image-1backend

Sahibə Qafarova bu ölkələrin yeni səfirləri ilə görüşdü FOTO

image-reklam_sirab_01

Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının, Xorvatiyanın və Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirləri ilə görüşüb.

Vətəninfo.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Barakat Əl-Naharı qəbul edib.

Milli Məclisin sədri qonağı salamlayaraq, onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inamını bildirib.

Azərbaycan ilə İordaniyanın iki dost və qardaş ölkələr olduğunu deyən spiker Sahibə Qafarova, bu il diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb. Spiker ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu, hazırda müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Parlamentlərarası münasibətlərin ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin vacib tərkib hissəsi olduğunu deyən Milli Məclisin sədri, əlaqələrin mövcud səviyyəsini yüksək qiymətləndirib, münasibətlərin dərinləşməsində yüksək səviyyəli səfərlərin rolunu və dostluq qruplarının fəaliyyətini qeyd edib. Keçən il İordaniya parlamentinin hər iki palatasının sədrlərinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştiraklarını məmnuniyyətlə xatırlayan Sahibə Qafarova, bu ilin may ayında İordaniya Nümayəndələr Palatasının sədri Əhməd Əli Safadinin Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi sessiyasında iştirakını yüksək qiymətləndirib.

Sahibə Qafarova söhbət zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoymuş 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlardan danışıb, Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu bildirib, bu istiqamətdə atdığı addımlardan, habelə azad olunmuş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərindən bəhs edib.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən İordaniyanın ölkəmizdəki səfiri Ömər Barakat Əl-Nahar qəbula və təbriklərə görə təşəkkürünü bildirib, ölkəmizdə diplomatik fəaliyyət göstərdiyi müddətdə ikitərəfli əlaqələrin daha da inkişaf etməsi üçün bütün səylərini səfərbər edəcəyini qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

***

Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçlə görüşüb.

Qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker  Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanla Xorvatiyanı dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir.

Spiker vurğulayıb ki, yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli münasibətlərimizin inkişafında müstəsna rol oynayır. Prezident İlham Əliyevin Xorvatiyaya səfərləri, həmçinin Xorvatiya Respublikası prezidentlərinin Azərbaycana  səfərləri və bu səfərlər zamanı imzalanmış sənədlər qarşılıqlı münasibətlərimizin inkişafına mühüm töhfələr veriblər.

Parlamentlərarası əlaqələrdən danışan spiker Sahibə Qafarova bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyətini xüsusi vurğulayıb. O, Xorvatiya Parlamentinin vitse-spikeri Davorko Vidoviçin bu ilin mayında Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək üçün Azərbaycana səfərini məmnunluqla qeyd edib. Spiker bildirib ki, Xorvatiya parlament nümayəndə heyətinin Azərbaycana səfəri və səfər zamanı işğaldan azad edilmiş Ağdam şəhərini ziyarət etməsi ölkəmizdə yüksək qiymətləndirilir.

Söhbət zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi, ölkəmizin erməni separatizminə son qoyan antiterror tədbirləri və suverenliyini tam bərpa etməsi, Azərbaycanın sülh təşəbbüsləri, sülh prosesinin gedişi, ona mane olmağa çalışan qüvvələrin destruktiv fəaliyyəti və bölgədəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Görüş üçün təşəkkürünü bildirən Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç qeyd edib ki, 1995-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində münasibətlərimiz inkişaf edib. Bu gün müxtəlif sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün bir çox imkanlar var.

Parlamentlərarası əlaqələrdən danışan səfir diqqətə çatdırıb ki, milli parlament nümayəndə heyətlərimiz AŞPA, Parlamentlərarası İttifaq, ATƏT PA, NATO PA və digər beynəlxalq parlament təşkilatları çərçivəsində səmimi dialoq aparırlar.

Söhbət zamanı iqtisadi,  humanitar sahələrdə əməkdaşlıq, mədəniyyət sahəsində qarşılıqlı  tədbirlərin əhəmiyyəti və digər mövzularda fikir mübadiləsi aparılıb.

***

Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ilə görüşüb.

Spiker qonağı salamlayaraq, onu ölkəmizdə səfir kimi işə başlaması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. O, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu deyib. Parlamentin sədri  bildirib ki, hər iki ölkənin dövlət başçılarının görüşləri, aparılan danışıqlar əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Sahibə Qafarova Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 24 sənədin imzalandığını, müqavilə-hüquq bazasının daha da  genişləndirilməsinin vacib olduğunu bildirib. Spiker enerji sahəsində də mövcud olan  işbirliyindən, Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edib, digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Milli Məclisin sədri parlamentlərarası əlaqələrin ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin vacib komponentlərindən biri olduğunu bildirib. O, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsində dostluq qruplarının fəaliyyətinin önəmindən danışıb, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrin inkişafına xidmət etdiyini deyib. Sahibə Qafarova deputatların beynəlxalq parlament qurumlarında əməkdaşlığının əhəmiyyətindən də söhbət açıb. O, parlamentin üzvü, AŞPA-nın məruzəçisi kimi, daha sonra isə Parlament Spikerlərinin Avropa Konfransında iştirak etmək üçün müxtəlif vaxtlarda Yunanıstana etdiyi səfərləri xatırlayıb.

Sahibə Qafarova söhbət zamanı regiondakı mövcud vəziyyət, Azərbaycanın sülhün və sabitliyin təmin olunmasında göstərdiyi səylər, Ermənistanın dezinformasiya xarakterli fəaliyyəti haqda da danışıb.

Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias səmimi görüşə görə minnətdarlığını ifadə edib. O, Yunanıstanın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu bildirib. Səfir parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyindən danışıb. O, öz fəaliyyətində iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image