image-photo-2021-12-23-22-42-15backend

Xalqın etimadını və rəğbətini qazanmış Prezident

image-reklam_sirab_01

Hər bir xalqın inkişaf yolunun banisinə çevrilən, onu dünya miqyasında tanıdaraq layiqli mövqeyə çıxaran fenomen liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev də belə nadir şəxsiyyətlərdən olaraq müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, həm də bu strateji kursu qloballaşma dövrünün diktə etdiyi yeni şərtlər müqabilində davam etdirməyə qadir, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirmişdir.

Birinci prezidentliyi dövründə ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalan, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirən, onu böyük iqtisadi uğurlara qovuşduran cənab İlham Əliyevin 2008-ci ilin 15 oktyabr seçkilərindəki möhtəşəm zəfəri də obyektiv reallığa əsaslanmışdır. Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş Heydər Əliyev siyasi kursunun davam etdirilməsi 2008-ci ilin 15 oktyabr prezident seçkilərində də cəmiyyətin həlledici çoxluğunun istəyi kimi ortaya çıxmışdır. Ölkə ictimaiyyəti uzun illərin sərt sınaqlarından çıxaraq etimad qazanmış bu siyasi kursun davamlılığının təmin olunması, hər bir fərdin mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi üçün növbəti dəfə prinsipial siyasi iradə nümayiş etdirmişdir. Xalqın dəyişməz seçimini labüd edən başlıca amillərdən biri də cənab İlham Əliyevin 2003-2008-ci illərdə xalq qarşısında götürdüyü öhdəliklərə vətənpərvər və qurucu lider əzmi ilə əməl etməsi, milli mənafelərə maksimum cavab verən siyasət yeritməsidir. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və hiss eləsin”, – bu fikir Azərbaycanın dövlət başçısının xalqına necə bağlı lider olduğunu əyani surətdə aşkara çıxarır. Güclü, mobil və yüksək iş qabiliyyətli komandaya malik olan Azərbaycan Prezidenti hökumət qarşısında hər bir mərhələ üçün duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkmişdir. Dövlət başçısı ötən beş ildə imzaladığı məqsədyönlü dövlət proqramları, fərman və sərəncamlarla, qəbul etdiyi çevik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, inkişaf mexanizminin işləkliyinə nail olmuşdur. Fəal və səmərəli iqtisadi siyasətin nəticəsi olaraq 2003-cü ildən büdcə xərcləri 10 dəfədən çox artmış, respublikanın strateji valyuta ehtiyatları 18 milyard dolları ötmüşdür. ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etmiş, ölkə üzrə qeyri-neft sektoru 1,8 dəfə artmışdır. 2008-ci ilin yekunlarına görə, ÜDM-də qeyri-dövlət sektorunun payı 85 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna qoyulan investisiyalar beş ildə 6,2 dəfə artmış və onun xüsusi çəkisi 2003-cü ildə 26,8 faiz təşkil edirdisə, 2008-ci ildə isə 69 faizdən çox olmuşdur. Dövlət başçısı İlham Əliyev ilk gündən sosialyönümlü iqtisadi siyasətə üstünlük vermiş, bu strategiya insan amilinin yüksəlişinə xidmət etmişdir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.

Son illərdə ölkədə uğurla həyata keçirilən siyasət Azərbaycan üçün taleyüklü bir sıra layihələrin gerçəkləşməsini, respublikamızın bütövlükdə Cənubi Qafqaz regionunda lokomotiv dövlətə çevrilməsini də təmin etmişdir. Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri 2006-cı ilin iyulunda tam istifadəyə verilmiş, vaxtilə bir çoxlarının əfsanə hesab etdiyi bu layihə reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarına daşımağa başlamışdır. BTC ilə yanaşı, Azərbaycan qazını dünya bazarlarına çatdıracaq Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verilmiş, Azərbaycanın mavi yanacağı – Türkiyə və Yunanıstan ərazisindən keçməklə – Avropaya çatdırılmışdır. Strateji əhəmiyyətli bu layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş, ölkəmizin dünya üçün önəmi daha da artmışdır. Eyni zamanda, 2007-ci ildən Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi istiqamətində mühüm razılaşmalar əldə olunmuş, heç bir ölkədən iqtisadi enerji asılılığı olmayan Azərbaycanın Cənubi Qafqaz regionundakı lider mövqeyi daha da möhkəmlənmişdir.

Ölkəmizin müstəqil iqtisadi siyasət yeritməsi, beynəlxalq maliyyə qurumlarının təsiri ilə hərəkət etməməsi, maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştirakdan çəkinməsi qlobal maliyyə böhranının təsirini zəiflədən əsas amillər sırasındadır. Azərbaycanın dünya maliyyə institutlarına öz kapitalı, fond aktivləri və qiymətli kağızları ilə fəal inteqrasiya etməməsi də ölkəni qlobal iqtisadi böhrandan hifz edir. Respublika iqtisadiyyatında müşahidə olunan dinamik artımın maliyyə iqtisadiyyatına deyil, real əmtəəyə, istehsala əsaslanması qlobal böhrana qarşı etibarlı sipər rolunu oynayır.

2008-ci il oktyabrın 24-də keçirilmiş Prezidentin andiçmə mərasimində “Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm”, – deyən dövlət başçısı İlham Əliyev ötən beş ildə olduğu kimi, son bir ildə də bu vədinə sadiq qalmışdır. Ötən ilin uğurları deməyə əsas verir ki, dövlət başçısının verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanmış, milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva etmişdir. İnanırıq ki, elmi əsaslara söykənən bu siyasətin qarşıdakı illərdə də uğurla davam etdirilməsi vətəndaşları qayğılandıran bütün problemlərin aradan qalxmasına, xalqın rifah halının daha da yüksəlməsinə imkan yaradacaqdır.

 

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Niftiyeva Günel


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki