Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.
Veteninfo.az xəbər verir ki, komitə sədri bir sıra vacib məsələlərə toxunub, çağırışlar edib:
“Hörmətli xanım Sədr,
Hörmətli həmkarlar, mən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə səs verəcəm; lakin burada qaldırmaq istədiyim 3 vacib məsələ var. Bu bizim onlarla seçicimizin parlamentdə səsləndirməyimizi xahiş etdiyi məsələlərdir. Məsələlərdən birincisi ailələrdə sürətlə artan sonsuzluq problemidir. Problem həm dünyada, həm də ölkəmizdə getdikcə artır. Ailələrin böyük bir qismi sözügedən problemə görə dağılır. Məlumdur ki, tibbin imkanları zaman keçdikcə inkişaf edir, buna baxmayaraq, ailələr bildirir ki, bu xidmətlər özəl klinikalarda və çox baha olduğu üçün biz istifadə edə bilmirik. Onlar icbari tibbi sığorta çərçivəsində ən azı hər ailəyə minimum bir dəfə süni mayalanma şansının verilməsini istəyir.
Bugünlərdə iki şəhid ailəsi bu məsələ ilə bağlı bizə müraciət etmişdi. Bununla əlaqədar olaraq özəl klinikalardan xahiş etdim. “Sizə kömək edərik, Qənirə xanım, bizə çata vəsaiti almarıq amma prosedur üçün dərmanların pulunu ödəmək lazımdır” dedilər. Çox xahiş edirik ki, müvafiq qurumlarımız, Səhiyyə Nazirliyi, TƏBİB bu məsələyə baxsın. Sonsuzluq problemi yaşayan ailələr tibbin imkanlarından yararlanaraq övlad sahibi ola bilsin. Bu çox ciddi problemdir. Ailə üçün övlad sahibi olmaq ən önəmli məsələlərdəndir. İnsanlar biləndə ki, tibbin imkanları onlara kömək edə bilər lakin pulları olmadığı üçün övlad sahibi ola bilmirlər, bu çox ciddi narahatlıq yaradır. Biz müvafiq tənzimləmələrlə nə qədər dağılan ailələrin qarşısını ala bilərik.
Hörmətli xanım Sədr.
Elə hesab edirəm ki, “Reproduktiv sağlamlıq haqqında” qanunun artıq qəbul olunmasına, bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var.
İkinci məsələ isə böyrək köçürülməsi ilə bağlıdır. Məsələn, bir gənc seçicim böyrək köçürülməsi ilə bağlı bizə müraciət edib. Ailədə ən yaxınlarından heç kəsin toxumaları tutmur ki, ona böyrək köçürülsün. Bu uşaq yaşamaq imkanı olduğu halda ölümə tərk edilmiş vəziyyətdədir. Axı biz qanunu qəbul etdik. O qanun parlamentdə qəbul olunan ən gözəl qanunlardan biri idi. Heç kəs məcbur edilmir ki, o və ya ailə üzvləri bir hadisə nəticəsində beyin ölümü baş verdiyi halda məcburi orqanları götürülsün, bununla belə, ölkəmizdə yüzlərlə insan var ki, könüllü şəkildə bu işə razıdır. Hətta vəsiyyətnaməsində də yazır ki, bir qəza olarsa, beyin ölümü keçirdiyim halda orqanlarım torpaq altda çürüməsin və qoy onlarla heç olmazsa bir uşaq yaşasın. Bir insan yeddi insanı yaşada bilər. Məsələ ilə bağlı qanunumuz da var. Artıq səhiyyə qurumlarımız bu qanunun həyata keçirilməsini təmin etsin. Avropa ölkələrində, qardaş Türkiyədə bu mexanizmi çox gözəl qurublar. Biz qardaş ölkənin təcrübəsindən yararlanaraq müvafiq sistem qura bilərik. Sabah bu uşaqlardan hər biri bizim ailəmizin övladı ola bilər. Hamımız bu çıxılmaz durumdan əziyyət çəkə bilərik. Ona görə mən səhiyyə qurumlarını qəbul edilən qanunun həyata keçirilməsinə qısa müddətdə baxılmasına səsləyirəm.
Dövlət hesabına böyrək köçürülmə əməliyyatları ilə bağlı tapşırıqlar verildiyinə görə cənab Prezidentə çox təşəkkür edirik. Hesab edirəm ki, növbələri sürətləndirmək lazımdır. Bəzi xəstələr var gözləmək imkanları yoxdur və məcburdurlar ki, borc pul tapıb, özəl xəstəxanalara getsinlər. Biz gündəlik tibb qurumları ilə danışanda bu məsələləri diqqətə çatdırırıq. Ona görə də mən tibb qurumlarını özəlliklə qəbul edilən qanunların həyata keçirilməsi prosesini sürətləndirməkdə daha fəal olmağa çağırıram. Çünki bu yüzlərlə vətəndaşımızın xahişidir.
Üçüncü məsələ isə “Omikron”un dünyada geniş yayılması ilə insanlarda immunitet zəifliyinin meydana çıxması ilə bağlıdır. Təbii ki, müxtəlif dərmanlara, vitaminlərə daha çox ehtiyac yaranır. Ona görə də, çox xahiş edərdim ki, dərmanların qiyməti məsələsinə müvafiq qurumlar baxsın. Özəlliklə bu dövrlərdə təcili lazım olan dərmanların qiymətləri və bu qiymətlərin əlçatan olması diqqətdə olmalıdır. Bu hər gün onlarla vətəndaşımızın etdiyi müraciətdir. Səhiyyə Nazirliyindən, TƏBİB-dən xahiş edirəm bu məsələlərə diqqət artırılsın”.