image-img-20210517-wa0001backend

Şuşada “Xarıbülbül” festivalı mədəni tariximizdə yeni səhifə açdı

image-reklam_sirab_01

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz İkinci Vətən müharibəsində tarixi torpaqlarımızı işğaldan azad etdi. Əslində, torpaqlarımızı azad etmək uğrunda mübarizəmizi konkret olaraq müharibə yox, sülhə məcburetmə əməliyyatı idi. Əməliyyatın ən əsas məqsədlərindən biri mədəniyyət beşiyi olan Şuşaya qovuşmaq idisə, aydındır ki, bu həm də sülhə qovuşmaq istəyi idi. Bir dövlətin, xalqın varlığının mədəniyyətdən başladığını nəzərə alaraq sülhü təmin etməyin ən aşkar yolu da mədəniyyəti xilas etməkdir. Müzəffər ordumuz Şuşanı işğaldan azad etməklə mədəniyyətimizi və ümumiyyətlə, mədəniyyət anlayışını xilas etmişdir.
Ölkə başçısı İlham Əliyev tərəfindən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması Azərbaycan tarixinə, xüsusilə Qarabağla bağlı bütün həqiqətlərə işıq salır. Bütün bunların fonunda qısa zamanda Şuşada həyata keçirilən quruculuq-abadlıq işləri şəhərin mədəni imicinin özünə qaytarılmasına, orada həyatın canlanmasına səbəb olur. Şuşanın azad edilməsindən cəmi 6 ay keçməsinə baxmayaraq burada böyük əks-səda doğuran “Xarıbülbül” festivalı keçirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların tərənnümü bu festivalda özünü daha qabarıq şəkildə göstərdi.
13-14 may tarixlərini əhatə edən festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikultralizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaçayan ayrı-ayrı xalqların nümayəndələri Vətən müharibəsində olduğu kimi festivalda da öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıb.
“Xarıbülbül” musiqi festivalı mədəni olduğu qədər siyasi əhəmiyyətə də malik hadisədir. Bu yüksək iradə, əzimkarlıq və şəhidlərimizin qanı bahasına əldə olunan uğurun təntənəsidir. Prezident İlham Əliyev də festivalın açılışında bu tədbirin şəhidlərin ruhuna həsr olunduğunu bildirdi. Dövlətimizin başçısı bununla da şəhid qanının yerdə qalmadığını, Şuşamızın başı üzərində dalğalanan bayrağımızın daim ucalarda olacağını bəyan etmiş oldu.
Qayıdışımızın digər bir simvolik başlanğıcı da Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınmasıdır. İndi Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdə azan səsləri ucalır. Artıq məscidlərdə bayram namazı qılınır.
Prezident İlham Əliyev Festivalın açılışındaki çıxışı zamanı vurğulamışdır: “Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük əhəmiyyət kəsb etmişdir. Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Azərbaycanlıların etnik təmizlənməsi həmişə tarixi-dini abidələrimizə qarşı vandalizm aktları ilə müşayiət olunub. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var.”
Bu layihələr azad olunan ərazilərimizin, inzibati, tarixi və mədəni abidələrinin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir.Beləliklə işğaldan azad olunmuş torpaqlarımız hazırda mənən də dirçəlir.

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki