Bu gün – aprelin 22-də Azərbaycanın Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başlayıb.
Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edir.
Bəs bu qurultayın Şuşada keçirilməsinin əhəmiyyəti nələrdən ibarətdir?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, bu qurultayın Şuşada keçirilməsi əlamətdar bir hadisə olmaqla yanaşı həm də təbiidir.
“Son 30 il ərzində bütün Azərbaycan xalqı ilə yanaşı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da torpaqlarımızın işğaldan azad olunması üçün öz töhfələrini veriblər. Diaspor təşkilatlarımız davamlı olaraq yaşadıqları ölkələrdə müxtəlif tədbirlər təşkil edib, Azərbaycan həqiqətlərini həmin ölkələrin ictimaiyyətinə və siyasi dairələrinə çatdırmaq istiqamətində geniş fəaliyyət aparıblar. Hər il Xocalı soyqırımının ildönümü və eləcə də digər rayonlarımızın işğalının ildönümü ilə bağlı tədbirlər keçiriblər, yerli hakimiyyət orqanlarına müraciətlər ediblər, hansısa ölkədə Azərbaycanın maraqları əleyhinə hər hansı bir addım atıldıqda etirazlarını bildiriblər. Onlar da bizim kimi, 30 il Qarabağın azad olunması arzusu ilə yaşayıblar. İndi torpaqlarımız azad olunduqdan sonra diaspor üzvlərimizin də Şuşaya səfər etməsi və növbəti qurultaylarını da məhz Şuşada keçirməsi onların haqqıdır və əminəm ki, onlar bununla qürur duyurlar. Bu məsələnin mənəvi tərəfidir. Digər tərəfdən, diaspor üzvləri azad olunmuş torpaqlarda işğalın nəticələrini öz gözləri ilə görəcək və yaşadıqları ölkəyə qayıtdıqdan sonra bölgədəki real vəziyyət haqqında, xüsusilə erməni vandalizmi haqqında danışmaq üçün kifayət qədər məlumat əldə etmiş olacaqlar.
Münaqişə başa çatsa da, informasiya cəbhəsində erməni təxribatları hələ də davam etməkdədir. Bu baxımdan bizim diaspor üzvlərimiz də bu istiqamətdə öz fəaliyyətlərini davam etdirəcəklər”.
Eyni zamanda Şuşa şəhəri 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub. İşğaldan azad olunan torpaqlarımızda beynəlxalq tədbirlərin keçirilməsi, yenidənqurma işlərinin sürətlə davam etdirilməsi Azərbaycana nələr qazandıracaq? – Sualına cavab verən deputat deyib ki, 2023-cü ildə Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması öz-özlüyündə böyük bir siyasi hadisədir.
“Bu bütün türk dövlətlərinin beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyini birmənalı olaraq dəstəklədiyinin göstəricisidr. 2023-cü il ərzində bu münasibətlə Şuşa şəhərində keçiriləcək tədbirlərə bütün türk ölkələrindən saysız-hesabsız qonaqlar gələcək, bu tədbirlərdə fəal iştirak edəcəklər. Bütün bunlar indidən Şuşada aparılan bərpa-yenidənqurma işlərinin daha sürətli aparılmasına rəvac verir. Beynəlxalq tədbirlərin Şuşada keçirilməsi bir tərəfdən, hər bir vətəndaş üçün Vətən müharibəsində əldə etdiyimiz qələbənin qürur və iftixarıdır. Digər tərəfdən isə bu müharibənin nəticələrinin beynəlxalq səviyyədə tanınması və qəbul edilməsidir”.
Bütün bunların fonunda Ermənistan hansı nəticələri çıxarmalıdır? – sualına cavab verən C.Feyziyev bildirib ki, onun fikrincə Ermənistan artıq nəticə çıxarıb.
“O nəticə bundan ibarətdir ki, müstəqilliyini elan etdikdən sonra keçən 30 il Ermənistan üçün itirilmiş illərdir. Keçən 30 il ərzində ərazisinin 20 %-nin işğal altında qalmasına baxmayaraq Azərbaycan yeni dövlət və cəmiyyət quruculuğu sahəsində böyük nailiyyətlər əldə etdi. Əhalinin yaşayış səviyyəsini dəfələrlə yüksəltməyə nail oldu və sonda öz torpaqlarını da işğaldan azad etdi. İşğal hesabına “böyük Ermənistan” yaratmaq xülyasına düşənlər isə hal-hazırda böyük bir xəyal qırıqlığı yaşamağa məhkumdurlar. 30 il ərzində Ermənistan heç bir sahədə hər hansı bir uğur əldə edə bilmədi. Kütləvi işsizlik səbəbindən ölkədə depopulyasiya prosesi gedir, ölkə dünya iqtisadi sistemindən təcrid vəziyyətindədir, iqtisadiyyat çöküb, əhalinin sosial vəziyyəti dünyada ən aşağı səviyyələrdən birindədir, üstəlik 2020-ci ilin Vətən müharibəsində hərbi potensialı da məhv edilib. Beləliklə, uzun müddət apardıqları işğalçılıq siyasəti çıxılmaz bir dalana dirənib. Bütün bu itkiləri bərpa etmək üçün Ermənistana ən azı bir neçə onillik lazımdır. Zənnimcə, Ermənistan siyasətçiləri artıq başa düşməlidirlər ki, özgə torpaqlarına göz dikmək və qonşu dövlətlərə qarşı düşmənçilik siyasəti yeritmək, bölgədə pozuculuq fəaliyyəti həyata keçirmək onları bir xalq və dövlət kimi məhvə aparır. Bütün bunları dərk edərək, ermənilər məskunlaşdıqları və yaşadıqları ərazilərdə yerli xalqlarla sivil qaydalar əsasında dinc- yanaşı yaşamağı öyrənməlidirlər. Bölgəmizdə onların gələcək taleyi də bundan asılıdır”.