Tarixi Zəfəri əldə etdikdən sonra ölkəmizin qarşısında dayanan ən mürəkkəb, eyni zamanda, ən şərəfli vəzifələrdən biri ermənilərin işğal dövründə yerlə yeksan etdiyi şəhər və kəndlərimizin yenidən qurulması, tarixi və milli-mədəni irsimizin bərpası ilə bağlıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa iştirakı ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa-quruculuq işləri dost və qardaş ölkələrlə yanaşı, bədxahlarımıza həm də bu tarixi mesajı verir ki, Azərbaycan savaş meydanında əldə etdiyi ləyaqətli Qələbəni quruculuq işlərində şərəflə davam etdirir. Özü də bu tarixi missiyanı heç kimdən kömək ummadan, yalnız daxili imkanlarına güvənərək ləyaqətlə həyata keçirir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünü işğaldan azad olunmuş torpaqlarımızda yeni infrastruktur layihələrinin, sıfırdan inşa olunan yaşayış massivlərinin açılışını etməklə Qarabağda qarşıladılar. Sülhün və əmin-amanlığın gerçək rəmzi olan bu açılış mərasimlərinin hər biri tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə sidq ürəkdən bağlılığın, ləyaqətli gələcəyimizə tərəddüdsüz inamın göstəricisidir. Onların hər birinin arxasında illərin həsrətinə son qoymaq əzmi, həmvətənlərimizin ata-baba yurdlarına ləyaqətli qayıdışının təmin olunması ilə bağlı dövlət ərkanı dayanır. Prezident İlham Əliyevin Laçın rayonunun Sus kəndinə köçürülən sakinlərlə mayın 10-da keçirilən görüşü zamanı onların gözlərindəki sevinci görməmək, duymamaq mümkün deyil. Bu cür gözəl hisslərin yaşanması, milli ləyaqətimizin xilası naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin.
Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksinin təməli 2021-ci il avqustun 29-da qoyulmuşdu. İnşası tamamlanan 450 mənzildən ibarət birinci yaşayış kompleksinə 20 ailənin köçürülməsi artıq təmin olunub. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya köçürülən ilk sakinlərlə görüşü göstərdi ki, şuşalılar da 32 illik yurd həsrətlərinə, mənəvi iztirablarına son qoyulmasının bənzərsiz sevincini yaşayırlar. Prezidentin görüşdə səsləndirdiyi fikir bir daha onu da yəqin etdi ki, Azərbaycan xalqı və onun şəksiz Lideri ötən illər ərzində ləyaqətli qayıdışla bağlı eyni hissləri yaşayıb, bir amala inanıb: “Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim”.
Ətraflı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu açıqlamasının arxasında Vətən, torpaq, ata-baba yurdlarımızın nisgili ilə bağlı illərə söykənən mənəvi iztirablarımıza artıq son qoyulduğunu təsdiq edən reallıqla yanaşı, yaşadığımız acı hisslərin sinonimi olan köçkün kimi ağır ifadənin adlarımızın önündən ləyaqətli şəkildə götürülməsi gerçəkliyi dayanır. Prezidentin Şuşada səsləndirdiyi növbəti fikir isə tarixi Zəfərimizi hələ də həzm edə bilməyən və ondan əndişələnməkdə davam edən dairələrə ən tutarlı cavabdır: “Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”.
Birliyimizdən indinin özündə də narahat olub hər fürsətdə süni bəhanələrlə onu hədəf seçənlər, yaşadıqları tarixi məyusluğun cavabını qərəzli qətnamə və bəyanatlarla verməyə çalışanlar bilməlidirlər ki, onların təzyiq və şantajları əbəsdir. Çünki indi Azərbaycan xalqını daha böyük inam birləşdirir: Haqqa və milli-mənəvi dəyərlərimizə inam, güclü Azərbaycan və qətiyyətli Lider gerçəkliyinə inam, əmin-amanlığa və daha möhtəşəm gələcəyə inam!
Ülvi Quliyev,
Milli Məclisin deputatı