1971-ci ildə yaradılan Dünya İqtisadi Forumu iqtisadi xarakter daşımasına baxmayaraq, dünya siyasətinə, beynəlxalq münasibətlərə də ciddi təsir göstərə bilir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.
Azərbaycan Davos İqtisadi Forumunda ötən əsrin 90-cı illərinin ortalarından iştirak etməyə başlayıb. İlk dəfə olaraq Prezident Heydər Əliyev 1995-ci il yanvarın 27-31-də bu forumda iştirak edib. Bu tədbirdə Ulu Öndər respublikamız haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Bu il də Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrə Konfederasiyasına səfərə gəlib. Səfər çərçivəsində dövlətimizin başçısı qarşı tərəflərin müraciətləri əsasında bir sıra ölkələrin, həmçinin tanınmış şikətlərin rəhbərləri ilə görüşüb, qarşılıqlı əlaqələr müzakirə edilib. Yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Bu müsahibə fevralın 11-də kanalın efirində nümayiş edilib. Fevralın 11-də efirə gedən müsahibədə Azərbaycanla ABŞ arasında mövcud əlaqələrə də toxunulub. Qeyd edilib ki, Azərbaycan-ABŞ əlaqələrinin çox uğurla inkişaf etdiyi Donald Trampın ABŞ-a rəhbərlik etdiyi vaxtlan fərqli olaraq son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimiz tamamilə korlanmışdı. Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmizin çox müsbət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.
Ölkə başçısının müsahibəsində Avropa liderləri arasında Prezident Trampla bağlı ciddi qeyri-müəyyənlik, ciddi narahatlıq olduğunu qeyd edib. Səbəbi isə çox sadədir. Son 4 il ərzində, yəni cənab Trampın prezident olmadığı dövrdə hamı onların bəzilərinin Donald Trampa qarşı necə münasibət göstərdiyi məlum idi. indi artıq ABŞ tərəfindən ilk cavab tədbirləri görülür, Kanada və onun Baş nazirinə qarşı təhdidlər göz qabağındadır.
“Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb”, – deyən dövlətimizin başçısı bunun onun fikri olduğunu, ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmədiyini vurğulayıb.
Prezident İlham Əliyev öz müsahibəsində həm də qeyd edib ki, “Prezident Trampla rəsmi görüşüm olmayıb, sadəcə, bir-birimizin əlini sıxmışıq. Bununla belə, bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq. Ona görə də biz həmin telefon danışığı barədə xəbər aldıqda bundan məmnun olduq. Ümidvarıq ki, bu sıx tərəfdaşlıq prosesi davam edəcək”.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor