image-1backend

Ombudsman Milli Məclisdə hesabat verir

image-reklam_sirab_01

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2023-cü il üzrə məruzəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

Vətəninfo.az xəbər verir ki, illik məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edir.

O bildirib ki, keçən il ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub: “Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb. Azadlıq hüququnun təmini ilə bağlı ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən, şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin deaktiv edilməsi, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb. Bu müraciətlər üzrə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib, hüquqların bərpası istiqamətində zəruri tədbir görülüb”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2023-cü il üzrə məruzəsi hazırlanıb.

İllik məruzə eyni zamanda Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.

İnsan hüquqları üzrə müvəkkilin məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada 2024-cü ilin 27 fevral tarixində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib, müvafiq dövlət qurumlarına göndərilib.

2023-cü il üzrə məruzədə Ombudsmanın Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Məruzə Azərbaycan Respublikasının Milli Məclisində dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mətbuat orqanlarında dərc ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image