image-parbackend

Milli Məclisin sədri Sahibə Qafarova Koreya Milli Assambleyasının Gender bərabərliyi və ailə komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

image-reklam_sirab_01

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 7-də Koreya Respublikası Milli Assambleyasının Gender bərabərliyi və ailə komitəsinin sədri İn-suk Kvonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Söhbət zamanı ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan və Koreya arasındakı münasibətlərin mövcud vəziyyətinin məmnunluq doğurduğu qeyd olunaraq, ölkələrimiz arasında fəal siyasi dialoq və sıx iqtisadi əməkdaşlıq münasibətlərinin çoxsaylı istiqamətlər üzrə əlaqələrin inkişafına geniş perspektivlər yaratdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, münasibətlərimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər, xüsusilə dövlət başçılarının səfərləri ikitərəfli münasibətlərin daha da genişlənməsi üçün çox möhkəm zəmin yaradıb.

Cari ilin noyabr ayında Koreya Respublikasına rəsmi səfərini xatırlayan Milli Məclisin sədri, səfər çərçivəsində keçirilən görüşlərdən məmnunluğunu bildirib. O, görüşlərdə parlamentlərimizin müvafiq komitələri arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıldığını xatırladıb.

Görüşdə, həmçinin hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının parlamentlərarası münasibətlərin inkişafında xüsusi rol oynadığı ifadə edilib.

Söhbət zamanı tərəflər gender məsələlərinə dair də fikir mübadiləsi aparıblar. Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycanda qadın hüquqlarının təmin olunması, qadınların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılmasının bu sahədə hökumət-parlament əməkdaşlığının təmin edilməsi istiqamətində atılmış mühüm addım olduğunu bildirib.

Koreya Respublikası Milli Assambleyasının Gender bərabərliyi və ailə komitəsinin sədri İn-suk Kvon da Azərbaycanda olduğu kimi, Koreyada da gender məsələlərinə, qadın hüquqlarının qorunmasına və qadınların ictimai həyatda fəallıqlarının artırılmasına böyük əhəmiyyət verildiyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən komitə sədri, ümidvar olduğunu deyib ki, belə səfərlərin intensivliyi daha da artacaq. Ölkələrimiz və xalqlarımız arasında oxşar cəhətlərin çox olduğunu söyləyən İn-suk Kvon, münasibətlərimizin inkişafı üçün böyük potensialın mövcudluğunu ifadə edib. O, enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib rolunu diqqətə çatdırıb.

Söhbət zamanı regionda mövcud olan vəziyyət barədə də məlumat verilib.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Koreya Respublikası Milli Assambleyasının üzvü, Gender Bərabərliyi və Ailə Komitəsinin sədr müavini, Koreya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Şin Hyun-yonq və digər rəsmi şəxslər iştirak ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image