ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ və regional rəsmilərə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, “Tramp administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına və neft və qaz nəqli üçün Hörmüz boğazından asılılığı azaltmağa kömək etmək üçün nəzərdə tutulmuş yeni fonda 5 milyard dollar investisiya qoymağı təklif edib”.
WSJ-nin qeyd etdiyi kimi, bu addım yeddi ay davam edən münaqişənin qlobal enerji bazarını qeyri-sabitləşdirdiyinin “gizli etirafıdır”. Hərbi əməliyyatlar nəticəsində regional boru kəmərləri və neft emalı zavodları dağıdılıb və onların bərpası xeyli xərc tələb edəcək.


























