İslan inqilabından sonra kommunist Tudə partiyası ayətullah Xomeyninin ən yaxın müttəfiqinə çevrildi. Partiya rejimin atdığı bütün addımları dəstəkləyirdi. İnqilab məhkəməsinin sədri Sadeq Xalxalinin 15-20 dəqiqəlik baxışdan sonra heç bir dəlil-sübutsuz edam hökmlərini də, işgəncələri də, ABŞ səfirliyinin tutulmasını da, yeni dövlətinin adının İslam Respublikası olmasını və vilayəti fəqih institutunu da, inqilabda iştirak etmiş liberallara və digər solçulara qarşı repressiyaları da.
Hətta 1982-ci ildə İran ərazisi İraq qoşunlarından təmizlənəndən sonra müharibənin İraq ərazisində davam etdirilib-etdirilməməsi diskussiyası rejim daxilində parçalanma yaratdı. O vaxt prezident olan Əli Xamenei də daxil olmaqla bir çoxları ölkənin iqtisadi vəziyyətini nəzərə alaraq Səddam Hüseynin sülh təklifini qəbul etmək tərəfdarı idilər. Xomeyni isə “davam” deyirdi. Tudə bu məsələdə də fəqihi dəstəklədi.
Əlbəttə, marksist bir partiya, İslam respublikasının və mövcud rejimin həqiqi tərəfdarı ola bilməzdi. Tudə klerikal rejimin əli ilə siyasi müstəvini bütün cərəyanlardan təmizlənməsini istəyirdi. Bir gün ruhanilərlə baş-başa qalanda isə ordudakı çoxsaylı kommunistlərin əli ilə hərbi çevriliş edib hakimiyyətə yiyələnmək niyyətində idi. Qonşu Əfqanıstanda olduğu kimi.
Şübhəsiz, bu yöndə Tehrandakı sovet səfirliyi ilə ciddi əməkdaşlıq edilir, onun göstərişlərinə uyğun davranılırdı. Sovet səfirliyində isə artıq Britaniyanın Mi-6 kəşfiyyatına işləyən casus vardı. Vladimir Kuziçkin adlı həmin casus 1982-ci ildə Türkiyəyə qaçdı, oradan da ingilislər Britaniyaya apardılar. Kuziçkin Tudə haqqında bütün bildiklərini, həmçinin İran orudusundakı kommunist zabitlər haqqında məlumatları Mi-6 ilə bölüşdü. Mi-6 da ABŞ-ın CİA kəşfiyyatını xəbərdar etdi.
London və Vaşinqton İranda bərqərar olan islamçı rejimdən məmnun deyildilər, amma onlar üçün kommunistlərdənsə yenə mollalar yaxşı idi. Buna görə də Kuziçkinin məlumatları İran hakimiyyətinə ötürüldü. Bir zaman dəstəklədikləri repressiyalar indi bütün amansızlığı ilə Tudənin üzərinə yönəldi.
Partiyanın rəhbərliyi və 10 minə yaxın üzvü həbs olundu. Onların arasında hətta İran hərbi-dəniz qüvvələrinin komandanı Bəhruz Əfzəli də vardı. 18 sovet diplomatı ölkədən qovuldu.
Belə hallarda inqilabçıların son silahı ölümə dimdik getmək, güllələnmə öncəsi də “biz qalib gələcəyik”, “yaşasın kommunizm” tipli şüarlar səsləndirmək, bu yolla öz mübarizələrinə və ideyalarına son töhfələrini verməkdir. Amma İran rejimi tudəçilərə bu şansı da tanımadı. Edama məhkum olunanların, demək olar, hamısı işgəncələrdən sonra televiziyaya çıxıb peşmanlıqlarını ifadə etdilər, rejimə və imama mədhiyyələr oxudular, sonra güllələndilər. Elə güllələnməyənlərin də “üzr videosu” çəkildi.
Tudənin həzin sonu belə gəldi.
Yadigar Sadıqlı