Ukraynada davam edən müharibənin bütünlükdə dünya üçün mənfi fəsadları təkcə siyasi, hüquqi, iqtisadi, demoqrafik və s. aspektlərdən ibarət deyil. Rusiyanın başlatdığı və heç cür bitirə bilmədiyi bu savaş həmçinin, bütün planet üçün zəruri olan qlobal ərzaq balansı və təminatı üzrə də ciddi problemlər yaratmaqdadır…
Ötən gün Ukaryna tərəfindən Novorossiysk limanına endirilən kütləvi hava zərbəsi Rusiyanın Qara dənizdəki bu əsas limanını iflic edib. Liman infrastrukturuna, gəmilərə, hərbi və mülki obyektlərə ciddi ziyan dəyib, xeyli dağıntılar və yanğınlar qeydə alınıb.
Dağıdılan infrastruktur obyektləri sırasında Rusiyanın ən böyük dərin su taxıl terminalı olan və 300.000 tona qədər saxlama tutumuna malik Novorossiysk Taxıl Zavodu və limanın taxıl yükləmə avadanlıqları da var.
Qeyd edək ki, Rusiya taxıl ixracının təxminən 12%-ni məhz bu liman vasitəsilə həyata keçirirdi və bu, böyük rəqəmdir. Son hücum isə bu limandan taxıl ixracını mümkünsüz vəziyyətə gətirib və onun nə zaman bərpa olunacağı bilinmir.
Bu arada Rusiya XİN Mariya Zaxarovanın dili ilə bəyan edib ki, Ukraynanın ölkənin taxıl və kənd təsərrüfatı infrastrukturuna hücumları qlobal ərzaq qiymətlərinin və taxıl qıtlığının artmasına səbəb olur. Yəni, bütün bu baş verənlərdə Ukraynanı günahlandırıb, sanki müharibəni Moskva yox, Kiyev başlayıb…
Zaxarova bildirib ki, bütün bunlar taxıl və gübrə qıtlığını daha da artırır, qlobal ərzaq qiymətlərinin artmasına səbəb olur: “Qərbdəki oyunçuların məsuliyyətsiz siyasətinin girovuna çevrilən Qlobal Cənub və Şərq ölkələrinin üzərinə düşən yükü artırır”.
Göründüyü kimi, kimin kimi birinci vurmasından asılı olmayaraq, qarşılıqlı hava hücumları Rusiya və Ukraynanın taxıl ixracından böyük ölçüdə asılı olan dünya ölkələri üçün ərazq təminatı baxımından böyük təhlükə və təhdid yaradır. Tərəflər, xüsusilə də Rusiya bu vəziyyətdən siyasi manipulyasiyalar üçün istifadə edir və yaranan duruma görə məsuliyyəti Ukraynanın üzərinə ataraq, öz işğalına haqq qazandırmağa çalışır…
Doğrudan da bu yay Ukrayna Rusiyanın bütünlükdə iqtisadi infrastrukturuna hücumlarını gücləndirib. Kiyev hesab edir ki, məhz iqtisadi imkanlarının mövcudluğu Moskvanın Ukraynaya qarşı hərbi kampaniyasının əsasını təşkil edir. Buna görə də xüsusilə kənd təsərrüfatı ixrac infrastrukturunu hədəf alır. İşğala hər yolla son qoymağa çalışan və faktiki ölüm-dirim savaşı aparan Kiyev bu hədəfləri tam legitim hesab edir…
Bir sözlə, məsələnin sırf hərbi-siyasi aspekti və kimin günahkar olduğu aydındır. Bununla yanaşı, danılmaz faktdır ki, Rusiya dünyanın ən böyük buğda ixracatçısıdır. Ukrayna da dünya ölkələrinin buğda ilə təminatında ilk sıralarda duran ölkələrdən biridir. Məsələ ondadır ki, təkcə Ukrayna Rusiyanın deyil, Rusiya da Ukraynanın taxıl ixracına mümkün olan bütün yollarla əngəllər yaradır, onun liman, gəmiçilik, nəqliyyat infrastrukturunu dağıdır. Rusiyanın Qara dənizdə limanlara və gəmilərə hücumları Ukraynadan taxıl daşınmalarını kəskin şəkildə azaldıb. Ukrayna Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, avqustun ilk iki həftəsində daşınma həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 76%(!) azalıb.
Bütün bu qarşılıqlı bir-birini məhvetmə zərbələri və xüsusilə də Ukraynanın Novorossiyskə son zərbəsi nəticəsində dünya bazarında taxıl fyuçersləri kəskin şəkildə artıb, qiymətlər bahalaşıb.
Əlbəttə ki, qlobal dünyanın tərkib hissəsi olan Azərbaycan da Rusiyanın apardığı ədalətsiz müharibənin fəsadlarından, o cümlədən taxıl bazarında yaranan durumdan təsirlənməyə bilməz.
2026-cı ilin mayında kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Azərbaycanda daxili buğda istehsalının 1,573 milyon ton, idxalının isə 1,267 milyon ton olduğunu qeyd edərək, özünütəminetmə göstəricisinin 55% ətrafında olduğunu bildirib.
Yəni, Azərbaycan istehlak etdiyi buğdanın təxminən yarısını xaricdən idxal edir. Buğda idxal etdiyimiz əsas ölkələr isə bəllidir – Rusiya və Qazaxıstan. Ölkəmiz Türkiyə və hətta Avstriyadan da taxıl alıb.
Lakin bunlar cüzi rəqəmlər təşkil edir və faktiki olaraq Azərbaycanın buğda idxalının 99,99%-i Rusiya və Qazaxıstanın payına düşür. Onu da qeyd edək ki, 2024-cü ilə qədər Azərbaycan taxılın 90 faizdən çoxunu Rusiyadan alırdı. 2024-cü ildə idxal olunan buğdanın 90,2%-i Rusiyadan gəlib. Lakin ötən il bu göstərici Qazaxıstanın xeyrinə dəyişib.
2025-ci ildə Azərbaycan ümumilikdə 1 milyon 267,3 min ton buğda idxal edib. İdxalın dəyəri 275,6 milyon ABŞ dolları olub. Bunun 662. 269 tonu, yəni 52.3 faizi Qazaxıstanın, 604.944 tonu, yəni 47 faizi Rusiyanın payına düşüb. Bu o deməkdir ki, Azərbaycanın Rusiya taxılından asılılıq səviyyəsi ötən il iki dəfəyə qədər azaldılıb. Lakin bu tendensiyanın nə dərəcədə davamlı olacağı və Qazaxıstanın Rusiyanın yerini nə dərəcədə ardıcıllıqla tuta biləcəyini indidən demək çətindir.
Ona görə də ilk növbədə Azərbaycanın özünün daxili istehsalının artırılması və idxaldan asılılığının minimuma endirilməsi lazımdır. Eyni zamanda da sözsüz ki, Ukraynadakı amansız işğalçılıq savaşına son qoyulmalı, dünya rahat nəfəs almalı və yaranan qlobal ərzaq qıtlığı təhlükəsi aradan qalxmalıdır…“AzPolitika.info”


























