“Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunması Azərbaycanda siyasi proseslərə mahiyyət etibarı ilə təkan verəcək”.
Bunu açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.
O bildirib ki, hər kəsə məlum olduğu kimi Azərbaycanda qanunvericilik bazası daim təkmilləşdirilir, yeni qanunlar qəbul olunur, mövcud qanunlara əlavə və dəyişikliklər edilir:
“Qanunvericilik hərəkətliliyi canlı bir prosesdir. Ötən dövr ərzində qanunvericilik prosesinə nəzər salsaq bunu aydın şəkildə görərik. Düşünürəm ki, hazırkı dövrdə müzakirəyə təqdim olunan növbəti layihə, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi kifayət qədər vacib sahəni əhatə edir və ilkin versiya olmasına baxmayaraq olduqca mütərəqqidir”.
Deputat qeyd edib ki, qanun layihəsini mütərəqqi edən tərəflərdən biri layihənin hazırlanmasına əksər partiyaların cəlb olunmasıdır:
“39 siyasi partiya bu layihəyə öz təkliflərini vermişdir. Bu proses layihənin konseptual olmasını şərtləndirən əsas amillərdəndir. Digər bir məqam isə qanun layihəsi ilə bağlı ictimai dinləmələrin təşkilidir. Artıq Milli Məclisin saytında ictimai dinləmələrlə bağlı elan yerləşdirilib. Bu addımın özü ali qanunverici orqanın prosesə demokratik yanaşmasının və bütün maraqlı tərəflərin layihənin müzakirəsinə cəlb olunması istəyinin göstəricisidir. Eyni zamanda xüsusilə vurğulanmalı məqamlardan biri də hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanunun təqribən 30 il bundan əvvəl qəbul olunmasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi qanunvericilik hərəkətliliyi canlı bir prsosesdir. Digər sahələrdə olduğu kimi burada da əlavə və dəyişikliklərə ehtiyac var. Həm də onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiyaya qanunvericilik baxımından da dəstək vermək lazımdır. Yeni layihə hazırlanarkən həmçinin beynəlxalq təcrübəyə də müraciət olunmuşdur ki, bu da növbəti mütərəqqi addımdır. Bütövlükdə düşünürəm ki, “Siyasi partiyalar haqqında” yeni qanun Azərbaycanda siyasi proseslərə mahiyyət etibarı ilə təkan verəcək”.