Mayın 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Veteninfo.az xəbər verir ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edən Sahibə Qafarova bildirib ki, Azərbaycan dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. İki ölkənin xalqları arasında tarixən mövcud olan oxşar dini və mədəni dəyərlər ölkələrimiz arasındakı münasibətlərin möhkəm təməlini təşkil edir. Sahibə Qafarova qonağın bu səfərinin yüksək səviyyəli münasibətlərin nümunəsi olmaqla yanaşı, Azərbaycanın və Səudiyyə Ərəbistanının prokurorluq orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Milli Məclisin sədri iki ölkə arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu və bu ilin fevralında Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında bu münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini xatırladıb. Spiker qeyd edib ki, münasibətlərimiz bu illər ərzində dinamik inkişaf yolu keçib, əməkdaşlığımız daha da genişlənib.
Milli Məclisin sədri bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq edirlər. Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndiririk.
Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanda Parlamentlə Baş Prokurorluq arasında qarşılıqlı faydalı əməkdaşlıq barədə də fikirlərini bölüşüb.
Parlamentlərarası münasibətlərimizin yüksək səviyyədə olmasını vurğulayan spiker qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ənənəvi dostluq əlaqələrinin genişləndirilməsində ölkələrin ali qanunverici orqanları müsbət rol oynamaqdadır. Bu baxımdan hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının işi təqdirəlayiqdir.
Görüşdə Sahibə Qafarova qonağa Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra bölgədə yaranmış yeni reallıq barədə də məlumat verib. Bildirib ki, səfər çərçivəsində Səudiyyə Ərəbistanı nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş ərazilərimizdə olub, hər şeyi öz gözləri ilə görüblər. İndi həmin ərazilərdə məscidlərimiz yenidən tikilir, sürətli bərpa və quruculuq işləri aparılır.
Görüşdə Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb. Bildirib ki, Səudiyyə Ərəbistanı və Azərbaycanın dostluğu sarsılmazdır.
İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından danışan Şeyx Səud bin Abdullah Əl Müacib Azərbaycan Baş prokurorluğu ilə əməkdaşlığın perspektivlərindən danışıb.
Söhbət zamanı qonaq bildirib ki, Səudiyyə Ərəbistanının iqtisadi münasibətləri genişləndirmək istədiyi ölkələrdən biri də Azərbaycandır. O, Expo sərgisinin 2030-cu ildə Səudiyyə Ərəbistanında keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Görüşdə ölkəsində qadınların Şura Məclisində, hökumət qurumlarında və prokurorluq orqanlarında təmsil olunduqlarını deyən Baş prokuror Səudiyyə Ərəbistanında qadınların ölkə həyatının bütün sahələrində iştirakına böyük önəm verildiyini diqqətə çatdırıb.
Qonaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər zamanı ölkə başçısının rəhbərliyi altında görülən işləri və qazanılan nailiyyətləri təqdir edib.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Respublika Baş Prokurorluğunun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.