi göstəriciləri müsbətdir. Ümumi Daxili Məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, qeyri-neft sənaye istehsalında isə 18 faizdən çoxdur.

Əlamətdar haldır ki, xarici ticarətin balansı xeyli dərəcədə müsbətdir.  Halbuki, dünyanın əksər ölkələrində saldo mənfidir, yəni ölkələr ixrac etdiyindən daha çox idxal edir. Azərbaycanda isə ixracımız idxalımızı üstələyərək təkcə cari ilin birinci rübündə müsbət saldo 5,1 milyard dollar təşkil edib.

Cari ilin birinci rübü ərzində əldə edilmiş müsbət nəticələri qeyd edən Prezident İlham Əliyev qarşıda duran çağırışlara  hazır olmağın vacibliyini vurğulayıb. Dünyada baş verən münaqişələr səbəbindən yaranan ərzaq qıtlığı və qiymətlərin yüksəlməsi, xüsusən də əsas taxıl istehsalçıları olan Rusiya və Ukrayna arasında baş verən hadisələrlə əlaqədar ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların həll edilməsinin diqqət mərkəzində saxlanmalı olduğunu bildirib və müvafiq göstərişlər verib. İşğaldan azad edilmiş torpaqlardakı su mənbələrinin mövcudluğu, müvafiq şəraitin yaradılması və əkin işlərinin aparılması bu çağırışların öhdəsindən gəlmək üçün mühüm töhfə verəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image