image-mbackend

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb

image-reklam_sirab_01

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, xalqlarımız arasında oxşar dini və mənəvi dəyərlərin, dil birliyinin dərin tarixi köklərə malik olan əlaqələrimizin daha da dərinləşməsinə böyük töhfələr verdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolu xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimiz yeni mərhələyə daxil olub və hazırda ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər.

Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını işğaldan azad etməsinin Özbəkistanda da sevinclə qarşılandığını bildirən Tənzilə Narbayeva Azərbaycan xalqının hazırda işğaldan azad edilmiş ərazilərdə quruculuq və yenidənqurma işlərini böyük uğurla həyata keçirdiyini söyləyib. O, özünün ölkəmizə səfəri çərçivəsində Şuşa şəhərinə getdiyini xatırladaraq, həmin ərazilərdə görülən işlər və Şuşanın gözəlliyi haqqında müsbət təəssüratlarını bildirib.

Senatın sədri Azərbaycan Prezidentinin öz ölkəsinə və xalqına möhtəşəm uğurlar qazandıran lider olmaqla yanaşı, həmçinin dünya miqyasında böyük hörmət və ehtiram göstərilən siyasətçilərdən biri olduğunu vurğulayıb.

Milli Məclisin sədri görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladaraq, türk dövlətləri arasında əlaqələrin dərinləşməsində Azərbaycan və Özbəkistanın dövlət başçılarının rolunu xüsusi qeyd edib. O, deyib ki, millət vəkilləri də bu istiqamətdə görülən işlərə özünəməxsus töhfələr verməlidir.

Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin roluna da diqqət yetirilərək, qanunverici orqanlarımız arasında sıx təmasların mövcud olduğu bildirilib. Spiker Sahibə Qafarova deyib ki, qarşılıqlı təmasların genişləndirilməsi parlamentlərimiz arasında münasibətlərin inkişafına əsaslı töhfələr verir. O, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladıb. Qeyd edilib ki, parlamentarilərimiz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və bir-birinin mövqelərini dəstəkləyirlər. O cümlədən, ikili standartlara, beynəlxalq platformalarda ölkələrimiz haqqında qərəzli münasibətə qarşı bundan sonra da birgə mübarizənin vacibliyi vurğulanıb. Tərəflər parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını da nəzərdən keçiriblər.

Söhbət zamanı Asiya Qadın Forumunun əhəmiyyəti və müzakirə olunacaq mövzuların aktuallığı barədə də fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova dost və qardaş Özbəkistanın belə mühüm bir beynəlxalq tədbirə evsahibliyi etməsindən məmnunluğunu ifadə edərək, Forumun yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image