Prezident İlham Əliyevivin Çinin CGTN telekanalına verdiyi müsahibə son 20 il ərzində Azərbaycan Respublikasının apardığı daxili və xarici siyasətin mahiyyətini açıqlayır. Bu müsahibə o qədər uzun olmasa da beynəlxalq siyasət arenasında Azərbaycanın bu günkü nüfuzunu və statusunu anlamaq baxımından Azərbaycanın strateji tərəfdaşı olan Çin tamaşaçıları üçün kifayət qədər informativ bir mənbədir.
Ölkə başçısı sualları cavablandırarkən müstəqilliyimizin bərpasından sonrakı son onilliklər ərzində dövlətin prioritet inkişaf meyllərindən və əldə olunan nəticələrdən danışıb. Bu gün müşahidə olunan Şərqlə Qərb arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin sürətli inkişafında, ilk baxışdan bir-birinə çox uzaq görünən bölgələrin arasında intensiv iqtisadi-ticari əlaqələrin təşəkkül tapmasında Azərbaycanın bölgədə apardığı siyasət də öz töhfəsini verib. Hələ 20-30 il bundan əvvəl ənənəvi ticarət yollarının və tranzit marşrutlarının təhlükəsiz şəraitdə fəaliyyət göstərdiyi bir zamanda Azərbaycan regional və qlobal səviyyədə alternativ təşəbbüslərlə çıxış edir və dünyanın müxtəlif bölgələri arasında iqtisadi bağlılığın yeni modellərini təklif edirdi. Bir çox hallarda bu layihələrə skeptik yanaşan siyasətçilər və iqtisadçılar Azərbaycanın irəli sürdüyü layihələrə ciddi baxmamağı tövsiyyə edirdilər. Lakin zaman kimin ciddi və ya qeyri-ciddi olduğunu göstərdi. 2014-cü ildə başlayan Rusiya -Ukrayna qarşıdurması bütün Avrasiya boyunca Rusiya ərazisindən keçən ticarət yollarını iflic etdi. 2022-ci ilin fevralnda Rusiyanın Ukraynaya geniş miqyaslı hücumu Avropanı da, Asiyanı da çıxılmaz vəziyyətə saldı. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bir çox hallarda Avropanın özündə ağır fəsadlat törətdi. Avropada yaşayan 500 milyon əhalinin, eləcə də çoxsaylı və geniş tutumlu iqtisadi infrastruktur obyektlərinin enerji ilə təmin olunması təhlükəsi yarandı. Yalnız belə gərgin anlarda uzun illər ərzində Azərbaycan tərəfindən irəli sürülən və həyata keçirilən təşəbbüslərin dəyəri tam şəkildə üzə çıxdı və öz dəyərini aldı. Prezident Əliyev bütün baş verənləri ümumiləşdirərək əldə olunmuş nəticələri belə dəyərləndirir: “Azərbaycan güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurdu. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faizdir. Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq.” Dövlət başçısısı əldə olunmuş uğurların səbəbini belə izah edir: “Dünya xəritəsində nisbətən yeni olan, öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi Azərbaycanın nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.”
Keçən il Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ilə bağlı danışarkən Prezident Əliyev qeyd edib ki, “…Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.”
Uzun müddətdir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatı ilə üzvlük haqqında danışıqlar aparır, lakin bunu reallaşdırmaq üçün obyektiv və ədalətli mühitin mövcud olmaması ölkəmizdə bu təşkilata üzvlüklə bağlı tərəddüdlər yaradır. Hazırkı mərhələdə təşkilata üzvlüyün yerli istehsalçılarımıza zərər vura biləcəyini nəzərə alan Azərbaycan dövləti ÜTT ilə danışıqları davam etdriməyə üstünlük verir.
Prezident İlham Əliyev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində iştirak etdiyini vurğulayaraq Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfə vermək nöqteyi-nəzərindən ölkəmizin coğrafi mövqeyinin əhəmiyyətini diqqətə çatdırıb. Çin və Mərkəzi Asiya ölkələrinin qitənin qərb cinahı ilə bağlantı marşrutları məhz Azərbaycan üzərindən keçir. Orta Dəhliz layihəsinin, eləcə də Çinin təşəbbüsü ilə reallaşdırılan “Bir kəmər, bir yol” layihəsinin uğurlu olması üçün Azərbaycan əvəzsiz töhfələr verməkdədir. Azərbaycanın son onilliklər ərzində yaratdığı müasir nəqliyyat-logistika infrastrukturu Şərqlə Qərbi bir-birinə bağlayan ən qısa yol olmaqla Avrasiya miqyasında iqtisadi-ticari münasibətlərin fəallaşmasına xidmət edir. Bu gün Orta Dəhliz həm Çərqin, həm də Qərbin maraqlarına cavab verən ən əlverişli və faydalı layihədir və Azərbaycan bu dəhlizin mərkəzində yer alan vacib qovşaqdır. Prezident İlham Əliyev bildirib ki, dəhlizin bir neçə il əvvəl müəyyənləşdirilmiş yük ötürmə qabiliyyəti artıq bu günün və yaxın gələcəyin tələblərinə cavab vermir və ona görə də Orta Dəhlizin Azərbaycan seqmentində daha çox işlərin görülməsi planlaşdırılır.
Prezident İlham Əliyevin Çin televeiziyasına verdiyi müsahibə heç də yalnız Azərbaycan-Çin münasibətlərini əhatə etmədi. Bu müsahibədə Azərbaycan – Çin münasibətləri ilə yanaşı həm də respublikasının dünyada gedən siyasi-iqtisadi proseslərə münasibəti geniş şəkildə öz əksini tapdı.
Milli Məclisin deputatı Cavanşir Feyziyev