image-111backend

Müsəlmanların ilk qibləsi olan Petra: Tarixin ən qeyri-adi şəhəri -FOTOLAR

image-reklam_sirab_01

…Bəşər özünü tapmaq üçün üzü Şərqə tərəf getməlidir !
F i r y e
İngilis səyyahı.

“Dünya düzəni Şərqdən başlayıb”- bu fikirləri məşhur ingilis səyyahı və dövlət xadimi Conas Hanvey bildirib. Dünyanın düzəninin başladığı Şərq bir zamanlar gözəlliklər məskəni idi. Son 34 il Şərq təlatümlər içərisində olsa da dünya xalqları bu gözəlliklərdən xali olmaq üçün bütün çətinliklərə baxmayaraq Şərqə üz tutur. Şərq bütün sivilizasiyaların mərkəzi olduğu üçün bəlkə də dünyanın qəzəbinə gəlib. Amma tarixi silmək, yox etmək mümkün deyil.  Böyük səfərlər zamanı insanın yaddaşında hansısa bir söz ilişib qalır. Sonra, lap sonra anlayırsan ki, bu səfərin xəlvət qapılarını açmaq üçün eşitdiyin o qəfil ifadə sanki bir açar imiş. Elə mən də İordaniyaya səfər edəcəyimi eşidəndə kitabları vərəqləməyə başladım.  Dünyanı Şərqlə ədavətinin sirlərini anlamağa çalışdım. Yaddaşımda qalan məhz İngilis səyyahı Firyenin sözü həkk olundu:”…Bəşər özünü tapmaq üçün üzü Şərqə tərəf getməlidir !”

Səfərimiz boyu bu söz mənə rahatlıq vermədi. Niyə Şərq?

İordaniya turizm bürosunun dəvəti və “R-travel&Tours” Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində İordaniyaya baş tutan səfərimiz olduqca maraqlı idi. Bu səfərə ölkəmizin bir neçə turizm şirkəti və bloggerlər dəvət olunmuşdu.

image-1

İordaniyaya ayaq basandan çox maraqlı mənzərələr bizi addımbaaddım izləyirdi. Fərqli dillər bir-biri ilə görüşəndə ortaya üçüncü mücərrəd bir dil çıxır. O dildə adamların, şəhərlərin, küçələrin adını söyləmək olar, hətta vaxtı və günü də təyin etmək mümkündür. Biz də o mücərrəd “dil”ə elə bil bədahətən yiyələndik.

İordaniyanın kəşf etməyin yolunda idik. Yaxşı mənada İordaniya bizim üçün kəşf edilməmişdi. Maraqlı olduğumuz çox məqam var. Səfər yoldaşlarımızdan heç kim İordaniyada olmadığından hər kəs qarşılaşacağı məqamlardan  maraqlı idi. Sosial şəbəkədə İordaniyada olduğumuzu bilən səyahətçilər mütləq baş çəkməli olduğumuz yerləri belə yazmışdılar. Bizi maraqlandıran isə tarixin gizlinlərini özündə qoruyub saxlayan Petraya səfər düşündürürdü.  Əslində Petranı yunanlar cənnət adlandırıdılar. Maraqlıdır ki, qədim şumerlər tarixin də nağılları da gələcəyin işi adlandırırdılar. Mənə elə gəlir ki, əslində nağıllar da, rəvayətlər də , üstünə ütü çəkilməmiş dünyanın qırışlarıdır. Bunu mən Petrada olanda bir daha hiss etdim. Həm Petrada, ümumən isə  İordaniyada bir Azərbaycan sevgisi var idi. Çox yerdə Azərbaycandan olduğumuzu bilən kimi “Qarabağ” futbol klubunu soruşurdular. İordaniyalı futbol azarkeşləri “Qarabağ”ı sevirdilər. Bu sevgini bir təzahürünü isə Petrada bayraqla şəkil çəkdirməyə icazə verməyəndə hiss etdik. Yalnız azərbaycanlı olduğumuzu bildikdən sonra bizə bu icazəni verdilər. Çünki burada bayraqla ancaq rəsmi icazə olduqdan sonra şəkil çəkdirmək mümkündür. İndi isə qayıdaq Petranın əzəmətli tarixinə və bu gününə…

image-16

Tarixçilərin, eləcə də, arxeoloqların tədqiqatlarına görə, Petra  müsəlmanların ilk şəhəri, ilk qibləsi olub. Əvvəla, onu qeyd etmək yerinə düşərdi ki, islam tarixçilərinin, eləcə də qədim mənbələrin göstərdiyi bütün əlamətlər bu şəhərə uyğun gəlir. Petra şəhəri Nəbatilər dövlətinin paytaxtı olub. Məhəmməd peyğəmbərin babası və atası da bu şəhərdə anadan olub. Petra şəhərində məhsuldar torpaqlar, bol meyvəli bağlar, su kanalları mövcud olub. Üstəlik, şəhər ticarət yollarının kəsişməsində yerləşirdi. Buxarinin öz əsərində “Məhəmməd Məkkəyə yuxarı tərəfdən daxil olur, aşağı tərəfdən isə çıxırdı” ifadəsi Məkkənin coğrafi mövqeyi ilə heç cür uzlaşmır, əksinə Petra ilə bütünlüklə üst-üstə düşürdü.

Bu gün aparılan tədqiqatlar nəticəsində İslamın ilkin dönəmlərində tikilmiş bir neçə məscidin qibləsinin təyin edilməsindən aydın olur ki, onların hamısı Yerusəlim şəhərindən cənubda – Petra şəhərinin üzərində kəsişir. Belə ki, 627-ci ildə tikilmiş Çinin Quanjou, 641-ci ildə Misirin Fustat, 700-cü ildə Cənubi İordaniyanın Umayyad Sarayı, 701-ci ildə Livanın Ba’albek və İordaniyanın Əmman, 705-ci ildə Yəmənin Səna, 706-cı ildə İsrailin Xirbat-əl-Minya, İraqın Vasit və Yerusəlimin Əl-Əqsa, 724-cü ildə Qərb sahilində yerləşən Xirbat-əl-Mafjar və Livanın Əncar məscidlərinin qibləsinin təyin edilməsi nəticəsində sübut olunur ki, bütün bunların hamısı bir nöqtədə – Petra şəhərinin üzərində kəsişir. Bu məscidlərdən bir çoxunun isə sonralar yenidən inşa edilərək, qiblələrinin dəyişdirilərək bu günkü Məkkə şəhərinə istiqamətləndirildiyi bilinir.

Petra  yunan sözü olub “daş” deməkdir. Bu ad onların evlərini qayaların içərisini yonub düzəltdiklərinə görə verilib. Həmin daş evlərin qalıqları Musa vadisi və Harun qalasında indi də qalmaqdadır.

image-22

Petra fars körfəzi ilə Aralıq dənizinin arasında olan və ticarət baxımından onları bir-birinə birləşdirən əsas nöqtə idi. O, iki mühüm ticarət yolu üzərində yerləşirdi. Birinci yol Qrmızı dəniz ilə Dəməşq şəhərini ikinci yol isə İran körfəzi ilə Aralıq dənizini birləşdirirdi. Bu mövqeyi və yüz illərlə ticarətlə məşğul olmaq şəhərin varlanmasına səbəb olub.

Petra şəhəri 4 min il əvvəl inşa edilib. Şəhər Vadi Musa vadisindəki dağ rayonunda, qırmızı-çəhrayı qayalarla yonulub. Petra planetin ən quru yeri sayılan səhranın düz mərkəzində yerləşir. Sutkanın vaxtlarından asılı olaraq arxitektura abidəsi rəngini çəhrayıdan tünd qırmızıya, al-qırmızıdan narıncıya dəyişir.

Ətraf aləmlə şəhəri bir kilometr uzunluğu olan dərə birləşdirir. Demək olar ki, onun bütün divarları daş üzərində birləşir. Düşmən hücumu zamanı təbii baryer yaxşı müdafiə rolunu oynayıb. Bu səbəbdən Petra əsrlər boyu köçərilər və nabataylar üçün mənzil və sığınacaq rolunu oynayıb. Amma buna baxmayaraq və böyüklüyünə baxmayaraq orta əsrlərdə Petra unuduldu və əfsanəyə çevrildi.

image-33

Müasir dünya belə bir şəhərin mövcudluğunu İsveçrəli səyyah İohann Lyüdoviq Burkhardtın sayəsində bilib. O, 1812-ci ildə bu şəhəri kəşf edib. Alim kabus şəhər haqqında bir neçə dəfə eşitsə də, bədəvilər müqəddəs məkanı yad gözlərdən ciddi-cəhdlə qoruyurdular. Bu zaman alim sirli şəhərə hiyləgərliklə daxil olmaq qərarına gəlir. Özünü ruhani kimi təqdim edən İohann onu Cebel Harun dağı yaxınlığındakı Aaron sərdabəsinə aparacaq bələdçi tapır. Alimin planı baş tutur.

image-55

O, Sik kanyonunun yanından keçəndə möhtəşəm mənzərə ilə qarşılaşır. Qaya sərdabələr, binanın iri fasadları, məbəd və mağaralar. Burkhardt səhranın mərkəzində qədim sivilizasiyanın çəhrayı şəhərini tapır. Bu əfsanəvi Petra idi.

image-44

Şəhərə yeganə yol nazik kanyondan keçir. Bədəvilər turistləri vadinin çıxışında dəvələr və atlarla gözləyirlər. Bu isə səyahəti unudulmaz edir. 1 kilometr uzunluğu olan dərə kifayət qədər dərindir. Dərənin üzərində olan qayaların hündürlüyü 90 metrə çatır. Alimlərin fikrinə görə, kanyon qədim dövrdə güclü zəlzələ nəticəsində yaranıb. Döngədə Əl-Xaznə sarayı ucalır.

image-66

Sarayın adı tərcümədə fironun xəzinəsi mənasını verir. Binanın hündürlüyü 44, eni isə 30 metrdir.

Qədim əfsanəyə görə, dərə Musa peyğəmbərin əsasının zərbəsindən yaranıb. Peyğəmbər öz xalqını Misirdən çıxaranda insanlar içməyə su tapa bilmədikləri üçün etiraz ediblər. Tanrının əmri ilə Musa əsasını qayaya vurur və oradan su fışqırır. Kanyonda yol boyu daş oturacaqlar var və burada istirahət etmək mümkündür.

Hazırda şəhər turistlərin ən çox görmək istədikləri yerlərdən biridir.

Gəzdiyimiz bu məkanlarda çoxsaylı turistlər var. Avropa, Asiya, hətta uzaq Latın Amerika ölkələrindən turistlər bura axın edir. Bu qədər turistin içərisində isə bizə qarşı sevgini hiss etməməmək mümkün deyil.

image-6

Petrada yaşayış məskənindən kilometrlərcə uzaqda müasir dizaynda bir kafe quraraq turistlərə xidmət edən Cuma adlı bu iş adamı bizi qonaq edir.

image-5

Ümumiyyətlə Petrada hər şeyə turizm polisi nəzarət edir. Qaydalar sərtdir. Burada turistləri aldatmaq olmaz. Etiraf edək ki, iordaniyalılar özləri olduqca mədəni və savadlı xalqdlr. Məhz bunun nəticəsidir ki, burada qarşımıza çıxan lap kiçik yaşlı bədəvi ərəblərin uşaqları da təmiz ingiliscəsi ilə bizi heyran edirdi.

Davamı növbəti yazımızda…

Qoşqar Salmanlı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki