image-photo-2021-11-29-17-01-37-2backend

Zəngəzur dəhlizi reallığa çevrilir

image-reklam_sirab_01

Tarixi proseslərin davamı olaraq 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Zəngəzurda, Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarından qovuldular.

Ümumilikdə Zəngəzurun bizdən alınaraq Ermənistana birləşdirilməsi təkcə işğalçılıq siyasəti deyildi, eyni zamanda, türk dünyasını parçalamaq məqsədi daşıyırdı. İndi isə tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən bir körpü olacaq. Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq.

26 oktyabrda təkcə Azərbaycan və Türkiyə deyil, bütün dünya daha bir tarixi günə şahidlik elədi. İki qardaş ölkənin Prezidentlərinin iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur Dəhlizinin təməli qoyuldu.

Zəngəzur dəhlizinin açılması ilk növbədə Naxçıvanla Azərbaycanın əsas hissəsini birbaşa birləşdirən nəqliyyat dəhlizi olacaq. Eyni zamanda bu dəhlizin açılması Azərbaycanla qardaş Türkiyənin quru və dəmir yolu xətti ilə birbaşa birləşməsini həyata keçirəcəkdir. Digər bir tərəfdən komunikasiyaların açılması bölgədə yeni əməkdaşlıq platformalarının yaradılmasına gətirib çıxaracaq ki, bu da regionda uzunmüddətli sülhün, əminamanlığın təmin olunmasında çox mühüm rol oynayacaq.

İqtisadi baxımdan bu dəhliz, nominal ÜDM-si 1,1 trilyon ABŞ dollarından çox olan türkdilli ölkələri birləşdirməklə yanaşı, Azərbaycanın strateji əhəmiyyətini də artıracaqdır. Bu isə türk dövlətlərin gücləndirəcək, onların beynəlxalq və regional siyasi proseslərdə iştirakını daha təsirli edəcəkdir. Eləcə də bölgə ölkələri arasında inteqrasiya proseslərini gücləndirəcəkdir.

Zəngəzur dəhlizinin bütövlükdə qapalı olması uzun illər ərzində regionun inkişafı üçün çox ciddi maneələr törətmiş, bunun nəticəsində Azərbaycan və müttəfiqlərimiz daha uzun yoldan istifadə etməyə məcbur edilmişdir. Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq.

Bu gün bütövlükdə Azərbaycan Şərqlə-Qərb arasında çox ciddi şəkildə nəqliyyat əlaqələrinin kəsişdiyi mühüm regiona çevrilib. Hansı ki, Azərbaycan bu əlaqələrə sahib olmaq üçün həm iqtisadi, həm də siyasi güc və nüfuza sahibdir.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Asiya-Sakit okean regionu ölkələrini Zəngəzur dəhlizinin yaradılması imkanlarına diqqətlə yanaşmağa dəvət edib. İlham Əliyev bu barədə BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasındakı çıxışında konkret fikir bildirib. Azərbaycan Prezidenti vurğulayıb: “Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”

Zəngəzur dəhlizinin gələcəkdə fəaliyyətə başlaması bütün regional ölkələr üçün xüsusi əhəmiyyət kəsb edəcək. Bu dəhlizin bərpası imkan verəcək ki, Çindən, Hindistandan, Orta Asiyadan Türkiyə və Avropaya məhsullar daşınsın. Bu isə tarixi İpək yolunun bərpası deməkdir.

Mövqe aydındır – Azərbaycanın dövlət başçısı Zəngəzur dəhlizini əməkdaşlıq, təhlükəsizlik, tarixi ədalətin bərpası, qlobal əlaqələrin davamlı olması istiqamətində atılmalı olan vacib addım kimi təqdim edir. Bunun da son dərəcə tutarlı əsasları vardır. Məsələ ondan ibarətdir ki, Zəngəzur dəhlizi hər şeydən əvvəl regional əməkdaşlıq qarşısında illərdir dayanan maneələrin aradan qaldırılmasına xidmət etməlidir. Burada məsələnin bir tərəfi Qarabağın Azərbaycana reinteqrasiyası ilə bağlıdırsa, digər aspekti kommunikasiyaların açılmasını əhatə edir. Hər iki məsələ isə regional əməkdaşlığa və sabitliyə imkan yaradacaq uyğun sazişin imzalanması ilə əlaqəlidir. Konkret olaraq Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasını, ərazi bütövlüyünün tanınmasını və regional əməkdaşlığı nəzərdə tutan uyğun sənədləri imzalamalıdır. Belə çıxır ki, Zəngəzur dəhlizi son nəticədə bütövlükdə regional əməkdaşlığın parlaq nümunəsi olmalıdır. O ciddi, ədalətli, hüquqi cəhətdən normal qaydalara əsaslanmalıdır. Ekspertlər bu səbəbdən Zəngəzur dəhlizini yalnız geosiyasi deyil, həm də siyasi, hüquqi, iqtisadi, nəqliyyat-logistika və digər faktorlarla əlaqədə analiz edirlər.

Zəngəzur dəhlizinin işə düşməsi, faktiki olaraq, dünya miqyasında mühüm tarixi hadisə kimi qəbul edilir. Onun müxtəlif aspektləri vardır. Lakin həmin aspektlər kompleks şəkildə Azərbaycanda müstəqil dövlət quruculuğu kursunun uğurlarını ifadə edir. Əhəmiyyətlidir ki, bu məqam bütövlükdə region və beynəlxalq aləm üçün pozitiv bir məqamı əks etdirir. Yəni, Azərbaycan müasir tarixi mərhələdə xalqların rifahının yaxşılaşmasına, dövlətlərin suverenliyinin möhkəmlənməsinə xidmət edən proqramlar həyata keçirir. Bu isə o deməkdir ki, Azərbaycan artıq dünya miqyasında müstəqil mövqeyi olan və sözünə qiymət verilən nüfuzlu dövlətdir!

 

Bakı Dövlət Universiteti, Hüquq fakültəsinin Magistrantı 

                                                                                                                                         Əlizadə Firavan

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki