image-xankendibackend

Rusiyanın yazdığı erməni nağılı: Qarabağda nə baş verir?

image-reklam_sirab_01

Qarabağda bir həftədir ki, ermənilər mitinq keçirir. Bütün dünyaya səs salırlar ki, yeməkləri, içməkləri yoxdur, hümanitar böhran yaşayırlar. Dinc aksiya keçirməklə özlərini haqlı göstərməyə çalışırlar. Tarixə baxmasaq acımaq olar. Ancaq tarixə baxanda yaşananların nağıl olduğunu görürük.

Niyə nağıl?

1988-ci ilin fevralından başlayaraq ermənilər Qarabağda eynən indiki kimi aksiya keçirirdi. O dövrdə istəkləri fərqli idi – azadlıq, müstəqillik, “Böyük Ermənistan” ideologiyasını həyata keçirmək. Araşdırma apararkən məlum olur ki, heç o dövrdə də dinc heç nə olmayıb. Aksiyalara çıxmayanlar təqib, təhdid, şantaj edilir, göz qorxutmaq üçün bəziləri hətta öldürülürdü. 88-ci ildə başlayan sözdə dinc mitinqlər yerini daşdaşmaya, daha sonra silahlı münaqişəyə verdi. Nəticədə Azərbaycanın 20 faizi işğal edildi, minlərlə mülki öldürüldü, əsir götürüldü, işgəncələrə məruz qaldı.

Bir milyon insanı doğma yurd-yuvasından didərgin salan ermənilər hümanitar böhran yaşadıqlarını deyirlər. Bir milyon insan çadırlarda, vaqonlarda, baxçalarda, yataqxanalarda yaşamağa başldı. Bir milyon insanın böyük hissəsi ələbaxım oldu. Uzun illər yardımlar sayəsində həyatda qaldı. Bunları kim bilməsə də o həyatı yaşayan insanlar hələ də sağdır. Hər bir insanın, hər bir toplumun nələrəsə haqqı var. Ancaq elə insan və toplumlar var ki, onların bəzi şeylərə mənəvi haqqı çatmır. Misal üçün ermənilərin azərbaycanlıların qanını tökdüyü, ac-susuz, evsiz qoyduğu üçün Azərbaycanı hümanitar böhrana məruz qoyduğunu iddia etməsi kimi.

Azərbaycan bu məsələdə yenə passiv görünür. Misal üçün həmin çadır şəhərciklərinin video və fotoları yayımlana bilərdi. Razıyam o dövrdə internet hələ inkişaf mərhələsinə qədəm qoymamışdı, sosial şəbəkələr yox idi. Ancaq gələcək üçün o görüntülərin əldə olmasında fayda olardı. Hesab edirəm ki, o kadrları arxivdə saxlamağın heç bir mənası yoxdur. Varsa ermənilərin müraciət etdikləri qurumlara təqdim olunmalıdır, yoxdursa da böyük ayıbdır.
Bu nağılın yazanı kimdir?

O dövrdə olduğu kimi Rusiya. Rusiya ssenarini yazır, ermənilər isə verilən rolu oynayır. Özü də xüsusi məharətlə.

Aydındır ki, Rusiyanın Qafqazdakı bəlkə də ən böyük dərdi 2025-ci ildə sülhməramlıların tamamlanan mandat müddətinin artırılmasıdır. Ruslar bunun üçün çəkinmədən hər bir addımı atacaqlar. Rusiyaya nə orada yaşayan ermənilərin həyatı, nə də istəkləri maraqlıdır. Qarabağda yaşayan ermənilər də anlamalıdır ki, onlar ruslar üçün vasitədir. Ermənilərin istifadə müddəti də var. Nə vaxt Rusiya maraqlarını təmin edəcək, o zaman da atılacaqlar.
Rusiya xarici işlər nazirliyinin sözcüsü Maria Zaxarovanın dediklərindən təkcə bir cümlə kifayət edir ki, məsələnin mahiyyəti üzə çıxsın. Zaxarova deyir: “Regionda davam edən gərgin vəziyyəti nəzərə alaraq, onların (red. Sülhməramlıların) fəaliyyətinə indi daha çox tələbat var”.
Rusiya istər silahlı, istərsə də dinc təxribatlarla regionda qalmasını təmin etmək istəyir. Rusiya təkcə növbəti 5 ilin də dərdində deyil. Hesab edirəm ki, onlar müddətsiz qalmağın xəyalını qururlar. Yeri gəlmişkən Rusiyada keçirilən görüşlərdən sonra imzalanmış birgə bəyantın mütləq şəkildə sonuncu abzasında Rusiya sülhməramlılarının fəaliyyətindən razılıq və orda olmaqlarının əhəmiyyətindən bəhs edilirdi. Yəni, Rusiyanın Qarabağda qalmağı indi düşünülməyib. İlk gündən gələcək 5 və daha çox ilin zəmanətini almaq üçün o bəyanatlarda belə söz açılırdı.

Rusiya son dərəcə təhlükəli bir oyuna start verib. Hesab edirəm ki, indi baş verən təxribatlar gələcəkdə gözlənilənlərin anonsu kimidir. Misal üçün hansısa erməni ailəsi sözdə acından da ölə bilər. Bizim cəmiyyət bir şeyi anlamalıdır ki, imperialist ölkələrin stratji hədəflərinə çatması üçün müqəddəs heç nə yoxdur. İmperiyalar üçün müqəddəs yalnız iki şey var – maraqların təmin olunması və alver!
Azərbaycan bundan sonra baş verəcəklərə də hazırlıqlı olmalıdır. Misal üçün Rusiya oradakı vəziyyəti daha da dramatikləşdirkdən sonra BMT və digər beynəlxalq təşkilatlar qarşısında məsələ də qaldıra bilər ki, onlarsız bölgədə insanlıq faciəsi yaşana bilər. Yəni, Rusiya Azərbaycan və Ermənistanın növbəti 5 illə bağlı qərarını da gözləməyə bilər.
Azərbaycan gözləmə mövqeyindən çıxmalıdır. Təkcə antiterror əməliyyatına hazırlaşmamalıdır. Yumşaq güc üsulları tapmalı və həyata keçirməlidir.

Səxavət Məmməd


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki