“Bu qanunun bəzi müddəalarının Konstitusiyaya zidd olduğunu deyənlər var. Biz bir il bu qanunun üzərində işləmişik. Azərbaycanda xarici şirkətlərə şərait yaratmaq istəyirik. Məqsəd Azərbaycan iqtisadiyyatını güclü iqtisadiyyata çevirməkdir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
Onun sözlərinə görə, “Ələt Azad İqtisadi Zonası haqqında” qanunun hazırlanmasında Prezident Administrasiyasının müvafiq şöbələri, nazirliklər iştirak edib.
“Prezidentin imzası, Administrasiyanın müvafiq şöbələri, nazirliklər, komitələrdən keçəndən sonra bu qanunun Konstitusiyaya uyğun olmadığını söyləmək düzgün deyil”, – deyə V. Ələsgərov bildirib.
Qeyd edək ki, parlamentin bugünkü iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Ələt Azad İqtisadi Zonası haqqında” qanunun bəzi müddəalarının Konstitusiyaya zidd olduğunu deyib.