“Milli Məclisin nümayəndə heyəti qardaş Türkiyənin paytaxtı Ankara şəhərində mühüm iclasda iştirak edib. Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması (ƏMTESQ) Komissiyasının 7-ci iclası keçirilib”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, Türkdilli ölkələrdə koronavirusla bağlı vəziyyət həmin iclasda müzakirə edilib: “Bu iclasın gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Komissiya iştirakçıları bu iclasın Şuşada keçirilməsini təklif edirlər. Yəqin ki, bu iclas gələn ilin may-iyun ayına təsadüf edəcək”.