Millət vəkili Cavanşir Feyziyev 115 saylı seçki dairəsində yerləşən Turan qəsəbəsinin sakinləri ilə görüşüb.
Görüşdə qəsəbə sakini, Sosialist Əməyi Qəhrəmanı Baba Səmədov da iştirak edib.
Turan qəsəbə sakinləri susuzluqdan əziyyət çəkdiklərini və əhalinin əsas məşğuliyyəti olan taxıl istehsalının bu il ən aşağı səviyyədə olduğunu bildiriblər. Taxıl əkini ilə məşğul olan fermerlər biçin mövsümünü ziyanla başa vurduqlarını qeyd edərək əkin sahələrinin suvarılması üçün lazımi tədbirlərin görülməsini xahiş ediblər.
Qəsəbə sakini Əbdürrəhimov Neymət oğlu Hikmət Əbdürrəhimovun Vətən müharibəsində ağır yaralandığı, 2 ilə yaxın müalicə olunmağına baxmayaraq hələ də yeriyə bilməməsi haqqında məlumat verərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona əlilliyin təyin olunması ilə bağlı problem yaşadıqlarını bildirdib. Müharibə əlilinin valideyni oğlunun səhhəti ilə bağlı tibb müəssisələrindən verilmiş sənədləri dəfələrlə Sosial müdafiə idarəsinə təqdim etməsinə baxmayaraq yataq xəstəsinə çevrilmiş oğluna əlillik dərəcəsinin təyin olunmasından heç bir səbəb göstərilmədən imtina edildiyini bildirib.
Deputat işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verərək regionların sosial-iqtisadi inkişafı ilə bağlı digər bölgələrdə, o cümlədən Şəkidə həyata keçirilən tədbirlərdən danışıb. Millət vəkili qaldırılan məsələlərlə bağlı müvafiq icra qurumlarına müraciət edəcəyinə və problemlərin həllinə çalışacağını bildirib.